“Dəmir yumruq”- Milli birliyin və Vətən uğrunda savaşın rəmzidir
Dilbər Əliyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayon 278 nömrəli tam orta məktəbin müəllimi
Vətən Müharibəsi Azərbaycanın yeni tarixinə Qarabağla bağlı iki simvol bəxş etdi: Xarıbülbül və Dəmir Yumruq. Bunlardan birincisi Şuşanın (Qarabağın) azadlığının və bu yolda canından keçən şəhidlərimizin, ikincisi isə Zəfərin əsasında duran Lider-Xalq-Dövlət-Ordu birliyinin rəmzinə çevrildi.
Dəmir Yumruq – sərt, güclü tərifininin təcəssümüdür. Müharibənin gedişi zamanı, oktyabrın 20-də xalqa müraciətində Ali Baş Komandan İlham Əliyev ilk dəfə bu ifadədən istifadə etdi: “Bax, bizim yumruğumuz, sadəcə olaraq, düşmənin başını yaran yumruq deyil. Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyidir, məqsədyönlü fəaliyyətdir, beynəlxalq müstəvidə bizə sərf edən və ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir.Yumruq həmişə birliyin simvolu olub. Azərbaycan dilində “yumruq kimi birləşmək” ifadəsi var. Barmaqlar ayrılıqda zəifdirlər, yumruğa çevriləndə isə güclərinə güc qatılır. Yumruq sadəcə beş barmağın birliyi deyil, daha böyük anlayışdır. Yumruq – mübarizə əzminin simvoludur. Yumruq mexaniki yox, məqsəd uğrunda birləşmək deməkdir.Dəmir Yumruq – Liderin, Xalqın, Dövlətin, Ordunun birliyi demək idi. “Dəmir” epiteti onun sarsılmazlığını göstərirdi. Və bu sarsılmaz birlik öz məqsədinə çatdı!Qələbədən sonra isə “Dəmir Yumruq” həm də Azərbaycanın öz maraqlarını, sərhədlərini, ərazi bütövlüyünü müdafiə etmək əzmkarlığının simvoluna çevrilib. Bizə kəm gözlə baxan hər kəs bilməlidir ki, Dəmir Yumruq yerindədir! “
Müzəffər Ali Baş Komandan, tarix yazan Sərkərdə İlham Əliyev zəfər səlnaməsi yaratdı. 2020-ci il sentyabrın 27-də Ali Baş Komandanın əks-hücüma başlamaq əmri xalqımız tərəfindən böyük coşqu ilə qarşılandı. Vətənə sipər olan qəhrəman Azərbaycan oğulları döyüşə vahid amal uğrunda atıldılar. Məqsəd Ali Baş Komandan İlham Əliyevin döyüş tapşırıqlarını uğurla yerinə yetirıb, Vətən torpaqlarını erməni işğalından azad etmək idi.
44 gün döyüş meydanında misilsiz şücaət göstərən ordumuz işğalçı ordunu darmadağın etdi, düşmən diz çökdü, düz sərhədinədək qovuldu. Hər qarışını canından əziz tutub Vətən uğrunda şəhid olan oğullarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq! Böyük zəfəri qazanmaq üçün öz sağlamlığını itirmiş qazilərimizlə fəxr edirik! Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğma torpaqlarımızda yüksəltdiyi bayraq hər zaman məğrur dalğalanacaq!