Ermənilər ümidlərini Nazarbayevin süqutuna bağlamışdılar - Tokayevin Bakı səfəri onları alt-üst etdi
Elşad Həsənov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü, siyasi şərhçi
Qazaxıstan Ermənistanla birlikdə KTMT və Aİİ-də təmsil olunsa da, hər zaman Azərbaycanı dəstəkləyib.
"Qazaxıstanda Sizi görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə, Təhlükəsizlik Şurasının qətnamələrinə tam müvafiq olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyir, hörmət edirlər. Məhz Sizin güclü, nüfuzlu rəhbərliyinizlə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi kimi tarixi əhəmiyyətli vəzifə yerinə yetirilib”. Bu fikirləri Azərbaycanda səfərdə olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxışında deyib.
Nəzərə almaq lazımdır ki, Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləti Təşkilatında (KTMT), Avrasiya İqtisadi İttifaqında təmsil olunur. Ermənistanın da bu təşkilatların üzvi olduğu bəllidir. Burada diqqəti çəkən başlıca məqam odur ki, Nursultan Nazarbayev Qazaxıstanda baş verən məlum hadisələrdən sonra bu il hakimiyyətdən birdəfəlik gedəndə ermənilər illüziyalara qapıldılar. Əminliklə bəyan edirdilər ki, Qazaxıstan rəhbərliyi Qarabağ məsələsində əvvəlki kimi Azərbaycanı dəstəkləməyəcək. KTMT-də, Aİİ-də Azərbaycanın maraqlarını qorumayacaq. Tokayevin bu açıqlaması və üstəlik Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi ermənilərin gözləntilərini alt-üst etdi. Tokayevin ölkəmizin ərazi bütövlüyü ilə bağlı sərgilədiyi mövqe bir daha bunu sübut etdi.
Qazaxıstan bizə dost, qardaş dövlətdir. O cümlədən, artıq bizim strateji müttəfiqimizdir. Bunun da tarixi kökləri var. Çünki iki xalq tarixən bir-birinə bağlı olub. Altay dağlarından tutmuş Anadoluya qədər böyük bir coğrafi arealda türk xalqları yaşayıb. Türkçülük də, bizdə olduğu kimi, qazaxların da canında, qanında olub. Hələ sovet dönəmində Oljas Süleymenovun “Az i Ya” əsəri dünyaya səs salmışdı. Əsərdə türkçülüyün xəritəsi əks olunmuşdu. Turan ideyasının müəllifi də Nazarbayevdir. Bu ideya da bütün türk dövlətləri tərəfindən dəstəklənir və artıq bu istiqamətdə böyük işlər görülür. Yəni türk birliyinin güclənməsi üçün. Eyni zamanda, Tokayev prezident olandan sonra zamanla ermənilərin gözləntiləri puç oldu. Məsələ ondadır ki, Tokayev qazax xalqının ləyaqətli lideridir. O, türk dövlətləri ilə əlaqələrin genişlənməsinə xüsusi önəm verir. Apardığı siyasət Qazaxıstanın tam müstəqil olduğunu göstərir. Son vaxtlar Rusiya telekanallarında erməni əsilli jurnalistlər Qazaxıstan əleyhinə açıq çağırışlarla çıxış edirlər. Qazax xalqının nümayəndələri də onların gərəkən cavabını verir. Tokayevin Bakıya rəsmi səfəri, Qarabağla bağlı ortaya qoyduğu konkret mövqe bir daha göstərdi ki, xalqlarımız eyni kökə malikdir və Qazaxıstan müstəqil siyasət yeridir. KTMT-də və Aİİ-də təmsil olunmaq Qazaxıstanın Ermənistanın işğalçılıq siyasətinə göz yummasına gətirib çıxarmayıb. Sözügedən məsələdə Qazaxıstan rəhbərliyi beynəlxalq hüquqa əsaslanaraq daha aydın mövqe sərgiləyir. Bunun nəticəsidir ki, iki ölkə arasında 20-dən artıq müqavilə imzalanıb. Əsas müqavilə isə Azərbaycanla Qazaxıstan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik, qarşılıqlı fəaliyyətin dərinləşməsi haqqında bəyannamə oldu. Bu bəyannamədən sonra iki ölkə arasında əlaqələr daha da sıxlaşacaq. Bütün bunlar iki dövlətin müstəqilliyinə töhvə verəcək. Qazaxıstan Ermənistanla birlikdə KTMT və Aİİ-də təmsil olunsa da, hər zaman Azərbaycanı dəstəkləyib. Tokayevin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı sərgilədiyi mövqe bir daha bunu sübut etdi. O cümlədən, digər qurumlarda da Qazaxıstan Azərbaycanı dəstəkləyib.
Bundan sonra Azərbaycan-Qazaxıstan əlaqələri daha da inkişaf edəcək.