Prezidentimizin tapşırıqlarına əsasən və şəxsi nəzarəti altında Kəlbəcərdə də iri layihələr həyata keçirilir

Prezidentimizin tapşırıqlarına əsasən və şəxsi nəzarəti altında Kəlbəcərdə də iri layihələr həyata keçirilir

Günalə Əliyeva

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu, 13 saylı körpələr evi və uşaq bağçasının müdiri

“Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala”deməkdir. Kəlbəcər ən qədim insan məskənlərindən biridir.Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır.Bu dövr isə 4miyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri,çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr atəşpərəstliyin,xristianlığın,7- ci əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.

Kəlbəcərdə ”Türk  qəbirstanlığı” adı ilə tanınan bir neçə qədim məzarlıq var.Bunların ən böyüyü Alıbəyli,Kəlbəcər,Zar və başqa kəndlərin ərazisindədir. Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvələri Camışdağ dağındakı zirvə(3724m) və Dəlidağdır (3616m). Ərazinin çox hissəsi meşəlikdir.Kəlbəcər qərbdə Ermənistan Respublikası,şimalda Daşkəsən, Göygöl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Kəlbəcərə inzibati rayon statusu 1930-cu ildə verilmişdir. 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb.

İşğal nəticəsində Kəlbəcər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s.

Talan edilmiş,dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır. BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsində işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi. İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana thvil verilmişdir.

Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olunub.

Yanşaq kəndinin yenidən qurulması və ümumilikdə 421 ailənin məskunlaşdırılması planlaşdırılıb. Kəlbəcəri Azərbaycanın qala qapısı adlandırırlar. Bu qədim diyarın dörd tərəfi Azərbaycanda,eləcə də Qafqazda tanınan,təkrarolunmaz dağlarla əhatələnib. Təbiətin Kəlbəcərə bəxş etdiyi nemətlərdən biri də onu dünyaya tanıdan-İstisudur.

1993-cü ildə erməni qəsbkarları tərəfindən Kəlbəcər işğal olunduqdan sonra bu qədim Azərbaycan diyarı tamamilə dağıdılmış,İstisu sanatoriyası da təcavüz nəticəsində yerlə-yeksan edilmişdir.Şanlı Zəfər qələbəsindən sonra işğaldan azad olunmuş bütün ərazilərimizdə yeni abadlıq-quruculuq və yenidənqurma işlərinə başlanmışdır və bu gün cənab Prezidentimizin tapşırıqlarına əsasən və şəxsi nəzarəti altında Kəlbəcərdə də iri layihələr həyata keçirilir.

Hazırda Kəlbəcərdə bərpa-yenidənqurma işləri aparılır,yeni infrastruktur qurulur,rayon dirçəldilir.Kəlbəcərin Yanşaq kəndində ümumilikdə 421 ailənin məskunlaşması planlaşdırılıb.Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 121 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub.

Birinci mərhələdə kəndə 218 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır.Burada,həmçinin 264 şagird yerlik məktəb, 80 yerlik uşaq bağçası tikiləcək. Kəlbəcər rayonunun Zallar kəndində ümumilikdə 487 ailənin məskunlaşması nəzərdə tutulub.

Kəlbəcər rayonunun ərazisində Tərtər çayının sol qolu olan Meydan çayının üzərində 3,4 meqavatlıq kiçik su elektrik stansiası tam yenidən qurulub.Rayonun qərbində Tərtər çayı üzərində yerləşən 8,33 meqavat gücündə  “Çıraq-1” və 5,3 meqavat gücündə olan “Soyuqbulaq”,Qaraarxac çayı üzərində 3,6 meqavat gücündə “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları “Azərenerji” ASC tərəfindən tamamilə yenidən qurulub.

16.08.2021-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcər rayonuna səfər etmiş və yenidənqurma işləri ilə şəxsən tanış olmuşdur. Bu səfərində İlham Əliyev Ömər aşırımı ilə tanış olmuş,arıçılarla görüş keçirmiş, Kəlbəcər şəhərində Dövlət bayrağını ucaltmış,Kəlbəcər şəhərində yaradılmış “N” saylı hərbi hissənin şəraiti ilə yaxından tanış olmuşdur. Müzəffər Ali Baş Komandan İlham Əliyev 26.06.2022-ci ildə yenidən Kəlbəcər rayonuna səfər etmişdir.Cənab İlham Əliyevin bu səfərində “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının açılışı olmuş, Kəlbəcər rayonunda hərbi hissənin açılışı olmuş,habelə, Kəlbəcər-Laçın avtomobil yolunun inşası ilə tanışlıq olmuş və Kəlbəcərdə “İstisu” sanatoriyasının təməlqoyma mərasimi təşkil olunmuşdur.

27.05.2023-cü ildə cənab İlham Əliyev Kəlbəcər rayonuna yenidən səfər etmişdir.İlham Əliyevin bu səfəri isə Kəlbəcər rayonunun Yanşaq və Zallar kəndlərinin təməlqoyma mərasimi,hərbi hospitalın açılışı,ilk yaşayış məhəlləsi və məktəb binasının təməlqoyma mərasimləri ilə yadda qalmışdır.

İlham Əliyev 25.08.2023-cü ildə növbəti dəfə Kəlbəcər rayonuna səfər etmişdir.Müzəffər Ali Baş Komandanın bu səfəri də Kəlbəcərdə “Soyuqbulaq”, ”Çıraq-1”, ”Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının və Zar kəndinin təməlqoyma mərasimi ilə yadda qalıb.

Cənab İlham Əliyevin 07.11.2023-cü ildə Kəlbəcərə növbəti səfəri zamanı isə Kəlbəcərin Vəngli kəndinə baxış,infrastrukturun yenidən qurulması,Toğanlı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi baş tutub.

02.09.2024-cü ildə isə Müzəffər Ali Baş Komandan İlham Əliyev növbəti dəfə Kəlbəcərə səfər etmişdir. Bu səfər “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışı,Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlqoyma mərasimi, Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlqoyma mərasimi,inzibati binanın təməlqoyma mərasimi,o cümlədən,Kəlbəcərdə “İstisu” mineral su zavodunun açılışı ilə yadda qalıb.