Ruslan Fərzəliyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı RİH başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Azərbaycan Pespublikasının Prezidenti möhtərəm İlham Əliyev iyulun 25-də Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən bir daha regional inkişaf proqramlarının uğurlu nəticələrindən bəhs edərək tapşırıqlarını verdi, məmurlara növbəti xəbərdarlığını etdi.
Görüşdə cənab Prezident qeyd edib ki, bu, dövlət siyasətidir və dövlətin gücüdür, vətəndaşlarımızın həmrəyliyidir. Amma onu da heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. “Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Yenə də deyirəm, dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətləri etməlidir”.
Şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlər keçirdiyini qeyd edən cənab Prezidenti bildirib: “Onların məişət problemləri dövlət xətti ilə həll olunur, 12 min 500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, fərdi evlər verilmişdir, minlərlə minik maşınları verilmişdir. Bu proses davam etdirilir. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayonlarda da dövlət xətti ilə bu iş görüləcək. Yəni, dövlət öz üzərinə düşən vəzifəni icra edir. O cümlədən şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Əsas odur ki, yerlərdə də bu kateqoriyadan olan insanlara diqqət göstərilsin. Rayon icra orqanlarının nümayəndələri onlara biganə qalmasınlar, əksinə, daim onların yaşayışı ilə maraqlansınlar, onların məşğulluğu ilə maraqlansınlar”.
Dövlət başçısı neqativ hallara qarşı da sərt mövqe bildirib: "Hakimiyyət təmizlənir və insanlar da bunu görürlər. Ona görə siz dövlət məmurları kimi bu hallara çox ciddi fikir verməlisiniz. Bunu mən sizə deyirəm və bütün dövlət orqanlarının nümayəndələrinə deyirəm, eyni zamanda, qanunsuz işlərlə məşğul olmaq istəyən insanlara deyirəm: Əl çəkin bundan! Cəzalandırılacaqsınız və cəzalandırılırlar."
Dövlətimizin başçısı eyni zamanda, işsizliklə bağlı mübarizədə də ciddi addımların atıldığını, ödənişli sosial işlərin yaradılmasının da geniş vüsət aldığını vurğulayıb. Hər rayon üzrə kvotanın olduğunu vurğulayan Prezident İlham Əliyev bəzi rayonlarda bu işlərə cəlb ediləcək insanların işlərə cəlb olunmadığını, əksinə, onlara çatacaq vəsaitin rayon icra başçıları və digər məsul şəxslər tərəfindən mənimsənildiyini qeyd edərək deyib: “Bilirsiniz ki, bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir, bəzilərinin hökmü verilmişdir, bəzilərinin işləri məhkəmədədir. Bu, onu göstərir ki, heç kim qanundan üstün ola bilməz. Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar.
Dövlət başçısı İlham Əliyev regionların malik olduğu potensialdan səmərəli istifadəni qarşıya əsas vəzifə kimi qoydu. Ölkə Prezidenti “Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı proqramlarının qəbul edilməsi mənim 2003-cü ildə Prezident seçkiləri ərəfəsində verdiyim vədlərimdən biri idi” fikirləri ilə son 18 ildən artıq dövrdə görülən işlərin aydın mənzərəsini yaradır. 2004-cü ildə birinci Dövlət Proqramının qəbulu ilə davam etdirilən inkişafın Azərbaycan modelinin ölkəmizə qazandırdığı uğurlar bugünkü reallıqlarımızdır”. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Həmçinin bu tezisi irəli sürdü ki, neft kapitalı insan kapitalına çevrilməlidir. Son 18 ildən artıq dövrdə Azərbaycanın bu hədəflərə nail olmaq istiqamətində atdığı addımlara və əldə edilən uğurlu nəticələrə diqqət yetirmək kifayətdir. Azərbaycan bu gün qeyri-neft sektorunun inkişafı ilə dünyanın diqqətindədir.
Bütün görülən işlər dövlətin həyata keçirdiyi siyasətin təqdimatıdır. “Güclü dövlət, yüksək rifah” prinsipi daim həyata keçirilən siyasətin əsasında dayanır. Ölkə Prezidenti məmurlara növbəti xəbərdarlığını etdi: “İmkan verə bilmərik ki, bizim uğurlu inkişafımıza kimsə kölgə salsın, kimsə hansısa yerdə özü üçün rüşvətxorluq yuvası qursun və dövlətimizin əsaslarını sarsıtsın.
Hər zaman vətəndaşının yanında olan Prezident İlham Əliyev vətəndaş məmnunluğunun artırılmasını hər bir məmurun qarşısında əsas tələb kimi qoyur. Dövlət başçısı sözügedən görüşdə yeni təyin olunmuş İcra Hakimiyyəti başçılarına bir daha bildirdi ki, siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalı, kənd camaatının qayğıları ilə yaşamalı, onları narahat edən problemləri onların dilindən eşitməli və imkan daxilində bu problemləri həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət edilməlidir ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq. Dövlət başçısı İlham Əliyevin bölgələrə hər səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Cənab İlham Əliyevin həmin səfərlərindən sonra rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Planı təsdiqlənir, Prezidentin Ehtiyat Fondundan böyük məbləğdə vəsaitlər ayrılır. Əhalinin məşguluğunun təmin edilməsi, sosial müdafiəsinin gücləndirilməsi əsas hədəflərdəndir.