Ermənistanın törətdiyi son hərbi təxribat rəsmi İrəvanın törətdiyi növbəti təhlükəli avantüradır
Ermənistan tərəfi sərhəddə daha genişmiqyaslı hərbi təxribat törətmək niyyətində idi. Azərbaycan əsgərinin ayıq-sayıqlığı onların bu mənfur planlarının qarşısını aldı. Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyətin tələblərinə riayət edərək münaqişənin sülh yolu həlli istiqamətində konstruktiv addımlar atmalıdır. Ermənistanın siyasi-hərbi rəhbərliyi bu reallığı nə qədər tez dərk edərsə regionda bir o qədər də tez sülh, sabitlik bərqərar olar və ilk növbədə Ermənistan xalqı yaranacaq yeni regional əməkdaşlıq imkanlarından faydalana bilər.
Dövlət başçısı İlham Əliyev fəxri qonaq qismində qatıldığı Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitindəki çıxışında bir daha bəyan etdi ki, Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq. Lakin təəssüf ki, bu il sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətmişdir. Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə almışdır. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Bugün görünən odur ki, erməni hərbi-siyasi təxribatına müəlliflik edən Paşinyanın hiyləsi baş tutmadı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Milli Ordumuz düşmənə layiq olduğu qətiyyətli cavabı verdi. Ölkəmizdə mövcud olan xalq-dövlət birliyi də Azərbaycanın hərtərəfli güclənməsini təmin edir. 12-14 sentyabr tarixli insident və bu kimi digər erməni təxribatlarının qarşısının qətiyyətlə alınması Azərbaycanın güclü ölkə olduğunu, eləcə də, ölkədə həmrəylik mühitinin və siyasi sabitliyin qorunmasının müstəsna əhəmiyyətini göstərir.