Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində bir çox mühum mövzu müzakirə olunub
Tünzalə Kərimova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin məsul əməkdaşı
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında ölkə Prezidenti qeyd edib ki, artıq Avropanın daha iki ölkəsinə - Almaniyaya və Avstriyaya qaz tədarükünə başlamışıq. Beləliklə, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanımız mövcuddur. Lakin bunun üçün şübhəsiz ki, ötən dəfə də qeyd etdiyimiz kimi, mövcud qaz nəqli infrastrukturlarının genişləndirilməsi üzərində düşünməliyik.
Prezident çıxışında onu da vurğulayıb ki, bu gün Cənub Qaz Dəhlizi artıq tam yüklənmiş vəziyyətdədir. Biz bazarda mövcud tələbatı və qlobal vəziyyəti nəzərə alaraq, artacaq tələbatı qarşılamaq məqsədilə əlavə genişləndirmə və interkonnektor imkanlarını araşdırırıq. Məqsəd ixracı maksimum səviyyəyə çatdırmaqdır. Cari ildə “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından hasilatın başlanmasını gözləyirik. İki-üç il ərzində “Abşeron” yatağının tammiqyaslı işlənmə mərhələsinin başlanmasını gözləyirik ki, bu da “Abşeron”dan qaz hasilatını üç dəfə artıracaq. Eyni zamanda, “Ümid” yatağının ikinci mərhələsi üzrə qaz hasilatına başlanması gözlənilir.
Vacib tədbirdə “Şahdəniz” yatağına da toxunan Prezident qeyd etmişdir ki, təbii qazın əsas mənbəyi olan “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözlənilir. Qeyd olunan bütün hasilat profilləri maksimum istehsal səviyyəsində 10-15 milyard kubmetr həcmində əlavə qaz əldə etməyə imkan verəcək. Daha əvvəl qeyd etdiyim kimi, bunun üçün yeni bazarlara, mövcud boru kəməri sisteminin genişləndirilməsinə ehtiyac var və əlbəttə, qazpaylama şəbəkəmizin şaxələndirilməsi istiqamətində əlavə tədbirlərin görülməsi zəruridir.
Bakıda Məşvərət Şurası çərçivəsində bir çox mühum mövzu müzakirə olunub. Müzakirə olunan məsələlərin bir hissəsi də yaşıl gündəlikdir. Bu istiqamətdə də müsbət nəticələr var. Cari ilin yanvarında regionda indiyədək ən böyük külək elektrik stansiyasının - 240 meqavat gücündə obyektin açılışı olub. Layihə “ACWA Power” tərəfindən maliyyələşdirilib və həyata keçirilib. Bu, bizim artıq malik olduğumuz potensiala əlavə edilən yeni yaşıl enerji mənbəyidir. 2023-cü ildə “Masdar” şirkəti 230 meqavat gücündə Günəş elektrik stansiyası inşa edib.
Bir neçə layihə artıq icra mərhələsindədir və gələcək illərdə biz alternativ enerji mənbələri ilə işləyən yeni elektrik stansiyalarının açılışını gözləyirik. Burada bizdə xarici sərmayədarlardan və yerli şirkətlərdən ibarət müsbət kombinasiya mövcuddur.