Dini liderlərin cəmiyyətdə tolerantlıq, sülh və mənəvi dəyərlərin qorunmasındakı böyük rolu

Dini liderlərin cəmiyyətdə tolerantlıq, sülh və mənəvi dəyərlərin qorunmasındakı böyük rolu

Hüseynqulu Quliyev

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, Yeni Suraxanı QİƏD üzrə nümayəndəsi

Bakıda eyni vaxtda keçirilən beynəlxalq tədbirlər Azərbaycanın həm türk dünyasında, həm də Qafqaz regionunda mühüm mənəvi və mədəni əlaqələndirici platforma olduğunu bir daha sübut edir. Xalqımızın hər zaman fəxr etdiyi dahi şəxsiyyətlərdən, mütəfəkkir və şairlərdən biri olan, XV əsrdə yaşayıb-yaratmış Seyid Yəhya Bakuvinin irsi bu gün də bəşəriyyətə işıq saçmaqda davam edir.
Məhz bu böyük izi yaşatmaq məqsədilə 5 sentyabr 2026-cı ildə Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının üzvləri və müşahidəçilərini, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarını və Qafqaz Xalqları Ali Dini Şurasının nümayəndə heyətini qəbul edərək regional birliyin gücləndirilməsi istiqamətində mühüm mesajlar vermişdir. Görüşdə türk dövlətləri arasında dini-mənəvi əməkdaşlığın inkişafı, İslam həmrəyliyi, sülh və qarşılıqlı anlaşmanın dərinləşdirilməsi məsələləri diqqət mərkəzində saxlanılmış, Bakının beynəlxalq dini dialoq mühitinə verdiyi töhfələr yüksək qiymətləndirilmişdir.
Seyid Yəhya Bakuvinin təsisçisi olduğu Xəlvətilik təriqətinin fəlsəfəsinə, onun elmi, fəlsəfi və mənəvi irsinin beynəlxalq səviyyədə təbliği məsələsinə xüsusi toxunan dövlət başçısı, İslam dünyasında fikir ayrılıqlarının dialoq yolu ilə həll edilməsinin vacibliyini və dini liderlərin cəmiyyətdə tolerantlıq, sülh və mənəvi dəyərlərin qorunmasındakı böyük rolunu vurğulamışdır. Bu cür mötəbər tədbirlərin Bakıda təşkili Şərqlə Qərbin, eləcə də müxtəlif mədəniyyətlərin qovşağında yerləşən ölkəmizin multikulturalizm siyasətinə sadiqliyini bir daha nümayiş etdirir.  Eyni zamanda, işğaldan azad edilmiş Qarabağ torpaqlarında, xüsusilə Ağdam məscidində aparılan yenidənqurma və tarixi-dini abidələrin bərpası işləri Azərbaycanın öz mədəni irsinə və mənəvi köklərinə sadiqliyinin bariz nümunəsi kimi diqqətə çatdırılmışdır. 
Yekun olaraq bu tarixi görüş, türk dünyasının dini-mənəvi birliyinin möhkəmləndirilməsinə, regional sabitliyə, bəşəri sülhə və tarixi yaddaşın gələcək nəsillərə ötürülməsinə xidmət edən mühüm bir addım xarakteri daşıyır.

Paylaş