Bu il mayın 28-də - Müstəqillik Günündə xalqımız ikiqat sevinc hissi yaşadı
Abdulla Məmmədov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, Zığ bələdiyyəsinin sədri
Azərbaycanın füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir .
Otuz bir il bundan əvvəl - 1992-ci il mayın 18-də uca dağlar qoynunda qərar tutan və alınmaz qala sayılan Laçın rayonu Ermənistanın işğalı altına düşdü. Laçın rayonunun, 1993-cü ilin aprelində isə Kəlbəcərin işğal altına düşməsi ilə düşmən öz istəyinə çatdı. Belə ki, sözügedən rayonların işğal altına düşməsi nəticəsində Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında coğrafi bağlantı yarandı. İşğal illərində ermənilər Laçında misli görünməmiş vandalizm əməlləri törədiblər və təbii sərvətlərimizi vəhşicəsinə talayıblar.
Müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. 1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsinin astanasında olan Azərbaycan, hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşdı, ölkədə ictimai-siyasi gərginlik daha da dərinləşərək anarxiya həddinə çatdı. Bu vəziyyət 1993-cü ilə qədər davam etdi. 1993-cü ilin iyununda Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ölkəmizdə xaotik proseslərin qarşısı alındı - ictimai-siyasi sabitlik təmin edildi. Ümumiyyətlə, bu, bir həqiqətdir ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider, Ulu öndər Heydər Əliyev olmuşdur.
Azərbaycan xalqının iradəsini ifadə edən həmdə dünya azərbaycanlılarının lideri, Müstəqil Azərbaycanın qurucusu, ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti nəticəsində yenicə müstəqillik əldə etmiş Azərbaycan Respublikası regionun lider ölkəsinə çevrilib.
Bu il mayın 28-də - Müstəqillik Günündə xalqımız ikiqat sevinc hissi yaşadı. Ölkəmizdə bayramın bayrama qarışması onunla bağlı idi ki, laçınlıların bir qrupu uzun fasilədən sonra məhz qürur duyduğumuz Müstəqillik Günündə doğma torpaqlarına qayıtdılar. Bu, Laçına böyük köçün başlanğıcıdır. Cəmi 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub. İlk 20 ailə artıq Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Bu gün müstəqil Azərbaycan dövləti dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib və istənilən nəticəni əldə etməyə qadirdir.
Azərbaycan xalqı bu gün torpaqlarını işğaldan azad etmiş xalq olaraq, qürürla, məğrurluqla yaşayır. Erməni işğalında olan torpaqlarını azad edən Azərbaycan bu gün yeni bir dövrünə qədəm qoyub. Bütün dünyaya, məsafəsindən, qitəsindən asılı olmayaraq, hər bir kəsə öz böyüklüyünü, gücünü göstərdi.
Yaşasın Ali Baş Komandan, Yaşasın Müzəffər Azərbaycan Ordusu!