Bu gün şəhərimizin bu gözəl yerində Aşıq Ələsgərin abidəsi ucaldılıb

Bu gün şəhərimizin bu gözəl yerində Aşıq Ələsgərin abidəsi ucaldılıb
Rəna Şəfiyeva 

YAP Suraxanı rayon təşkilatının üzvü

SOCAR-ın Sənayedə Təhlükəsizlik İdarəsinin 1 saylı əməliyyat dəstəsinin texniki 

Prezident İlham Əliyevin cari ilin 30 sentyabr tarixində Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında etdiyi çıxış, Azərbaycan xalqının milli mədəniyyətinə, tarixində iz qoymuş şəxsiyyətlərinə və ənənələrinə verdiyi yüksək dəyərin daha bir təzahürüdür. Bu abidənin açılışı təkcə Aşıq Ələsgərin xatirəsini yaşatmağın deyil, həm də milli kimliyin, mədəni irsin qorunmasının və gələcək nəsillərə ötürülməsinin nə dərəcədə əhəmiyyətli olmasını göstərir.

Ilk olaraq, Prezident cənab İlham Əliyev, üç il əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün iki Sərəncam imzaladığını vurğuladı. Birinci Sərəncam əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. İkinci Sərəncam əsasında onun abidəsinin ucaldılması məsələsi nəzərdə tutulurdu. Bu gün şəhərimizin bu gözəl yerində Aşıq Ələsgərin abidəsi ucaldılıb.

Aşıq Ələsgər ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamış, ədəbi yaradıcıllıqla məşğul olmuş, uzun ömür yaşamışdır və ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur edilmişdir. Həmin dövrlərdə onun 97 yaşı var idi, 1918-ci ildə ermənilər azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından - Qərbi Azərbaycandan birinci deportasiyası idi. Əfsuslar olsun, ondan sonra da bizim xalqımız iki deportasiyaya məruz qalmışdır. Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu Kəlbəcər rayonuna köçmüşdür. Ancaq doğma Vətən, onu yenə də Göyçə mahalına çəkirdi. Amma onun Vətən sevgisi, torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq, o, təqribən üç ildən sonra öz doğma kəndi olan Ağkilsəyə qayıtmış və bir neçə ildən sonra orada vəfat etmişdir.

1970-ci illərdə Ulu Öndərin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi qeyd edilmişdir, özü də Sovet İttifaqı dövründə bu yubiley münasibətilə doğma Ağkilsə kəndində onun abidəsi ucaldılmışdır. Xalqımız deportasiyanın üçüncü dalğasına məruz qalanda erməni vandalları onun abidəsini dağıtmışdılar.  Qarabağda, Şərqi Zəngəzurda bizim tarixi abidələrimiz, görkəmli şəxsiyyətlərin abidələri, məscidlərimiz, saraylarımız, qəbiristanlıqlarımız erməni vandalları tərəfindən dağıdılmışdı. Bu praktika yeni deyil, əsrlər boyu bütün dünyanın gözü qarşısında bizə qarşı bu ədalətsizlik, bu vəhşilik törədilirdi.

Xalqımız XX əsrdə üç deportasiya dalğasına məruz qalmışdır - 1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra böyük bir qisim Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Əlbəttə ki, Vətən sevgisi, o torpaqlar unudulmayıb və unudulmayacaq, o torpaqları görməyən Qərbi azərbaycanlıların sonrakı nəsilləri Vətən həsrəti ilə yaşayırlar. Prezident İlham Əliyev çıxışında Azərbaycan xalqını və xüsusilə də Qərbi azərbaycanlıları tarixi varlıqlarını, mədəniyyətlərini və hüquqlarını qorumaq üçün birləşməyə çağırdı. Bu, həm də xalqın milli irsinin və dəyərlərinin qorunmasının vacibliyini vurğulayan bir çağırış idi.

Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər. Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Prezident əminliklə çıxış etdi ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik. Çünki bu gün Şuşada, Laçında, Xankəndidə, Xocalıda, Füzulidə uşaqlar, məktəblilər məktəbə gedirlər. Yəni, sözün əsl mənasında, bütün bu bölgələrdə və bütün Azərbaycanda bayram ab-havası idi. Qərbi Azərbaycandan olan soydaşlarımız da eyni hissləri yaşayacaqlar.

Həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan sonrakı dövr, yəni, bir il göstərdi ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu iradənin qabağında dura bilməz. Qırx dörd günlük müharibədən ötən aylar içində yüzlərlə erməninin cəsədi bizim razılığımızla aşkarlanıb və qarşı tərəfin götürməsinə imkan yaradılıb. Qalib Azərbaycan necə deyərlər, “yıxdığını kəsmir”, ağıllanmağa dəvət edir. Zəfər qazanmış Azərbaycan danışıqlar masasında ləyaqət, ciddiyyət göstərir, sözünü, tələbini açıq deyir. Yəni biz oyun oynamırıq, oyun oynayanlara da yerini “Dəmir yumruq”la artıqlaması ilə göstəririk. Beləliklə, keçilməz xətlərin, yarılmaz səngərlərin üzərinə yeriyən, yeni texnikanın “dil”ini bilən, əcdadın hərb ənənəsi ilə çağdaş elektron hərb sənətinin ortaq yürüdülməsini modelləşdirən oğullar texnoloji mədəniyyətə, tarix şüuruna bir günün içində yiyələnməmişdi.

Qərbi azərbaycanlılarda da bu nikbinlik hisslərini, fikirlərini, ümidlərini daha da artırmışdır. Prezident əminliklə çıxış etdi ki, biz hər dəfə qarşıya hədəflər qoymalıyıq. Bu hədəflər həm stratejidir, həm taktikidir, həm qısamüddətlidir, həm uzunmüddətlidir. Hədəflər həm həqiqəti, ədaləti və həm də real vəziyyəti, real gücümüzü əks etdirməlidir. Biz nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək. Bizim işimiz haqq işidir və bizim işimizi Azərbaycan xalqı dəstəkləyir. Əslində, bu, Azərbaycan xalqının işidir. Qarabağı, Şərqi Zəngəzuru azad etmək, suverenliyi tam bərpa etmək Azərbaycan xalqının iradəsi hesabına, qəhrəman övladlarımızın qəhrəmanlığı, şücaəti hesabına mümkün olmuşdur.

Bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Prezident çıxışını sonlandıraraq qeyd etdi ki, biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik.