Gənc kadrların irəli çəkilməsi siyasəti öz müsbət nəticələrini verir

Gənc kadrların irəli çəkilməsi siyasəti öz müsbət nəticələrini verir

Leyla Nəsibova 

YAP Suraxanı rayon təşkilatının könüllü gənci

Suraxanı rayon 327 nömrəli tam orta məktəbin müəllimi

Gənclər siyasətində qarşıya qoyulan vəzifələrdən biri də yeni nəslin nümayəndələrinə etimad göstərilməsi, onların məsul vəzifələrə, idarəetmə işinə irəli çəkilməsi, qabiliyyət və bacarıqlarını nümayiş etdirmək üçün şərait yaradılmasıdır. Gənc kadrların irəli çəkilməsi siyasəti öz müsbət nəticələrini verir.

1993-cü ildə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə cəmiyyətin müxtəlif təbəqələrini nəzərdə tutan və fərqli sahələri ehtiva edən islahatlar kimi, eynilə gənc nəslə diqqət də dövlət siyasətinin prioritet sahələrindən birinə çevrildi. Qarşıda duran əsas məsələ görüləcək işlərlə bağlı vahid dövlət siyasətinin reallaşdırılmasının təmin edilməsi idi ki, bu baxımdan da Ulu öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Məhz bu addım ayrı-ayrı dövlət qurumlarının gənclərlə iş sahəsindəki fəaliyyətini koordinasiya etmək, çərçivə və istiqamət yaratmaq baxımından mühüm əhəmiyyət kəsb edən bir addım oldu.

Hər bir dövlətin gənc nəslə verdiyi dəyər gənclərin inkişafında mühüm, həm də tarixi mərhələni təmsil edir ki, məhz bu amil də hökumətin bütün gənc qadın və kişilərin tam inkişafına sadiqliyinin ifadəsidir. Bu baxımdan da Ulu öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Bu siyasət vasitəsilə ölkəmizdə gənclərin inkişafı ilə bağlı bütün maraqlı tərəflərin ümumi məqsədlərə və hamı üçün daha firavan, inkişaf edən Azərbaycan uğrunda çalışa biləcəyi bir mühit yaradıldı. Bir sözlə, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin tarixi inkişafında müstəsna əhəmiyyətə malikdir.

Gənclərin əsas ehtiyaclarını, problemlərini həll etmək, imkanlarını düzgün dəyərləndirmək, mövcud durumu və dəyişiklikləri, spesifik sektoral problemlərini nəzərə almaqla həll etmək, növbəti nəsillərin problemlərlə deyil, "Azərbaycanın inkişafı naminə daha hansı uğura imza ata bilərəm" sualı ilə üz-üzə qoyub buna cavab axtarması istiqamətində əməli addımların atılması Ümummilli liderimizin adı ilə bağlıdır. Ulu Öndərin siyasətini layiqincə icra edən Prezident İlham Əliyevin də illər ərzində əsas fəaliyyət istiqamətlərindən biri olub. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gənclərə xitab edərək deyir: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram". Məhz bu səbəbdən dövlətimizin başçısı tərəfindən gənclərin rifahına xidmət edən 2005-2009-cu illər ərzində "Azərbaycan gəncliyi Dövlət Proqramı", 2006-2010-cu illər ərzində "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı", "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası", "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı kimi mühüm proqramlar təsdiq edilib.

Son illərdə Prezident İlham Əliyevin bir fikri Azərbaycanda həyata keçirilən gənclər siyasətinin forma və mahiyyəti haqqında dolğun təsəvvür yaratdı. Belə ki, 2020-ci ildə Davos Dünya İqtisadi Forumu çərçivəsində "Strateji baxış: Avrasiya" mövzusunda keçirilən panel iclasında çıxış edərkən dövlətimizin başçısı bildirdi ki, Azərbaycanda gənclər küçələrə çıxsa və daha çox eşidilməyi tələb etsələr, onları dinləyər. Lakin fakt ondan ibarətdir ki, Azərbaycan gəncləri küçələrdə deyil, gənclər universitetlərdə, məktəblərdədir, gənclər startap biznesindədir, gənclər hökumət məsələlərinə fəal cəlb olunublar. Prezident İlham Əliyevin gənclər siyasəti onların milli inkişafa fəal cəlb edilməsinin vacibliyini bəyan etmək, inkişaf üçün ümumi məqsədləri olan çərçivənin təmin edilməsi ilə yanaşı, dövlət və gənclər arasında koordinasiya ruhunun təşviq edilməsindən ibarətdir.

Prezident İlham Əliyevin gənclər siyasəti sahəsinə göstərdiyi diqqət və qayğı dövlət başçımızın gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür. Xüsusilə dövlətimizin başçısının 2007-ci ilin "Gənclər İli" elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da artmasına səbəb olub".

