Gülnar Hüseynova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 327 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, sabit və inamlı inkişafı düzgün idarəetmə amili ilə birbaşa bağlıdır. Prezident İlham Əliyev öz ağlı, iradəsi, qərar qəbul etmək səriştəsi ilə fərqlənən alternativsiz lider, qüdrətli sərkərdə və şəxsiyyətdir. Qətiyyətlə dövlət idarəetməsinin ən uğurlu modellərini tətbiq edən cənab Prezidentin bu cür fəaliyyəti ilə yanaşı, verdiyi müsahibələr də beynəlxalq ictimaiyyətin daim diqqət mərkəzindədir.
Onun iyulun 22-də “China Global Television Network” televiziya kanalında yayımlan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinin “China Media Group” media korporasiyasına müsahibəsində ölkəmizdə gedən bir çox prosseslərə, xarici və daxili siyasətin səmərəliliyi, idman, nəqliyyat, Azərbaycan və Çin arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı və s. kimi aktual məsələlərə toxunuldu. Ölkə başçısı dövləti xarici aləmdə, beynəlxalq münasibətlər sistemində təmsil edir, ölkənin xarici aləmlə gündəlik ali təmaslarını yaradır. Bu baxımdan cənab İlham Əliyev çinli jurnalistin suallarını ətraflı cavablandıraraq, iki ölkə arasında gələcək əməkdaşlıq əlaqələrindən də danışdı.
Müsahibədə həm də müasir Azərbaycanın qurucusu və Çin-Azərbaycan dostluğunun təməlini qoyan Ulu Öndər Heydər Əliyevin fəaliyyətindən danışıldı. Vurğulandı ki, Azərbaycanın müasir tarixinin bir qərinədən artıq mərhələsi müdrik dövlət xadimi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev üçün Azərbaycan xalqının milli maraqları, milli qüruru və ədalət şəxsi amillərdən üstün idi. Görüşdə, həmçinin Azərbaycan dövlətçiliyinin müasir tarixinə öz adını əbədi həkk etmiş bu nadir tarixi şəxsiyyətin, fenomenal siyasi xadimin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edildiyi kimi məsələlər ölkə başçımızın dilindən səsləndirilib.
“İkitərəfli əlaqələrdə əldə etdiyimiz nailiyyətlər çox uzun bir yolun başlanğıcıdır. Bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda görürük ki, ölkələrimiz bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış edir. Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək görərik ki, bizim mövqelərimiz suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq məsələlərində üst-üstə düşür. İqtisadi əməkdaşlıq məsələlərində mövqelərimiz üst-üstə düşür. Biz qarşılıqlı ticarətin həcminin artmasını görürük və böyük potensial xüsusilə göz qabağındadır.
Biz ölkələrimizi gələcəkdə daha da birləşdirəcək meydana gələn yeni nəqliyyat marşrutlarını görürük. Bunun özü də regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaqdır. Çünki ölkələr qarşılıqlı faydalı əməkdaşlıq formatı çərçivəsində birləşirsə, bu, regionun sabitliyini, proqnozlaşdırılmasını, firavanlığını və inkişafını gücləndirir", - deyə dövlət başçısı bildirib.
Dövlət başçımız həmçinin xarici siyasətdə mövcud olan ikili standartlardan danışıb. Bildirib ki, ölkəmizə qarşı yürüdülən bu ikili standartların səbəblərindən biri Birləşmiş Ştatlarda, Fransada və bəzi digər Qərb ölkələrində erməni lobbisinin böyük infrastruktura malik olmasıdır. Bəzi ölkələrdən fərqli olaraq, Azərbaycan prioritetlərinə və milli maraqlarına cavab verməyən hər hansı işə qoşulmur. Başqa sözlə, ölkəmiz müstəqil siyasət yürüdür. Azərbaycanın davamlı olaraq mətbuatın hədəfində olması dırnaqarası müstəqil QHT-lərin hücumuna məruz qalması əsas səbəblərdən biridir.
Müsahibədə Qarabağ münaqişəsinə də toxunan ölkə başçısı İkinci Qarabağ müharibəsi bitdikdən sonra, sülh müqaviləsi ilə bağlı mövqeyimizin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmasından ibarət olduğunu xüsusi olaraq vurğuladı. “Azərbaycan sülh müqaviləsinin əsasını təşkil etməli olan beş beynəlxalq təməl prinsipini hazırladı. Bir neçə dəfə danışıqlar aparılıb və iyunun sonunda davam etdiriləcək. Fikir ayrılığının yeganə əsas müddəası onunla bağlı idi ki, Ermənistan Qarabağı rəsmən Azərbaycanın hissəsi kimi tanısın. Sülh müqaviləsi həqiqətən mühüm geosiyasi amilə çevrilə bilər, uzunmüddətli qarşıdurmaya son qoyar, Qafqazda real sülh yaradar, bütün kommunikasiyaları açar”, -deyə İlham Əliyev bildirdi.
İki dost dövlət arasındakı münasibətlərin bir çox sahələrinə toxunulan müsahibədə həm də idman sahəsinə toxunulub.Bildirildi ki,idman ictimai həyatın mühüm amilidir. İşğal dövründə idman qələbələrimiz insanların şüurunda Birinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra bir növ rəmzi kompensasiya oldu. İdmançılarınız qalib gələndə, bayrağımız qalxanda, himnimiz çalınanda adamı böyük qürur hissləri bürüyür.
Prezident İlham Əliyev müsahibəsində həmçinin Avropa Liqasının 2019-cu ildəki final matçı və UEFA 2020-ci ilin matçları 2021-ci ildə Bakıda keçirilməsini qeyd etməklə Azərbaycanın bir daha idman ölkəsi kimi tanındığını vurğuladı.
Prezident İlham Əliyevin təşəbbüsləri beynəlxalq aləmdə təqdir edilir, qlobal miqyasda beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Bu gün Prezident İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəqiq və məqsədyönlü siyasəti,dövlət idarəetmə bacarığı müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.