Görüşün Şuşada keçirilməsinin əlbəttə ki, hamımız üçün xüsusi mənası var
Müstəqil Azərbaycan Respublikası son illərdə öz tarixinin ən uğurlu dönəmini yaşamaqdadır. Bu uğurun təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməkdədir. 2020-ci ildə 44 günlük vətən müharibəsi nəticəsində Qarabağda 30 illik erməni işğalına son qoyan Azərbaycan yeni bir tarixi mərhələyə qədəm qoydu. Bu yeni tarixi mərhələ Azərbaycanın geosiyasi mövqeyinin nəinki regional, həmçinin qlobal müstəvidə güclənməsi ilə xarakterizə olunur.
Bir ildən artıqdır ki, davam etməkdə olan Rusiya-Ukrayna müharibəsi də heç şübhəsiz ki, bu prosesə öz müsbət təsirini göstərməkdədir. Çünki bu müharibə Azərbaycanın bir tranzit ölkə kimi əhəmiyyətini xüsusilə artırmışdır. Ayrıca 2 il öncə Türkiyə ilə müttəfiqlik haqqında Şuşa bəyannaməsinin imzalanması da Azərbaycanın hərbi-siyasi mövqeyini xüsusilə möhkəmləndirmişdir. Bütün bunları nəzərə alaraq söyləmək olar ki, bugün ister regional, istərsə də qlobal miqyasda baş verən hadisələrə Azərbaycanın münasibəti bir çox dünya ölkələri və siyasi təşkilatlarının diqqət mərkəzindədir.
Bu baxımdan cari ilin 3 may tarixində Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans xüsusilə diqqətəlayiqdir. Konfrans ADA universitetinin təşkilatçılığı ilə baş tutdu. Konfransda dünyanın bir çox nüfuzlu universitetlərinin professorları və digər aidiyyəti təşkilatlardan qonaqlar iştirak edirdi. Konfransın Qarabağda, Şuşa şəhərində keçirilməsi də təsadüfi deyildir. Bu baxımdan Prezident ilham əliyevin açılış nitqində söylədiyi fikirlər əhəmiyyət kəsb edir: - “Görüşün Şuşada keçirilməsinin əlbəttə ki, hamımız üçün xüsusi mənası var. Yeri gəlmişkən, keçən ili mən “Şuşa İli” elan etmişdim, çünki bu şəhərin Qarabağ xanı Pənahəli xan tərəfindən yaradılmasının 270-ci il dönümü idi. Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur.
Yalnız işğal dövründə iyirmi səkkiz ildən artıq müddət ərzində Şuşa əcnəbi hökmranlıq altında idi. Amma mən bilirəm, siz bizim görüşdən sonra şəhərə ekskursiya edəcəksiniz və özünüz görəcəksiniz ki, işğal dövründə Şuşa demək olar, tamamilə dağıdılmışdır. Bu, bir daha onu göstərir ki, Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmamışdır. Əgər bu belə olsaydı, onlar onu saxlayardılar, şəhəri dağıtmazdılar, onu inkişaf etdirərdilər. Sizin gördükləriniz və ya görəcəklərinizin əksəriyyəti, binalar ya son iki il yarım ərzində bərpa olunub, ya da sıfırdan tikilib. Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və biz onun arzusunu gerçəkləşdirdik. Biz bununla fəxr edirik, biz buna sevinirik”.
Konfrans zamanı Prezident İlham Əliyev qonaqların iqtisadi siyasi sahələrdə bir çox suallarını cavablandırdı. Bunlara Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün aparılan danışıqlar, Rusiya-Ukrayna müharibəsi fonunda regionda yaranmış vəziyyət, Azərbaycanın Mərkəzi Asiya ölkələri və Çin ilə iqtisadi əlaqələrinin gələcək prespektivləri və s ilə bağlı sualları misal göstərmək olar.
Prezident İlham Əliyev bütün bu məsələlərlə bağlı sualları cavablandıraraq Azərbaycanın konstruktiv mövqeyini açıqladı. Son olaraq onu da qeyd etmək lazımdır ki, konfrans iştirakçıları həm belə bir mötəbər tədbirin keçirilməsindən, həm də bu tədbirin keçirilməsi üçün seçilmiş məkandan son dərəcə razı qaldılar. Eyni zamanda bu mötəbər tədbir vəsiləsiylə xarici qonaqlar işğaldan sonra Qarabağda görülən böyük abadlıq-quruculuq işləri ilə də tanış oldular.