Gənclər siyasəti bütün ölkədə gənclərin inkişafı üçün çərçivədir. O, bütün gənc qadınlara və kişilərə həm fərdlər, həm də cəmiyyətin fəal iştirakçıları kimi öz potensiallarını reallaşdırmaq üçün mənalı imkanların verilməsini təmin etməyə yönəlib. Gənclər siyasəti gənc kişi və qadınlar üçün vacib olan əsas narahatlıqları və problemləri həll edir, dövlət tərəfindən təqdim olunan gənclər proqramlarına və xidmətlərinə istiqamət verir. Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan gəncləri dövlət quruculuğu, daha demokratik, məhsuldar və ədalətli cəmiyyət uğrunda əməli işlərə imza atırlar.

Azərbaycan gəncləri təkcə dövlət dəstəyini alaraq öz inkişafının qəhrəmanları olmaqla kifayətlənmirlər, bugünkü gənclik özünün sosial-iqtisadi inkişafda iştirakının əsasını və mexanizmini təmin edərək cəmiyyətə faydalı olurlar. Dövlətin gənclər siyasəti və gənclərin fəaliyyəti elə bir qarşılıqlı asılılıq prinsipi üzərində müəyyənləşdirilib ki, bu da gənclərin inkişafına üstünlük verməyə və müvafiq siyasət həyata keçirmə mexanizmlərinin yaradılması və kifayət qədər resursların ayrılması vasitəsilə gənclərin inkişafına öz öhdəliyini nümayiş etdirməyə imkan verir.

Ümummilli liderimiz Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin gənclər siyasətinin mərkəzində bir əsas xətt dayanır ki, bu da Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsidir. Çünki tarix boyu üzləşdiyimiz reallıqlar və Vətən müharibəsindən sonra Azərbaycanın diktə etdiyi reallıq bir daha göstərdi ki, gənc Azərbaycan oğullarının Şuşa qayalarında, bütün Qarabağ torpağında yazdıqları qəhrəmanlıq salnaməsinin kökündə məhz azərbaycançılıq ideologiyası, Vətənə, yurda sədaqət, torpağa bağlılıq amilləri dayanır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı demişdir: "Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər".

Azərbaycan gəncləri olaraq bizə işıqlı Azərbaycan qoyub getmiş Ulu öndərimiz Heydər Əliyevin və şəhidlərimizin ruhunu, Prezident İlham Əliyevin inamını və etimadını Vətənə, millətə, dövlətimizə sədaqətlə xidmət etməyə nə qədər borcluyuqsa, bu işdən bir o qədər də şərəf duyuruq: "Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapıb. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə daxil olub. Ulu öndərin gənclər siyasətini bu gün layiqincə davam etdirən Prezident İlham Əliyev gənclərə xüsusi diqqət və qayğı göstərir.

 Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu dəstəkləyir, bu siyasətin icrasında daim onun yanındadırlar. Azərbaycan gəncləri fəaliyyətlərində dövlətin qayğısını hər zaman hiss ediblər. Onlar öz nailiyyətləri ilə onlara göstərilən etimadı hər zaman layiqincə doğrultmağa çalışıblar. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər. Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, Vətən və dövlət qarşısında məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın sürətlə inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfələrini verməyə çalışırlar.

İkinci vətən müharibəsi zamanı ön cəbhədə döyüşən Vətən qəhrəmanlarının əksəriyyəti gənclər idi. Bu onu göstərir ki, gənclərimiz öz xalqına, öz vətəninə daim bağlıdır. Gənclərimiz heç nədən qorxmadan ağır döyüşlərdə iştirak etdilər və bu sınaqdan üzüağ çıxaraq cənab prezidentin "Dəmir yumruq"un ətrafında sıx birləşdilər. Bu gün gənclərimiz təhsil sahəsində də bir çox yeni uğurlara imza atırlar. Bu məsələ hər birimizi qürurlandırır. Hər bir gəncin inkişafı onun təhsili ilə bilavasitə bağlıdır. Təhsilli hər bir gənc özünə daim inamlı və bacarıqlı olur.

Heç şübhəsiz ki, hər bir ölkənin gələcəyi onun gənclərinin inkişafından çox asılıdır. Bütün dövrlərdə gəncliyin mənəvi və fiziki sağlamlığı cəmiyyət üçün önəmli olub. Əgər bir ölkədə gəncliyə yüksək diqqət və qayğı varsa deməli o cəmiyyətdə gənclər proqressiv, intellektual, mənəvi və fiziki baxımından sağlam olacaqlar. Gənclik böyük güc, böyük arzular, böyük ümidlər və sağlam düşüncə deməkdir. Hər bir gənc dövlətin diqqət və qayğısını yüksək qiymətləndirməli, onlar üçün yaradılan fürsət və imkanların dəyərini bilməli, ailəsi, vətəni və cəmiyyət üçün faydalı olmağa çalışmalıdır.