Dövlət başçısı 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsinə də toxundu

Dövlət başçısı 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsinə də toxundu

Qəribə Həsənova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 331 saylı körpələr evi və uşaq bağçasının müdiri

25 sentyabr 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış etmişdir. Bu çıxış Azərbaycanın son illərdə keçdiyi yolun, qələbələrinin gələcək planlarının dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət daşıyırdı.

Prezident ilk olaraq Ermənistanın uzun illər Azərbaycan torpaqlarını işğal altında saxlamasından danışdı. O qeyd etdi ki, bu işğal nəticəsində yüz minlərlə azərbaycanlı öz doğma yurdlarından didərgin düşmüş, şəhərlər, kəndlər dağıdılmış, insan hüquqları pozulmuşdur.

BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməmiş və beynəlxalq ədalət təmin olunmamışdır. Dövlət başçısı 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsinə də toxundu. O bildirdi ki, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü bərpa etdi, Ermənistan kapitulyasiya aktına imza atdı.

Bu qələbə həm xalqın birliyini, həm də ədalətin təntənəsini göstərdi. Çıxışda sülh təşəbbüslərinə də geniş yer ayrıldı. Prezident qeyd etdi ki, Azərbaycan müharibədən sonra Ermənistanla münasibətləri normallaşdırmaq üçün sülh müqaviləsi təklif etmişdir.

2025-ci ilin avqustunda Vaşinqtonda aparılan danışıqlar nəticəsində ilkin mətn üzərində razılıq əldə olunmuş bu, regionda sabitlik üçün mühüm addım olmuşdur. Prezident həmçinin münaqişədən sonrakı problemlərə də toxundu. O vurğuladı ki, azad olunmuş ərazilərdə mina təhlükəsi qalmaqdadır və bu səbəbdən yüzlərlə insan həyatını itirmişdir. Həmçinin 1990-cı illərdə itkin düşmüş minlərlə azərbaycanlının taleyi hələ məlum deyil.

Çıxışda Azərbaycanın enerji və nəqliyyat sahəsində gördüyü işlər də diqqətə çatdırıldı. İlham Əliyev bildirdi ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir, bərpa olunan enerji layihələri və yeni dəhlizlərin yaradılması isə regionun strateji rolunu daha da artırır.

COP29-a ev sahibliyi edən Azərbaycan iqlim dəyişmələri ilə bağlı təşəbbüslərini də dünyaya təqdim etmişdir.Sonda PrezidentO qeyd etdi ki, yalnız qonşuların ərazi bütövlüyünə hörmət ədalətli yanaşma əsasında dayanıqlı sülh mümkündür.

Çıxışının sonunda Prezident İlham Əliyev beynəlxalq münasibətlərdə ədalətin bərabərliyin təmin edilməsinin vacibliyini qeyd etdi. O vurğuladı ki, ikili standartlara son qoyulmalı, beynəlxalq hüquq prinsipləri bütün dövlətlər üçün bərabər tətbiq olunmalıdır.

Azərbaycan isə öz növbəsində qonşu ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır və yalnız bu prinsiplər əsasında davamlı sülhün mümkün olduğunu bildirir. Beləliklə, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi çıxış həm Azərbaycanın tarixi qələbəsinin dünyaya  çatdırılması, həm də gələcəkdə regionda sülh və sabitliyin təmin olunması üçün mühüm mesajların verilməsi baxımından əlamətdar hadisə oldu.