Azərbaycan ilə NATO münasibətləri qarşılıqlı etimad üzərində qurulub

Azərbaycan ilə NATO münasibətləri qarşılıqlı etimad üzərində qurulub

Aygun Allahverdiyeva

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 277 saylı uşaq bağçası və körpələr evinin müdiri

Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla münasibətlərin qurulması və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir.  Bu siyasətin nəticəsi olaraq Azərbaycan dünyanın ən mötəbər beynəlxalq təşkilatlarının - BMT, ATƏT, İslam Konfransı Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər mötəbər qurumların üzvü kimi onların işində yaxından iştirak edir. Azərbaycanın xarici siyasətində beynəlxalq təhlükəsizlik strukturları ilə əməkdaşlıq da aparıcı xətt təşkil edir. Bu istiqamətdə NATO ilə əlaqələr xüsusilə qeyd olunmalıdır. Azərbaycan-NATO əlaqələri ölkəmizin Avratlantik strukturlara inteqrasiyasının tərkib hissələrindən biridir.

Bu əməkdaşlıq Azərbaycanın 1994-cü ildə "Sülh naminə tərəfdaşlıq" Proqramına qoşulması ilə başladı. Bununla Azərbaycan NATO hərbi strukturları ilə əməkdaşlıq etmək, birgə təlimlər keçirmək, hərbi kadrlar hazırlanmasında blokun təcrübəsindən bəhrələnmək imkanları qazandı. Fundamentı müasirliyə, xoş mərama əsaslanan xarici siyasətimizin bugünkü əsas qollarından biri olan ordu sistemində dünyanın nüfuzlu ölkə və beynəlxalq miqyaslı təşkilat və qurumları ilə qurulan əməkdaşlıq və tərəfdaşlıqlardan ibarətdir.

Azərbaycan Respublikası dünyanın yüksək nüfuzlu siyasi hərbi təşkilatı olan NATO ilə arasındakı əməkdaşlıq bu gün də uğurla inkişaf etdirilir. Sevindirici haldır ki, tarixi uzun illərə dayanan Azərbaycan ilə NATO münasibətləri qarşılıqlı etimad üzərində qurulub. Martın 17-də NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri və ölkə başçısı cənab İlham Əliyevlə görüşü çox mühüm hadisədir.

Azərbaycanın xarici siyasəti çoxşaxəlidir. Bu siyasət dünyada gedən proseslərə təsir imkanları olan hər bir beynəlxalq təşkilatla əməkdaşlığı, qarşılıqlı münasibətlərin qurulmasını və inkişafını  özündə ehtiva edir. Azərbaycan üzvü olduğu və ya tərəfdaşlıq etdiyi hər bir təşkilatın ümdə prinsiplərinə daim sadiq qalıb, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib.

NATO ilə münasibətlərdə də Azərbaycan "Sülh naminə tərəfdaşlıq" Proqramına qoşulandan ötən 20 il ərzində daim əməkdaşlığı genişləndirmək xətti yürüdüb, bu təşkilatın ümumi işinə mühüm töhfələr verib. Ölkəmiz regionda sabitliyin qorunub saxlanmasında, təhlükəsizliyin təmin olunmasında və bunun üçün nüfuzlu ölkə və beynəlxalq təşkilatlar ilə əlaqələrin qurulub möhkəmlənməsində maraqlı olduğunu əməli ilə daim sübut edib.

Qısa müddət ərzində uzun keşməkeşli yol qət edən ölkəmizdə dövrlə ayaqlaşmaq və dövrünün müasir standartlarının vaxtlı-vaxtında uğurla tətbiqi üçün xeyli işlər görülüb. Bu gün dünya ölkələri və nüfuzlu beynəlxalq təşkilatları ilə qurulan möhkəm əlaqələr ölkəmizin nüfuzuna müsbət təsir edən vacib amillərdən biridir. Prezident bildirdi ki, biz bütün qonşularla çox səmərəli, dostluq və mehriban qonşuluq əsasında münasibətlər qurmaq istəyirik və buna hazırıq.

Azərbaycan kifayət qədər mürəkkəb və strateji əhəmiyyətli regionda yerləşdiyinə görə xarici siyasət kursunu müəyyənləşdirərkən, bir tərəfdən, öz milli maraqlarını qorumaq, bölgənin aparıcı dövləti statusunu möhkəmlətmək, digər tərəfdən, bölgədə maraqları olan bütün dövlətlərlə, eləcə də qonşu dövlətlərlə bərabərhüquqlu tərəfdaşlıq münasibətlərini saxlamaq və genişləndirmək kriteriyalarından çıxış edir.