Cənab Prezident müsahibəsində vurğulamışdır ki, bizim səbrimizlə oynamaq olmaz

Cənab Prezident müsahibəsində vurğulamışdır ki, bizim səbrimizlə oynamaq olmaz

Yeganə Abdullayeva

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 290 nömrəli tam orta məktəbin direktoru

Cari ilin aprel ayının 18-də Azərbaycan Respublikasının Prezidenti Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibə vermişdir. Cənab Prezident müsahibəsində bir sıra vacib məsələlərə toxunmuşdur. İlk növbədə təəssüratlarının müsbət olduğunu bildirmişdir.

2004-cü ildən başlayaraq ölkəmizdə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları həyata keçirilir. Hazırda 4-cü proqram icra edilir. Bu proqramların icrası ilə bölgələrdə çox böyük irimiqyaslı işlər aparılır. Azərbaycan bölgələrinin ümumi inkişafı sosial xarakter daşıyır, həmçinin ölkəmizin daha da güclənməsinə xidmət edir. Səfər çərçivəsində sayca  25-ci olan “Asan Xidmət” mərkəzinin açılışı olmuşdur. Cənab Prezident qeyd etmişdir ki, Asan Xidmət sistemi bu gün dünyada artıq Azərbaycan brendi kimi tanınır. İnsanlar burada göstərilən xidmətləri rəğbətlə qarşılayır. 10 il ərzində Asan Xidmət mərkəzlərinə 61 milyon müraciət olunmuşdur. Bu böyük rəqəmdir. Bir neçə ölkə bu modeli tətbiq edir.

Olimpiya İdman Kompleksi, uşaq xəstəxanası, doğum evi, elektrik təchizatı ilə bağlı rəqəmsal idarəetmə mərkəzi, Nefçala rayonunda böyük balıqçılıq təsərrüfatının yaradılması dinamik inkişafın göstəricisidir. Sosial sahədə böyük işlər görülür, ixrac məhsulları istehsal olunur, yollar çəkilir, yeni iş yerləri açılır və sair.

İşğaldan azad olunan ərazilərdə - Qarabağda və Şərqi Zəngəzurda bərpa-yenidənqurma işləri plan üzrə gedir. Burada görülən işlər bir daha onu göstərir ki, bu torpaqların sahibləri artıq öz dədə-baba yurduna qayıtmışdırlar. 30 il ərzində Ermənistan bu torpaqları talan etmiş, viran qoymuş, barbarlıqla məşğul olmuşlar. Bu torpaqların sahibləri isə qurmaq və yaratmaq üçün gəlmişlər. Ona görə də müharibə bitən kimi yenidənqurma işlərinə başlanılmışdır. Hazırda Ağalı və Talış kəndlərində keçmiş köçkünlər yaşayır. Bu iki layihənin həyata keçirilməsi göstərdi ki, Qarabağla Şərqi Zəngəzurun siması necə olacaq.

Bu ilin 3 ayında Cənab Prezidentin qətiyyəti nəticəsində şəffaflıq təmin olunmuş, bu müddət ərzində proqnozdan əlavə 1,5 milyard manat vəsait yığılmışdır. Beləliklə, dövlət büdcəsinə əlavələr 3 milyard manatdan artıq olacaqdır. Prezidentimiz bildirir ki, bunun əsas hissəsi Qarabağ və Şərqi Zəngəzurda quruculuq işlərinə sərf olunacaq və büdcə xərclərimiz 36 milyard manata çatacaqdır. Cənab Prezident vurğulamışdır ki, ordu quruculuğu da əsas hədəflərdən biridir. Azərbaycanın güclü ordusu vardır. 44 günlük müharibədə Azərbaycan Ordusu öz gücünü göstərdi, erməni ordusunu məhv etdi, onları torpağımızdan qovdu. Lakin Ermənistanda revanşist qüvvəllər yenidən baş qaldırır. Hər şeyə hazır olmaq lazımdır.

Qarabağda və Şərqi Zəngəzurda gedən işlərlə bağlı ictimaiyyətə ardıcıl məlumat verilir. Artıq yay aylarında  keçmiş köçkünlər – 700-dən çox ailə Laçın şəhərinə qayıdacaqlar. Onların yaşaması üçün hər cür şərait yaradılır. Həmçinin Zabux və Sus kəndlərində də işlər davam edir. Nəzərdə tutulan bütün planlar həyata keçirilir və keçiriləcəkdir.

Möhtərəm Prezident qeyd etmişdir ki, Azərbaycan sülh danışıqlarına sadiqdir. Azərbaycan sülh müqaviləsinin 5 prinsip əsasında bağlanmasını bəyan etmişdir. Bu prinsiplər beynəlxalq hüququn normlarına tam uyğundur. Ermənistan tərəfi isə müxtəlif mövqelərdən çıxış etsə də nəticədə bu prinsiplərlə razıdır. Ermənistan rəsmən Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanımışdır. Azərbaycan dəfələrlə bildirmişdir ki, Qarabağ onun daxili işidir. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməli və ya çıxıb getməlidirlər. Təbii ki, bu məsələlər insan hüquqları əsasında öz həllini tapmalıdır.

Cənab Prezidentimiz müsahibəsində vurğulayır ki, separatçılar bilməlidirlər ki, səbrimizlə oynamaq olmaz. Dəfələrlə onlara müxtəlif yollarla izah olunmuşdur ki, orada yaşayan erməniləri rahat buraxsınlar. Ya Azərbaycanın dediyi sözlərlə oturub-duracaq, ya da oradan rədd olub gedəcəklər.

Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycanın Dövlət Bayrağının yandırılmasına münasibət bildirən Cənab Prezident bunun erməni hökumətinin növbəti çirkin əməli olduğunu vurğulamışdır. Ermənistan rəhbərliyinin gözü qarşısında belə rəzil hadisənin baş verməsi və ona heç bir reaksiyanın verilməməsi onu bildirir ki, bu hadisənin müəllifləri özləridir. Azərbaycan bayrağı Qarabağda, Zəngəzur dağlarında dalğalanır. Əlbəttə ki, bununla onlar öz xislətlərini bütün dünyaya nümayiş etdiriblər. Bu hadisə bizi sarsıda bilməz. Onlar yaxşı fikirləşsinlər. Bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər. Ermənilər bizim bayrağımızı yandırsalar da, Türk Bayrağı orada dalğalandı, himni səsləndirildi. Cansu və Qəmzə öz qələbələrini Azərbaycana həsr etdilər. Onlar Azərbaycan xalqının sevgisini qazandı. Türk Bayrağı olan yerdə Azərbaycan vardır və Ermənistan bunu bir daha hiss etdi.

Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünyada nüfuzu böyükdür. Əminik ki, prezidentimizin qətiyyəti ilə ölkəmizin qarşısında olan bütün çətinliklər yaxın gələcəkdə aradan qaldırılıcaq, dünyada mövqeyi daha da möhkəmlənəcəkdir.