Dil hər bir xalqın mənliyi, mənəviyyatı, mədəniyyəti və milli kimliyidir

Dil  hər bir  xalqın  mənliyi, mənəviyyatı, mədəniyyəti və milli kimliyidir
Vəfa Bağırova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 172 nömrəli tam orta məktəbin direktoru

Özünün dili olmayan xalq millət ola bilməz. Çünki xalq öz tarixini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini gələcək nəsillərə dil vasitəsilə çatdırır. Dilimizin inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. . Dilini itirən xalq məhvə məhkumdur. Dili xalq yaşadır. Lakin onun nəsildən-nəslə ötürülməsi görkəmli şəxsiyyətlərin, qüdrətli dövlət başçılarının zəhməti hesabına başa gəlir. Ana dilimiz təxminən 500 il əvvəl Səfəvi hökmdarı Şah İsmayıl Xətainin zamanında geniş fəaliyyət statusuna yüksələ bildi. Neçə-neçə müharibədən keçən Şah İsmayıl Xətai Azərbaycan dövlətini yaratmış, dilimizi də ilk dəfə olaraq rəsmi dövlət dili elan etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan türkcəsi dövlət dili elan olunsa da, Xalq Cümhuriyyətinin ömrü az oldu. Sovet Hakimiyyəti dövründə isə Azərbaycan dili rəsmi dövlət dili elan edilsə də, bu tamamilə formal xarakter daşımışdır. Bütün rəsmi sənədlər rus dilində yazılır, dövlət idarələrində rus dilinə üstünlük verilirdi. Bütün bu maneələrə baxmayaraq müxtəlif dövrlərdə ziyalılarımız ana dilimiz uğrunda mübarizə aparmış, doğma dildə qəzet və jurnallar nəşr etmişlər. Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti, Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalı, Əli Bəy Hüseynzadənin “Füyuzat” jurnalı ana dilində olan ilk nəşr nümunələrimizdəndir.
Dövlət dilimizin inkişafında Heydər Əliyevin xidmətləri danılmazdır. Çünki onun dövlətçilik düçüncələrində ana dilimizin inkişafı önəmli məsələlərdən biri olmuşdur. Yaxın tariximizdən məlumdur ki, müstəqilliyin ilk ilində , 1991-ci ildə latın qrafikalı Azərbaycan əlifbası qəbul olunsa da, o, bütün gücü ilə işləyə bilmirdi. Yalnız ümummilli liderimiz bu məsələnin birdəfəlik həllinə nail olmuşdu. Dilimizin inkişafında Heydər Əliyev qayğısının təzahürü olan fərman və sərəncamları bu gün də tətbiqini tapmaqda davam edir.
Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” imzaladığı 18 iyun 2001-ci il tarixli fərmanı və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli sərəncamının müstəsna əhəmiyyəti vardır. 18 iyun 2001-ci il fərmanında deyilir:
“Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Müstəqil dövlətimizin rəsmi dil statusunu almış Azərbaycan dilinin geniş tətbiq edilməsi və sərbəst inkişafı üçün münbit zəmin yaranmışdır. Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş haqsızlıqların, təzyiq və təhriflərin nəticələrinin aradan qaldırılması üçün hazırda ölkəmizdə çox əlverişli şərait mövcudur.Dil öz daxili qanunları əsasında inkişaf edirsə də, onun tədqiq və tətbiq edilməsi üçün yaradılmış geniş imkanlar bu inkişafın daha sürətli və dolğun olmasına təkan verir.”
18 iyun 2001-ci il tarixli fərmanda Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması da nəzərdə tutulmuşdur. Bu Komissiyanın yaradılması ana dilimizin tətbiqi işinin təkmilləşdirilməsini tənzimləmək məqsədi daşıyır. 9 avqust 2001-ci il tarixli sərəncamı isə beynəlxalq aləmə daha yaxın olan latın qrafikasına Azərbaycan əlifbasının keçidini sürətləndirdi. Bu sənədlərin hazırlanmasında Heydər Əliyevin Azərbaycana, ana dilinə məhəbbəti böyük rol oynayıb. Heydər Əliyevin dilimizin inkişafı istiqamətində göstərdiyi xidmətlət əsl məktəbdir. Heydər Əliyevin Azərbaycan dilini necə sevdiyini, necə mükəmməl bildiyini anlamaq üçün onun çıxışlarına qulaq asmaq kifayətdir. Hər zaman axıcı, səlis, savadlı nitqi ilə onu dinləyənlərin diqqətini öz üzərində saxlamağı bacaran Heydər Əliyevə heyranlıqla qulaq asmamaq mümkün deyildi. Mən fəxr edirəm ki, hər addımında, hər sözündə, hər əməlində azərbaycançılıq məfkurəsini nümayiş etdirən Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın vətəndaşıyam.
Hazırda əsası Heydər Əliyev tərəfindən qoyulan dil siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında ” və Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında 12 yanvar2004-cü il tarixli sərəncamları ictimai-tarixi əhəmiyyətinə görə uğurlu bir sənəd kimi qiymətləndirilir.