Dünya siyasətinin aktual məsələlərindən biri enerji təhlükəsizliyidir
İmmi Ələkbərova
Suraxanı Tibb Mərkəzinin direktor müavini
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Müstəqilliyin ilk illərində Azərbaycanın xarici siyasətinin ən vacib istiqamətlərindən birini məhz enerji siyasəti təşkil etmişdir. Azərbaycan hökumətinin həyata keçirdiyi siyasət nəticəsində bu gün qlobal enerji təhlükəsizliyinin təmin olunmasında böyük layihələrə imza atılıb. Azərbaycanın artan iqtisadi qüdrəti ölkəmizə olan marağı artırmaqla yanaşı, beynəlxalq və regional əməkdaşlıq sahəsində bundan sonra da respublikamızın aparıcı rola malik olacağını deməyə əsas yaradır.
Bu gün dünya siyasətinin aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Enerji qaynaqlarının əhəmiyyəti artır və sürətlə böyüyən dünya iqtisadiyyatı bu qaynaqlara əvvəlkindən daha çox ehtiyac duyur. Artıq strateji enerji mənbələri qlobal geosiyasi vəziyyətə təsir edən amillərdən birinə çevrilib. Bunun təbii bir nəticəsi olaraq zəngin enerji qaynaqlarına sahib olan ölkələr iqtisadiyyat və geosiyasi baxımdan əsas mövqedədirlər. Geosiyasi ədəbiyyatda enerji təhlükəsizliyi milli təhlükəsizliyin mühüm tərkib hissələrindən biri kimi qiymətləndirilir. Enerji təhlükəsizliyi enerji istehlakı üçün təbii resursların mövcudluğu və ölkənin milli təhlükəsizliyi arasında əlaqə növüdür.
Enerji resurslarının məhdud olması nəticəsində hər bir ölkə enerji təhlükəsizliyi problemi ilə qarşılaşır və buna görə də müasir dünyada yanacaq-enerji resursları ilə təchizatı, həmçinin enerji effektivliyi dövlətin inkişaf səviyyəsinin mühüm indikator göstəricilərindən biri hesab olunur və beynəlxalq geosiyasətdə enerji resursları faktoru müstəsna əhəmiyyət daşıyır.
Əsrin müqaviləsi" Azərbaycanın dünya ölkələri ilə qarşılıqlı əlaqələrinin genişlənməsinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə güclü təkan verdi, Avropa Birliyinə inteqrasiya olunmasına, əsas dünya ölkələri, ilk növbədə, böyük dövlətlərlə dostluq və strateji əməkdaşlıq münasibətlərinin yaranmasına və inkişafına əlverişli imkan və müsbət zəmin yaratmışdır.Enerji faktoru həm siyasi, həm də beynəlxalq layihələr baxımından Azərbaycanın siyasi və iqtisadi inkişaf problemlərinin həllində mühüm rol oynayır. Bu çərçivədə müstəqillik qazandıqdan sonrakı dövrdə neft sektorunun inkişafı və xarici şirkətlərlə əməkdaşlıq Azərbaycana böyük iqtisadi töhfə verdi. İlk növbədə, ölkə müasir texnologiyalarla təchiz edilmiş, neft sənayesinin aktivləri yenilənmiş, bu sahənin inkişafına kömək edəcək qurum və təşkilatlar inkişaf etdirilmiş, neft-təbii qaz sənayesinin infrastrukturu modernləşdirilmişdir. Bütün bunlara əlavə olaraq xarici şirkətlərin dövlət büdcəsinə ödədiyi vergilərin miqdarı artdı, minlərlə yeni müəssisə açıldı və nəticədə bütün bunlar əsas olan iqtisadi potensialın artmasına səbəb oldu. Neftdən əldə olunan mənfəətlə ölkənin müstəqil iqtisadi və investisiya siyasəti təmin edildi və ölkə əhalisinin yaşayış səviyyəsi yaxşılaşmağa başladı.
Enerji siyasətinin digər mühüm komponenti Avropaya yaşıl enerji ixracı ilə bağlıdır. Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı ölkəmizin bu sahədə də həlledici rol oynamasına imkan verir.
Azərbaycanın bərpaolunan enerji potensialı quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Azərbaycan strateji investorların biri ilə 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırır. Onların 80 faizi ixrac olunacaq. Azərbaycan 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırır. Ötən il Azərbaycanın enerji tarixində ilk dəfə olaraq xarici investisiya əsaslı külək və günəş elektrik stansiyalarının təməli qoyulub. Ümumi investisiya dəyəri 500 milyon dollardan çox olan 240 MVt gücündə "Xızı-Abşeron" külək və 230 MVt gücündə "Qaradağ" günəş elektrik stansiyalarının inşasına başlanılıb. Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib və hazırda tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə töhfə verir.
Azərbaycanın əldə etdiyi ən böyük nailiyyətlərdən biri Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikilməsi idi. O, tarixdə ilk dəfə olaraq Xəzər və Aralıq dənizlərini birləşdirdi. Biz, həmçinin Xəzərin şərq sahilindən Avropa və beynəlxalq bazarlara neft təchizatçıları üçün çıxışın təmin edilməsində tranzit ölkə kimi öz rolumuzu oynayırıq. Biz təchizatda olduğu kimi, tranzitdə də etibarlı ölkəyik.Digər tarixi nailiyyət qazımızın ixracı üçün dəhliz açmış Cənubi Qafqaz qaz boru kəmərinin tikintisi oldu.
Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Enerji təhlükəsizliyi məsələsinə yanaşmamız ondan ibarətdir ki, enerji resursları ölkələri və xalqları ayırmalı deyil, birləşdirməlidir. Enerji resursları rəqabət və ya toqquşmaya deyil, regional və beynəlxalq əməkdaşlığa xidmət etməlidir. Təchizatçıların, tranzit ölkələrin və istehlakçıların maraqları üst-üstə düşməli və daha çox proqnozlaşdırma və qarşılıqlı faydaya aparmalıdır. Bu, ölkəmizin enerji fəlsəfəsidir. Azərbaycanın hər bir platformada əldə etdiyi iqtisadi və siyasi qələbələr yalnız sülhə, əmin-amanlığa, davamlı inkişafa və dünya enerji təhlükəsizliyinin təmin olunmasına köklənib.