Cənubi Qafqazda əməkdaşlığın üçtərəfli formatı üçün yeni şans

Cənubi Qafqazda əməkdaşlığın üçtərəfli formatı üçün yeni şans

Elşad Həsənov

YAP Suraxanı rayon təşkilatının fəal üzvü, politoloq

Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə keçirdiyi birgə mətbuat konfransında deyib ki, bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışır. Biz bunu alqışlayırıq.

Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq mənim fikrimcə, bu sahədə ən düzgün seçim həm tarixi əlaqələri, həm də coğrafi faktoru nəzərə alaraq, əlbəttə ki, Gürcüstan ola bilərdi: “Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik. Əgər Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm də üçtərəfli görüşə gələ bilərlər”.

Göründüyü kimi, Prezident Cənubi Qafqazda əməkdaşlığın üçtərəfli formatı üçün yeni şans yarandığını və bunu buraxmamağın zəruriliyini vurğulayır. Ermənistan bu şansı buraxsa nə olar? 20 sentyabrdan sonra bölgədə yaranan vəziyyət  geosiyasi reallığın yeni təzahürüdür: “Çünki Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Öz ərazisindəki konstitusion hüquqlarını bərpa etməklə, Qarabağda qalan erməni vətəndaşların reinteqrasiya prosesinə başladı. Artıq Cənubi Qafqazda sülhün bərqərar edilməsi üçün bütün şərtlər mövcuddur. Bunu Azərbaycan Prezidenti Tiflisdə səsləndirdi. Eyni zamanda biz Ermənistanı da yeni yaranan reallıqlardan yararlanmağa səslədik. Gürcüstanın doğrudan da bu məsələdə şansı çoxdur. Həm hər iki ölkə ilə yaxın qonşudur, həm də heç kimin tərəfini saxlamadan ikitərəfli və üçtərəfli görüşləri təşkil edə bilər. Belə formatdan müsbət nəticələr gözləmək olar.

Mövcud reallıq budur ki, iki ölkə arasında sülh müqaviləsinin bağlanmasına bir tərəfdən Rusiya, digər tərəfdən isə Qərb və ABŞ mane olur. Rusiya rəsmiləri deyir ki, ABŞ və Qərb birgə səyləri ilə Rusiyanı Cənubi Qafqazdan çıxarmağa çalışır. Ancaq bu mümkün olan məsələ deyil. Biz sülh müqaviləsinin bağlanması üçün lazımi çabalar göstəririk. Bizim sayəmizdə üçtərəfli bəyamnamə qəbul edildi. Ancaq həmin sənəddə göstərilən bəndlərin bir çoxu həllini tapmadı. Eyni zamanda sülh müqavilısinin bağlanması yubanır.

Hesab edirik, 12 oktyabrda Bişkekdə keçirilən görüşdə Rusiyanın iştirakı ilə iki ölkənin xarici işlər nazirləri arasında görüş baş tutacaq və bu məsələlər ətraflə müzakirə olunacaq. Bunu Rusiya tərəfi deyir. Ancaq Şarl Mişel də deyir ki, iki ölkə başçısını oktyabr ayının sonuna Brüsselə dəvət edib. Qranadada keçirilən görüşdə Paşinyan bir daha bizim ərazi bütövlüyümüzü tanıdı. Bizim anklavda olan Qazaxın 7 və Naxçıvanın 1 kəndi də bura aiddir. Prezident Laçında bildirmişdi ki, Paşinyan ərazi bütövlüyünü tanıdığını deyir, ancaq hər hansı sənədə qol çəkmir. Bizim tələbimizlə Paşinyan ərazi bütövlüyü ilə bağlı sənədə imza da atdı. Prezident Şarl Mişellə görüş zamanı Prezident 8 kəndimizin hələ də işğal altında olduğunu bildirdi. Yəni artıq bu məsələ də öz həllini tapır. Buna görə də Prezident  gələcək müzakirələrin Gürcüstan formatında aparılmasını daha məqbul sayır. Burada maneə olacaq tərəf olmayacaq. Artıq Makron kimilər özünü prosesə soxa bilməyəcək. Qalıb bir bənd - Zəngəzur dəhlizi məsələsi.

Artıq Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Qalır sülh sazişinə yekun imzanın atılması. Ermənistan razılıq versə, bu məsələyə Gürcüstanda nöqtə qoyula bilər. Düşünürəm ki, Ermənistan bu şansı lazımi səviyyədə dəyərləndirəcək. Belə olacağı təqdirdə, Ermənistan regional layihələrdən də öz xeyrini götürəcək.