Hər il sentyabrın 27-də saat 12:00-da ölkə miqyasında bir dəqiqəlik sükut
Aysun Əliyeva
Azərbaycan Dillər Universitetinin tələbəsi
YAP Suraxanı rayon təşkilatının gənc fəal üzvü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd edilir. Bu tarix, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad olunmuş torpaqlarımızda dalğalandırmış və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş hərbi qulluqçularımızın xatirəsinə uca ehtiramın rəmzidir. Anım Gününün təsis edilməsi şəhidlərimizin misilsiz rəşadətinin dövlət səviyyəsində əbədiləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.
Hər il sentyabrın 27-də saat 12:00-da ölkə miqyasında elan olunan bir dəqiqəlik sükut milyonlarla insanın şəhidlərimizin xatirəsi qarşısında baş əyməsinin göstəricisidir. Bu xüsusi gün, eyni zamanda şəhid ailələrinin, qazilərimizin və müharibə iştirakçılarının cəmiyyətin diqqət mərkəzində saxlanılmasına xidmət edir.
Şəhid ailələrinin yaşadığı itki heç bir maddi dəyərlə ölçülə bilməz. Lakin onların sosial müdafiəsini təmin etmək, gündəlik qayğılarını həll etmək və övladlarının gələcəyinə dayaq olmaq dövlətin və cəmiyyətin ən ümdə vəzifəsidir.
Azərbaycan dövlətinin şəhid ailələrinə göstərdiyi yüksək diqqət rəngarəng sosial müdafiə tədbirləri, müavinətlər, mənzil təminatı və digər dəstək mexanizmləri ilə təzahür edir. Bu addımların əsas qayəsi həmin ailələrin sosial rifahını yaxşılaşdırmaq, ehtiyaclarını dolğun şəkildə qarşılamaq və onların cəmiyyətdə fəal mövqe tutmalarına rəvac verməkdir. Şəhid ailələrinə münasibət yalnız rəsmi tədbirlərlə məhdudlaşmamalı, onların problemlərini dinləmək və müraciətlərinə həssaslıqla yanaşmaq hər birimizin gündəlik mənəvi borcuna çevrilməlidir.
Vətən müharibəsində yaralanmış hərbçilərimizin sağlamlığının bərpası dövlətin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Müharibədə sağlamlığını itirmiş qazilərimizin müalicəsi, reabilitasiyası, müasir protezlərlə təminatı və cəmiyyətə adaptasiyası istiqamətində ardıcıl proqramlar icra olunur. Bu müddət təkcə tibbi yardımla bitmir.
Qazilərin psixoloji dəstək alması, sosial mühitə uyğunlaşması, təhsil və məşğulluq imkanlarının genişləndirilməsi də mühüm önəm daşıyır. Onların peşə bacarıqlarının inkişafı və əmək bazarında fəal iştirakı müstəqil, layiqli ömür sürmələrinə zəmin yaradır.
Dövlət başçısı İlham Əliyevin yaralı hərbçilərimizin normal həyata qayıtması ilə bağlı nümayiş etdirdiyi qətiyyətli mövqe bu həssas məsələyə verilən ali dəyərin ən bariz nümunəsidir.