Ermənistan postmüharibə reallıqlarını qəbul etməlidir
Könül Namazova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 118 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonunda olmuşdur. Prezident, Ali Baş Komandan İlham Əliyev şəxsi heyəti salamladıqdan sonra hərbçiləri 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik etmişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
44günlük İkinci Qarabağ müharibəsində həm döyüş meydanında, həm də informasiya cəbhəsində üstünlüyünü Ermənistana və ona havadarlıq edib 30 ildə danışıqların imitasiya naminə aparılmasına səbəb olan dövlətlərə nümayiş etdirdi. Azərbaycan tarixi qələbəsi ilə gənclərimizin necə vətənpərvər, torpağa bağlı olduqlarını təsdiqlədi. Dövlət başçısı nitqində bir daha bildirdi ki, bizi qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər.
Dünya gücləri postmüharibə reallıqlarını artıq qəbul edib və öz fəaliyyətini bu reallıqlar əsasında qururlar. Ermənistan da bu reallığı qəbul etməlidir. Azərbaycan tərəfi Ermənistanla münasibətlərin normallaşdırıması istiqamətində real addımların atılmasında maraqlı olduğunu təklif etdiyi sülh müqaviləsi ilə təsdiqləyir. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin yaradılması üçün belə bir addımın atılması vacibdir. Ermənistan artıq fəaliyyətinə ehtiyac duyulmayan ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasının davam etdirilməsində maraqlı olduğunu açıq şəkildə bildirsə də Azərbaycan tərəfi bunun mümkünsüzlüyünü tarixi Zəfərimizdən sonra dəfələrlə bəyan edib.
İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin miqyasının genişliyi fonunda bir daha biz əmin oluruq ki, Böyük Qayıdış hər gün yaxınlaşır. Keçən il 4 su elektrik stansiyası istifadəyə verilib. Bu il isə 5 su elektrik stansiyasının istifadəyə verilməsi təmin ediləcək. Bu rayonlarda 10-dan çox tunel inşa edilir. Kəlbəcər rayonunun inkişafı ilə bağlı konsepsiya artıq hazırdır. Kəlbəcər şəhərinin Baş planı təsdiq edildi, İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyuldu.
Atılan hər bir addım həqiqətlərimizin təbliğində də öz sözünü deyir və deyəcək. O da məlumdur ki, işğaldan azad edilmiş ərazilərimizdə üç Beynəlxalq Hava Limanının tikintisi nəzərdə tutulub ki, bunlardan Füzuli Beynəlxalq Hava Limanı ötən il istifadəyə verilib. Zəngilan Beynəlxalq Hava Limanının bu il istifadəyə verilməsi nəzərdə tutulur. Dövlət başçısı İlham Əliyev Laçın rayonuna səfəri zamanı Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə də tanış oldu. Ölkə Prezidentinin vurğuladığı kimi, bu hava limanının tikintisinin ən çətin tərəfi Laçın və Kəlbəcər rayonlarında düz yerin olmamasıdır. Ona görə də dağlar yarılır və kəsilir ki, zolaq üçün uyğun şərait yaradılsın. 2024-cü ildə Laçın Beynəlxalq Hava Limanının açılışı nəzərdə tutulur və bundan sonra gediş-gəliş daha rahat olacaq. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin miqyasının genişliyi fonunda bir daha əminliklə deyə bilərik ki, Böyük Qayıdış hər gün yaxınlaşır.