Cənab Prezidentin Qoşulmama Hərəkatının Zirvə toplantısında etdiyi çıxış diqqət çəkdi

Cənab Prezidentin Qoşulmama Hərəkatının Zirvə toplantısında etdiyi çıxış diqqət çəkdi
Səadət Məmmədova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri 
Suraxanı rayonu, 282 nömrəli tam orta məktəbin direktoru
Mart ayının 2-də Bakıda keçirilən Qoşulmama Hərəkatının Zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin pandemiyadan sonrakı bərpaya həsr olunmuş görüşdə bu günə qədərki fəaliyyətin dəyərləndirməsini və sonrakı dövr üçün nəzərdə tutulan məsələlərin nəzərə çatdırılmasını ifadə edən çıxışı diqqət çəkdi.
2019-2022-ci illər ərzində Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycanın ölkəmiz, regionumuz və nəhayət bütün dünya üçün sülh, firavanlıq və rifahın təmin olunmasına yönəlmiş arzu və fəaliyyəti üzv ölkələrin yekdil qərarları ilə sədrliyimizin bir il də artırılmasına səbəb oldu. Dünya pandemiyadan əziyyət çəkməyə başlayanda mübarizə üçün gücləri birləşdirməyin vacibliyini vurğulayan Qoşulmama Hərəkatı məqsədə yönəlmiş fəaliyyətini məlumat bazasının hazırlanması istiqamətində apardığı işlərlə daha da önəmli etdi. Üzv dövlətlərin ehtiyaclarının öyrənilməsində həmin məlumatlardan istifadə olunması Ümumdünya Səhiyyə Təşkilatının pandemiya ilə mübarizəsinə öz töhvəsini verməklə yanaşı təşkilatın işinin də zəruriliyini bir daha təsdiq etdi. Məsuliyyətli iş nəticəsində yaranmış nüfuzunu peyvəndlənmə zamanı ədalətsizliyin baş verməsinə qarşı çıxmaq və bütün dünyanı əhatə edəcək bərabərlik prinsipinə əməl olunmasına təhrik və tələb üçün istifadə edən Hərəkat maliyyə və humanitar yardımların göstərilməsində də vasitəçilik missiyası daşıyıb.
Beynəlxalq hüquq normalarına əməl olunmasında yaranan problemlərə qarşı həssaslıq göstərən Qoşulmama Hərəkatı üzv dövlətlərin Zirvə toplantılarında yeni dünya düzənində ədalət prinsipinin təmin olunması üçün beynəlxalq təşkilatlara əməkdaşlıq təklif etmiş və uğurlu fəaliyyəti ilə bu əməkdaşlıq üçün zəmin yaratmışdır. Son görüşdə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsinin vacibliyinə və bunun sayəsində bütün dünyanı əhatə edəcək bir fəaliyyətin mümkünlüyünə diqqət çəkən ölkə başçısı cənab Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasında bir daimi yerin Qoşulmama Hərəkatına verilməsi ilə bağlı təşəbbüsünü ifadə edərkən məhz qəbul olunan qərarlarda hüquq normaları və ədalətin təmin olunması üçün daha obyektiv mühitin təmin olunması məqsədini ifadə etmişdir. Suverenlik və qarşılıqlı hörmət prinsipinin bəşəriyyəti təhdid edən məsələlərlə bağlı görüləcək tədbirlərdə də diqqət mərkəzində saxlanılması vacibdir. Çünki qeyd olunan problemlər bütün dünya üçün mövcud olsa da nisbətən kiçik sərhədlərə malik olan və böyük dövlətlərin təzyiqindən mənfi mənada təsirlənən ərazilər üçün bu daha faciəvi sonluq vəd edir.
Müasir dünyada müstəmləkə mexanizminin tamamilə aradan qaldırılması üçün BMT kimi təşkilatlar daha ciddi mövqe nümayiş etdirməlidirlər. Fransa kimi özünü müasir hüquqa və ədalət prinsiplərinə hörmətlə yanaşan dövlət olaraq təqdim etməyə çalışan ölkənin Qoşulmama Hərəkatının üzvü olan Qəmər Adaları İttifaqının Mayot adasını müstəmləkə hakimiyyəti altında saxlaması heç bir halda məqbul hesab oluna bilməz. Qanlı müstəmləkə cinayətləri ilə tarixdə iz qoymuş Fransa kimi dövlətlər Avropadan kənarda müstəmləkəçiliyə xidmət edən fəaliyyətlərini qoruyub saxlamağa cəhddən vaz keçməli və Afrikada, Cənubi-Şərqi Asiyada törətdikləri soyqırım aktlarının məsuliyyətini daşımalıdırlar. BMT Təhlükəsizlik Şurası da öz növbəsində fəaliyyətini daha əhatəli və daha obyektiv qurmaq istiqamətində islahatlar aparmalıdır.
Azərbaycan BMT Təhlükəsizlik Şurasının ərazilərimizin qeyd-şərtsiz erməni işğalından azad olunmasına dair 4 qətnaməsinə 30 ilə yaxın bir müddətdə əhəmiyyət verilməməsinin əziyyətini çəkən və sözügedən torpaqların işğaldan azad olunmasını hərbi yolla həyata keçirməyə məcbur olan bir dövlət kimi daha səmərəli fəaliyyətin təşkilinə olan zərurəti dərindən hiss edir. Ermənistanın təcavüzkarlığı nəticəsində dağıdılmış şəhərlərin, talan olunmuş və xarabaya çevrilmiş ərazilərin yenidən qurulmasını öz imkanları ilə həyata keçirən ölkəmiz minlərlə xarici diplomatın, jurnalistin, QHT üzvünün şahid olduğu həmin dağıntıları aradan qaldırmaqla məşğuldur. Ancaq Ermənistan tərəfinin əraziləri uzun illər ərzində minalaması və müharibənin bitməsinə baxmayaraq bu gün də mina xəritələrini təqdim etməkdən boyun qaçırması bu abadlaşmanın həyata keçirilməsinə və sürətlənməsinə məqsədli şəkildə maneə yaradır. Lakin sadalananlar Milli Dayanıqlı İnkişaf Məqsədinin müəyyən olunması üzərində çalışan dövlətimizi öz hədəfindən yayındıra bilməyəcək. Bu mənada Qoşulmama Hərəkatı üzvlərinin Azərbaycanın ədalətli mövqeyini müdafiə etməsi, qərəzli bəyanatların qəbul olunmasına qarşı qətiyyətli mövqeyi təqdirəlayiqdir.
Dünyanın yeni düzəninin formalaşmasında nüfuzu və qətiyyəti ilə özünü təsdiqləyən Azərbaycanın bəşəriyyətin işıqlı gələcəyi üçün göstərdiyi təşəbbüslər dünyanı qaranlığa sürükləməyə cəhd edən güclərə yenilməyəcək. Azərbaycan Respublikası Qoşulmama Hərəkatının sədri və ən böyük təşəbbüskarlarından biri kimi öz uğurlu və əhəmiyyətli fəaliyyətini davam etdirməklə sonrakı sədrlər üçün layiqli miras qoymağa müvəffəq olacaqdır.