Diplomatların Qarabağ Səfəri Ermənistandakı Revanşizmin İç Üzünü Açdı

Diplomatların Qarabağ Səfəri Ermənistandakı Revanşizmin İç Üzünü Açdı

Sevda Qəhrəmanova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 285 nömrəli tam orta ümumtəhsil məktəbinin əməkdaşı

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura, o cümlədən Gəncəsər və Xudavəng monastır komplekslərinə reallaşdırdığı son kollektiv səfər Ermənistan cəmiyyətində və rəsmi dairələrində növbəti isterika dalğasına səbəb olub. Beynəlxalq birliyin və 50-dən çox ölkənin diplomatlarının iştirak etdiyi bu qanuni prosesə qarşı Ermənistanda başladılan aqressiv kampaniya, İrəvanın sülh prosesində qeyri-səmimiliyini və revanşist xülyalardan hələ də əl çəkmədiyini növbəti dəfə sübut edir.

Qarabağ və Şərqi Zəngəzur Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış suveren əraziləridir. Xarici diplomatların ölkə hüdudları daxilində sərbəst hərəkəti və rəsmi Bakının proqramlarında iştirakı tamamilə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Beynəlxalq birliyin nümayəndələrini bu səfərə görə hədəf almaq, onları media və sosial şəbəkələrdə "linç etməyə" çalışmaq heç bir hüquqi və mənəvi çərçivəyə sığmır.

Ən böyük ziddiyyət isə ondan ibarətdir ki, Ermənistan rəhbərliyi bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir, digər tərəfdən isə erməni cəmiyyəti xarici səfirlərin Azərbaycan ərazisindəki hərəkətinə görə qeyri-adekvat reaksiya göstərir. Bu, Azərbaycanın daxili işlərinə kobud və qəbuledilməz müdaxilədir. Diplomatik korpusun bu səfəri, əslində, onların təmsil etdikləri dövlətlərin Azərbaycanın suverenliyini birmənalı olaraq tanıdığının və dəstəklədiyinin ən bariz nümayişidir.

Ermənistan cəmiyyətinin Gəncəsər və Xudavəng kimi qədim məbədlərə həssaslığı bədnam "mədəni mənimsəmə" siyasətinin təzahürüdür. Qafqaz Albaniyası irsinə aid olan bu tarixi xristian abidələrini inadla "erməni irsi" kimi sırımağa çalışmaq dünya tarix elminə qarşı hörmətsizlikdir. Qafqaz Albaniyasının bu torpaqlardakı mövcudluğu və onun mədəni irsinin inkarı, mahiyyət etibarilə irqçi və dözümsüz bir yanaşmadır.

Erməni təbliğat maşını elə bir absurd narrativ formalaşdırıb ki, guya Azərbaycan ərazisində tarixən yalnız ermənilər yaşayıb, müasir Ermənistan ərazisində isə azərbaycanlılar heç vaxt mövcud olmayıb. Bu, açıq-aşkar tarixi saxtalaşdırmaq və bir xalqın izlərini tamamilə silmək chdidir. Reallıq isə tam fərqlidir: Azərbaycan dövləti öz ərazisindəki bütün tarixi və mədəni abidələri – dinindən və mənşəyindən asılı olmayaraq – öz xalqının sərvəti hesab edir və onları yüksək məsuliyyətlə qoruyur.

Bütün bu baş verənlər göstərir ki, 2023-cü il hadisələrindən sonra sülhə məcbur edilən Paşinyan hakimiyyəti və erməni cəmiyyəti regional reallıqları hələ də tam həzm edə bilməyib. Beynəlxalq diplomatların Azərbaycanın suveren torpaqlarına səfərinə göstərilən bu aqressiv aksiya, İrəvanın sülh danışıqlarında qeyri-səmimi olduğunu və prosesə qəsdən zərbə vurmaq niyyətini bir daha ifşa edir. Ermənistan dözümsüzlük və irqçi narrativlərdən əl çəkməli, regionda davamlı sülhün tək yolunun qonşu dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə şərtsiz hörmətdən keçdiyini anlamalıdır.

Paylaş