Bu Zirvə görüşü ilə bağlı fikirlərimi yazarkən, şəxsi təəssüratlarımı da bölüşmək istərdim

Təbriz Əşrəfli
YAP Suraxanı rayon təşkilatının üzvü
Xankəndidə keçirilən Zirvə görüşündə Türkiyə, Pakistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, İran, Tacikistan və digər ölkələrin nümayəndələri iştirak etdilər.
Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoyaraq, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdi. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi regionda yeni siyasi reallıqlar yaratdı.
İşğaldan azad edilmiş torpaqlarda hazırda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.
2025-ci il iyulun 4-də Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən hadisə baş verdi Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirildi. Bu mühüm tədbir ilk dəfə olaraq işğaldan azad edilmiş torpaqlarda beynəlxalq səviyyəli liderlərin iştirakı ilə baş tutdu. Prezident İlham Əliyev bu görüşdə çıxış edərək Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, eləcə də regional əməkdaşlıq imkanları haqqında ətraflı məlumat verdi.Bu çıxış, həm də dünyanın və xüsusilə İƏT-ə üzv olan dövlətlərin diqqətini Azərbaycanın post-münaqişə dövründə apardığı uğurlu siyasətə və bölgənin yeni inkişaf mərhələsinə yönəltdi.
Xankəndidə keçirilən Zirvə görüşündə Türkiyə, Pakistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, İran, Tacikistan və digər ölkələrin nümayəndələri iştirak etdilər. Bu görüş Azərbaycanın suverenliyinin tanınmasının və qəbul edilməsinin sübutudur. Prezident İlham Əliyev Qarabağda sıfırdan qurulan şəhərlərin İƏT ölkələri üçün yeni əməkdaşlıq imkanları yaratdığını vurğuladı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan nümayəndələrinin çıxışlarında Azərbaycanın ərazi bütövlüyünə verdikləri dəstək xüsusi qeyd edildi.
Bu görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionun gələcəyi üçün 3 əsas prioriteti vurğuladı: sülhün möhkəmləndirilməsi, regional iqtisadi inteqrasiya və dayanıqlı inkişaf. Zəngəzur dəhlizi kimi layihələr regionun tranzit potensialını artıracaq. Yaşıl enerji və ağıllı şəhər konsepsiyası əsas prinsiplər kimi təqdim olunur.
Bu Zirvə görüşü ilə bağlı fikirlərimi yazarkən, şəxsi təəssüratlarımı da bölüşmək istərdim. Təxminən 3 gün öncə Qarabağa işğaldan azad olunmuş torpaqlara səfər etdim və 4 gün orada oldum. Mən özüm əslən Laçın rayonunun Qorçu kəndindənəm.
Bu səfər mənim üçün sadəcə bir ziyarət deyildi həm də ruhuma, kimliyimə və tarixi yaddaşıma edilən bir səyahət idi. Bu torpaqlarda addımladıqca dağların sükutu içində zamanın dayanmış kimi göründüyü anlar yaşadım. Uçulmuş evlərin yerində ucalan yeni binalar gələcəyin ümidini göstərirdi.
Hər daş, hər yol, hər bina bir xalqın yenidən doğulmasının sübutudur. Düşmənin dağıtdığı hər şeyi bu gün biz qururuq - əllərimizlə, ruhumuzla, sevgimizlə. Qarabağa baxarkən yalnız torpaq görmədim - orada xalqımın ləyaqətini, dövlətimin gücünü, gəncliyin inadını gördüm. Mən Qarabağda gələcəyimizi gördüm və əmin oldum: bu torpaqlar bir daha susmayacaq.
Görülən bərpa və quruculuq işlərinin miqyası və sürəti məni sözün əsl mənasında heyrətə gətirdi. Laçında, Şuşada, Xankəndidə və digər bölgələrdə aparılan yenidənqurma işləri göstərir ki, bu torpaqlar dirçəlir, yaşayır və inkişaf edir. Bir Qarabağlı gənc kimi bu mənzərə məndə sonsuz qürur hissi yaratdı. Bu gün azərbaycanlı gənclər doğma torpaqlarına qayıdır, orada yaşayır, işləyir və gələcəyi qururlar. Bütün bunlar Prezident İlham Əliyevin siyasi iradəsinin və dövlətimizin gücünün nəticəsidir.