Bəyannamədə Zəngəzur dəhlizindən bəhs olunmuşdur

Bəyannamədə Zəngəzur dəhlizindən bəhs olunmuşdur

Talıb Talıblı

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 327 nömrəli tam orta məktəbin müəllimi

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra onun müstəqilliyini tanıyan ilk dövlətlərdən biri Türkiyə Respublikası oldu.  Azərbaycan Respublikasının Türkiyə Respublikası ilə münasibətləri strateji tərəfdaşlıq və qarşılıqlı yardım münasibətlərinə əsaslanır. Siyasi münasibətlərlə yanaşı, iqtisadi münasibətlər də yüksək inkişaf səviyyəsindədir. Qarşılıqlı şəkildə hər iki ölkə bir-birinin iqtisadiyyatına yatırımlar edirlər.

1994-cü ilin fevralında Ankara şəhərində “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə” imzalandı. 2002-ci ildə İran Azərbaycanın hava məkanını pozduğu üçün türk şahinlərinin Azərbaycan səmasında dəstək uçuşu həyata keçirməsi qardaşlıq münasibətlərinin göstəricisi idi. Bunun ardınca əməkdaşlığı və əlaqələri dərinləşdirmək üçün 2010-cu ilin avqustunda Bakı şəhərində “Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilə imzalanmışdır. Bu və digər müqavilələri əsas tutaraq Türkiyə Azərbaycana hərtərəfli dəstək göstərmişdir. 44 günlük II Qarabağ müharibəsində (Vətən müharibəsində) verilən dəstək qardaşlıq münasibətlərinin ən yüksək təzahürü idi.

Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi və inkişafı bu müqavilələrlə bitmədi. 2021-ci il iyunun 15-də növbəti tarixi hadisə baş verdi. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı Şuşa şəhərində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı. Bu tarixi sənəddə  Azərbaycan Respublikası və Türkiyə Respublikası rəhbərləri 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiqliyi təsdiq edir, həmçinin 1994 və 2010-cı illərə aid dostluq, strateji tərəfdaşlıq, qarşılıqlı yardım və hərətərəfli əməkdaşlıq haqqında müqavilə və protokollar rəhbər tuturdu.

Bəyannamədə bir sıra vacib məsələlər qeyd edilmişdir. Onlardan birincisi ərazi bütövlüyü və suverenliklə bağlı idi. Belə ki tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqlliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı təhdidlər və ya təcavüzlər baş verərsə tərəflər birlikdə bu təhdidlərə cavab verəcəklər.

Bəyannamədə iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə çalışacaqları da qeyd edilmişdir. Bəyannamədə, həmçinin Zəngəzur dəhlizindən, bunun davamı kimi Naxçıvan-Qars dəmiryolunun tikintisindən, xarici siyasət məslələrindən bəhs olunmuşdur.

Bəyannamədə iki dövlət arasında inkişaf etdirilən və onların milli maraqlarına cavab verən hərbi-siyasi əməkdaşlığın üçüncü dövlətlərə qarşı yönəlmədiyi vurğulanmışdır. Sənəddə Türk dünyasının birlik və rifahına xidmət edəcək milli və beynəlxalq səylərin artırılmasının vacibliyi də əksini tapmışdır. Şuşada imzalanan birgə Bəyannamə Ermənistanda hələ də revanş almaq barədə düşünən qüvvələrə və onların havadarlarına böyük bir mesaj idi.