Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir
Yavər Nuruyev
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı Rayon Sukanal idarəsinin məsul əməkdaşı
2020-ci il 27 sentyabr tarixində başlamış Azərbaycan Respublikasının Füzuli rayonu və Füzuli şəhəri uğrunda Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən döyüşlər, İkinci Qarabağ müharibəsində olan döyüşlərdən biri idi. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən biri olmuşdur. Nəticədə, Füzuli rayonunun 18 kəndi, Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və bir sıra yaşayış məntəqələri 17 oktyabr tarixində Azərbaycan Ordusu tərəfindən işğaldan tam azad olunmuşdur.
Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir. Bu abidələr sırasında rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babı Yaqub türbəsi, Aşağı Veysəlli kəndində Mirəli türbəsi, Əhmədalılar kəndində orta əsrlər qəbiristanlığındakı türbəni, XIX əsrə aid olduğu söylənilən Cəlil türbəsini qeyd etmək olar.
17 oktyabr nəinki Füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. İnsanlar öz doğma torpaqlarına qayıdacaqlar. Çox böyük peşəkarlıq, məharət, şücaət və fədakarlıq tələb etmiş bu döyüşlər haqqında kitablar yazılacaqdır. Tarixi qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan xalqı 44 günlük Vətən müharibəsini də qalibiyyətlə başa vuraraq zəngin irsinə yeni şərəfli səhifə yazdı. Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. İşğaldan azad olunmuş torpaqlarımızın inkişafını görən həyatdan getmiş on minlərlə qaçqın və köçkünlərimizin ruhu da şad və rahat olacaqdır.
Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoymuşdur. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.
Ölkəmizin Dağlıq Qarabağ və ətraf ərazilərində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçıları üzərində qazandığı hərbi-siyasi Zəfər xalqımızın çoxəsrlik tarixinin ən böyük hadisəsidir.
Müzəffər Ali Baş Komandanımız çıxışında deyib: “44 gün ərzində biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etmədik, təkcə düşməni torpağımızdan qovmadıq, təkcə milli ləyaqətimizi bərpa etmədik, biz erməni faşizminin başını əzdik. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan erməni vəhşiliyinin təzahürlərini öz gözləri ilə görür.
Bizim bütün şəhərlərimiz yerlə-yeksan edilib, bütün tarixi abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən ya tam dağıdılıb, ya da təhqir olunub. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Biz düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizi birlikdə bərpa edəcəyik. Bizim iradəmiz də var, imkanlarımız da var”.Azərbaycan xalqı öz böyüklüyünü, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik. Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları bu möhtəşəm Qələbəni böyük qürur hissi ilə qeyd edir.