Çadırlarda doğulmuş uşaqlar öz torpaqlarının sahibi odular

Çadırlarda doğulmuş uşaqlar öz torpaqlarının sahibi odular

Samirə Həmzəyeva

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 290 nömrəli məktəbin müəllimi

Otuz ilə yaxın bir dövrdə itirilmiş torpaqlarımız, yandırılmış evlər, məhv edilmiş talelər , puç olmuş həyatlar,tökülmüş qanlar Azərbaycanın hər bir vətəndaşının qəlbində silinmiz izlər buraxmışdır. Lakin   illər sonra cənab Ali Baş Komandanımız İlham Əliyev və yenilməz ordumuzun səyi nəticəsində bütün bunların qisasının alınması isə hər birimizə yeni ruh, yeni bir həvəs gətirmişdir.

Vaxtilə öz doğma torpaqlarımız olan Qarabağdan didərgin salınan əhalimiz, vaqonlarda,çadırlarda dünyaya göz açan körpələrimiz nə qədər acınacaqlı vəziyyətdə olsalar da, qəlblərindəki Vətən sevgisi heç vaxt sönməmiş,ümidləri ölməmişdi.      

Ümummilli liderimiz Heydər Əliyev hər çıxışında qeyd edirdi: “Qarabağ əzəli Azərbaycan torpaqlarıdır.Biz nə vaxtsa o torpaqlara bir daha qayıdacağıq”. “Mən inanıram ki, Azərbaycanın bu gün yetişən gənc nəsli bütün keçmiş nəsillərdən daha da yüksəklərə qalxacaqdır. Çünki siz müstəqil Azərbaycanda, öz azad Vətəninizdə yaşayırsınız.”

2020-ci il 27 sentyabrda Ali Baş komandanımız İlham Əliyevin səyi ilə itirilmiş torpaqlarımızı geri qaytardığı zaman  Ümummilli liderin sözlərinin necə uzaqgörənliklə söylədiyinin bir daha   şahidi olduq. Vaxtilə məcburi köçkün düşmüş, Qarabağı görməyən və çadır şəhərciklərində doğulan uşaqlar da bir arzu ilə, bir amalla yaşayırdılar ki, öz torpağına qayıtsınlar. Ölümə gedənlər məhz onlar kimi minlərlə gənclər olmuşdur. İndiki Azərbaycan gəncləri prezidentimizin yanında oldular. Xalq dəmir  yumruq kimi birləşərək haqqımız olanı geri qaytardı.

Artıq Qarabağımız azad günlərinə qovuşub.Torpaqlarımız öz sakinlərini qarşılamaq üçün öz qollarını geniş açıb.Bu gün doğma yurdumuzda böyük quruculuq işləri aparılmaqdadır.Bunun nəticəsidir ki, ilk dəfə Zəngilan rayonunun Ağalı kəndinə sakinlərin köçürülməsilə Böyük Qayıdışa start verilib. Füzuli və Zəngilan Beynəlxalq Hava Limanlarının açılışı olub, Laçın şəhəri tamamilə nəzarətimizə keçib, Laçın koridorunun marşrutu dəyişdirilib, Qarabağ və Şərqi Zəngəzurda yol, enerji, su və digər layihələrin həyata keçirilməsi davam etdirilir. İlk ailələrin artıq yeni tikilmiş evlərə köçürülməsinə start verilib.Onlar doğma yurda qayıtmaqla torpaq öz əsl yiyəsinin hənirtisinə sevinir.

İllərlə şəraitsiz vəziyyətdə yaşamağa məhkum olmuş çadır körpələri indi Azərbaycanın çıçəklənməsində yaxından iştirak edirlər. Öz savad və bacarıqları ilə həmişə seçilən Azərbaycan gəncləri doğma yurda qayıdaraq bu yerlərin daha da gözəlləşməsinə, hər bir cəhətdən məşhurlaşmasına və  inkişafına çalışırlar.  

Vətən, torpaq itkisi ilə duyğulardan yoğrulan hər bir uşaq kim olduğunu, hansı vətənin vətəndaşı olduğunu, onun hər vətəndaş kimi öhdəsinə nələr düşdüyünü dərk eləyə və əsl vətəndaş kimi yetişə bilər. Məhz ona görədir ki, zəngin tarixi keçmişimizdən tutmuş bugünkü tariximizə qədər gənc nəslə örnək olası kifayət qədər qəhrəmanlıq səhifələrimiz var.  Yeni bir qəhrəmanlıq səhifəsini açanların arasında  isə çadır şəhərciklərində doğulmuş uşaqlar da az deyil.  O uşaqlar  ki, hələ beşikdə ikən qəlbləri insan qəlbinin ən böyük nəğməsi olan “Vətən məhəbbəti” nəğməsi ilə çırpınıb. Vətən sevgisi, yurdsuzluq ağrısı, doğulduğu ocaqdan didərgin düşərək çadırlarda yaşamaq məcburiyyətində olan körpələri ucalığa qalxmağa ürəkləndirən  bu məhəbbətin adı isə Qarabağdır!