Bəyannamənin imzalanması regionumuz və dünya üçün müsbət nəticələr meydana gətirəcək
Azərbaycan və Rusiya arasında müxtəlif dövrlərdə əlaqələr mövcud olmuşdur. Bu əlaqələr sırasına siyasi, iqtisadi, mədəni əlaqələr aiddir. Hər iki dövlət arasında müstəqillik illərində əməkdaşlıq haqqında dəfələrlə sənədlər imzalanmışdır. Strateji əhəmiyyətə malik olmuş bu münasibətlərin qurulmasında Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin böyük rolu danılmazdır.
Hər iki dövlət arasında imzalanmış sənədlərə misal olaraq qarşılıqlı təhlükəsizlik və əməkdaşlıq haqqında 3 iyul 1997-ci il tarixli Müqaviləni, Dostluq və strateji tərəfdaşlıq haqqında 3 iyul 2008-ci il tarixli Bəyannaməni və Rusiya ilə Azərbaycan prezidentlərinin 1 sentyabr 2018-ci il tarixli Birgə Bəyannaməni göstərmək olar.
Qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Və bu münasibətlər dövlətimizin rifahı , gələcəyi üçün böyük əhəmiyyət daşıyır. 22 fevral 2022-ci il Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasına qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə” imzalandı. Bəyannamənin imzalanması həm regionumuz, həm də dünya üçün müsbət nəticələrə meydana gətirəcək. Bunun üçün uzun zamandır məsləhətləşmələr gedirdi. Bu Bəyannaməni imzalayaraq dövlətimizin gələcək inkişafını təminat altına almış olduq.
Bəyannamədə siyasi, iqtisadi, gənclər, idman, kənd təsərrüfatı və bir çox sahələrdə qarşılıqlı inkişafla bağlı atılacaq addımlar öz əksini tapmışdır. Bu Bəyannamə ilə hər iki dövlət arasında münasibətlər yeni müttəfiqlik səviyyəsinə yüksəlir. Regiondakı siyasi vəziyyəti nəzərə alarsaq, Rusiya kimi bir ölkə ilə belə müqavilənin imzalanması tarixi əhəmiyyətli uğurdur.
Rusiya ilə Azərbaycan arasında hər zaman qarşılıqlı əməkdaşlıq və dostluq münasibətləri olmuşdur. Hər iki ölkənin prezidentləri arasında olan qarşılıqlı hörmət dövlətlərarası dostluq münasibətlərinə öz təsirini göstərir. Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz daha böyük uğurlara imza atmaqdadır. Biz də hər zaman Prezidentimizin qərarlarını dəstəkləyirik və imzalanmış Bəyannamənin xalqımızın rifahı üçün əhəmiyyətinə inanırıq.
Kərəm Mehdiyev
YAP Suraxanı rayon təşkilatının ƏPT – nin sədri