Dövlət məktəbi dini inancları yox, dünyəvi hüquq normalarını rəhbər tutmalıdır

Dövlət məktəbi dini inancları yox, dünyəvi hüquq normalarını rəhbər tutmalıdır

Ləman Baxşəliyeva

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı Rayonu, Qaraçuxur Bələdiyyəsinin əməkdaşı

Məktəblərdə vahid geyim qaydalarının tətbiqi təlim mühitinin tənzimlənməsi, şagirdlər arasında sosial bərabərliyin təmin olunması və intizamın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Vahid məktəbli forması şagirdlərin geyimləri ilə bağlı sosial-iqtisadi fərqlərin ön plana çıxmasının qarşısını alır, onların diqqətinin tədris prosesinə və şəxsi inkişafa yönəlməsinə şərait yaradır.

Məktəbli geyiminə dair vahid tələblər yalnız zahiri görünüşün tənzimlənməsi deyil, həm də məktəbdə sağlam təlim-tərbiyə mühitinin formalaşdırılması baxımından əhəmiyyətlidir.

Geyim qaydalarının tətbiqi şagirdlərin təhsildən uzaqlaşmasına deyil, əksinə, onların məktəb mühitinə inteqrasiyasına xidmət etməlidir. Buna görə də qaydalara əməl olunmadığı hallarda sərt və cəza yönümlü tədbirlərdən daha çox maarifləndirici üsullara üstünlük verilməlidir. Müəllimlər və məktəb rəhbərliyi şagirdlərlə, eləcə də valideynlərlə ünsiyyətdə etik normaları gözləməli, yaranan problemləri izahlı dialoq və pedaqoji yanaşma əsasında həll etməlidirlər.

Azərbaycan dünyəvilik, dini tolerantlıq və multikulturalizm prinsiplərinə önəm verilən, müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin birgə yaşadığı ölkədir. Bu dəyərlərin qorunması cəmiyyətin inkişafı, qarşılıqlı hörmət mühitinin formalaşması və ictimai həmrəyliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Şagirdlərin ailələrinin sosial vəziyyətindən, maddi imkanlarından və dini mənsubiyyətindən asılı olmayaraq, bərabər hüquq və imkanlara malik olması təhsil mühitinin əsas prinsiplərindən biri kimi qorunmalıdır. Vahid məktəbli formasının tətbiqi şagirdlər arasında geyim və xarici görünüşlə bağlı fərqlərin ön plana çıxmasının qarşısını almağa, sosial müqayisələri azaltmağa və kollektivə mənsubiyyət hissini gücləndirməyə kömək edə bilər.

Beləliklə, məktəbli forması ilə bağlı qərar dünyəvi təhsil prinsipinin və vahid məktəb qaydalarının təmin olunması baxımından əhəmiyyət daşıyır. Dövlətin dünyəvilik modeli ilə dini-mənəvi dəyərlərə hörmət bir-birini istisna etmir. Əsas məsələ təhsil prosesinin qanunvericiliklə müəyyən edilmiş prinsiplər əsasında təşkilidir ki, hər birimiz buna mütləq əməl etməliyik.

Unutmayaq məktəbin vəzifəsi uşaqları dindar və ya dinsiz etmək deyil, onlara elm və bilik qazandırmaqdır.

Dövlət məktəbi dini inancları yox, dünyəvi hüquq normalarını rəhbər tutmalıdır. Məhz bu yanaşma həm vicdan azadlığının, həm də hüquqi bərabərliyin qorunmasına xidmət edir.

Paylaş