Gələcək nəsillərin dayanıqlı su təminatı və ekoloji tarazlığın qorunması...
Sevinc Hacızadə
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 79 nömrəli tam orta məktəbin direktoru
Yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunan müşavirə keçirilib. Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış sularının idarə edilməsi sisteminin təkmilləşdirilməsinə həsr olunan bu müşavirədə mövcud su problemləri və onların aradan qaldırılması istiqamətində görüləcək tədbirlər, iqlim dəyişikliyinin yaratdığı risklər kimi məsələlərə toxunulub.
Müşavirədə ölkəmizdə son iyirimi il ərzində hər biri beş ili əhatə edən bir neçə regional inkişaf proqramının uğurla icra edildiyini vurğulayan prezident İlham Əliyev, bunun nəticəsində əsas infrastruktur məsələlərinin həll edildiyini diqqətə çatdırıb. Su mənbələrinin hər birinin ölkə üçün çox önəmli olduğunu qeyd edən dövlətimizin başçısı vaxtilə torpaqlarımız işğal altında olanda Ermənistan dövlətinin bizə qarşı su terroru da həyata keçirdiyini, “Sərsəng” və “Suqovuşan” su anbarlarının sularının bağlanması və sudan bir silah kimi istifadə edilməsinin bizə böyük problemlər yaratdığını xatırladaraq bu gün “Suqovuşan” və “Sərsəng” su anbarlarının, eyni zamanda Füzuli rayonunda “Köndələnçay”, Ağdam rayonunda “Xaçınçay”, Laçın rayonunda “Zabuxçay” su anbarının yenidən qurulduğunu, azad edilmiş ərazilərdə daha iki böyük su anbarının –“Həkəriçay” və “Bərgüşadçay” su anbarlarının tikintisinin nəzərdə tutulduğunu bildirib.
Bəli, su mənbələri hər bir ölkə üçün çox önəmlidir. Bu gün dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlıq hökm sürür. Bir çox ölkələr artıq bundan ciddi zərər görür. Qlobal iqlim dəyişikliyinin yaratdığı su qıtlığı risklərinə qarşı dövlət başçısının tapşırığı ilə hazırlanan sistemli tədbirlər planı su ehtiyatlarından qənaətlə istifadə və itkilərin qarşısının alınması üçün müasir texnologiyaların tətbiqini sürətləndirib. Gələcək nəsillərin dayanıqlı su təminatı və ekoloji tarazlığın qorunması istiqamətində atılan addımlar ölkə rəhbərliyinin bu sahədəki uzunmüddətli və uzaqgörən siyasətinin bariz nümunəsidir.
Məqsəd əhalini, sənayeni və kənd təsərrüfatını dayanıqlı su ilə təmin etmək, su mənbələrini qorumaq və potensialı artırmaqdır. Dövlətimizin başçısının göstərişi ilə hazırlanan “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı”nın əsas məqsədi də Bakı və Abşeron yarımadasını dayanıqlı içməli su ilə təmin etməkdir.
Proqram 2035-ci ilə qədər icra olunmalıdır. Təsadüfi deyil ki, proqramın icrası nəticəsində 30-a yaxın yeni su anbarları tikiləcək, fasiləsiz içməli su ilə təmin olunan əhalinin sayı 95 faizə çatacaq. Bakı, Sumqayıt, Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatı böyük dərəcədə yaxşılaşacaq. Eyni zamanda, 200 kilometrdən çox magistral kanallar və paylayıcı şəbəkə tikiləcək.
Dövlət Proqramının ən vacib istiqamətlərindən biri də yağış sularının idarəolunmasıdır. Proqramın icrası nəticəsində bu, 95 faizə çatdırılmalıdır. Yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də qurulacaq və bunun çox böyük faydası olacaq.
Xəzər dənizinin çirklənməsinin əsas amillərindən biri də dənizə buraxılan çirkli sulardır. Burada da lazımi əlavə tədbirlər görüləcək. Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq üçün ilk dəfə olaraq ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək. Bu gün Bakıya beş mənbədən su daxil olur. Altıncı mənbə duzsuzlaşdırma zavodu olacaq.
Bir sözlə, “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nın perspektivi çox böyükdür. Bu proqramın uğurlu icrası Bakı və Abşeron yarımadasını müasir iqlim çağırışlarına cavab verən, dayanıqlı bir məkana çevirməyə imkan yaradacaq.