Brüssel görüşü zamanı Prezident cənab İlham Əliyevin əldə etdiyi siyasi qələbə onun apardığı uğurlu siyasətin nəticəsidir
Vaqif Qurbanov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
8 noyabr 2020 düşmən üzərində qazanılan qələbə, 30 il işğal altında olan və sonunda Prezident cənab İlham Əliyevin qətiyyəti və rəşadətli ordumuzun qəhramanlığı ilə doğma torpaqlarımızın azad olunması xalqımızın müharibə meydanında məğlubedilməzliyini göstərən, tarixin yaddaşına qızıl hərflərlə yazılan tarixi zəfərdir. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi kimi əsas amillər ölkəmizin İkinci Qarabağ müharibəsində qələbənin qazanmağına səbəb oldu.
Himayədarlarına arxalanan erməni silahlıları atəşkəsi dəfələrlə kobudcasına pozaraq Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması ilə əlaqədar keçirilən görüşlərdə əldə olunan razılaşmanın prinsiplərini yerinə yetirmək istəmirdilər. Bu kimi hallar münaqişənin uzadılmasına səbəb olaraq regionun inkişafına mənfi təsirini göstərir. Münaqişənin həllinin uzatmaqla vaxt qazanaraq münaqişənin öz xeyrinə həll olunacağı arzusunda olan mənfur qonşular himayədarlarının köməyinə ümid bəsləyirdilər. Ancaq öz xalqını yalan vədlərlə aldadan Ermənistan rəhbərliyinin Minsk Qrupunun fəaliyyətinin bərpa olunması arzusu, Prezident cənab İlham Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində puça çıxmışdır. Ermənistan dövlətinin rəhbərliyinin səriştəsizliyi onun regionda həyata keçirilən beynəlxalq layihələrdən kənarda qalmasına səbəb olmuşdur.
“Döyüş meydanında qazanılan qələbənin davamlılığının təminatı, siyasət meydanında əldə olunan uğurlardan asılıdır” prinsipini əsas tutaraq müzəffər Ali Baş komandan, Preziden cənab İlham Əliyev siyasət masasında da qətiyyəti ilə güclü siyasətçi olduğunu bir daha sübut etmişdir. Prezident münaqişənin dinc yolla, yalnız Azərbaycanın ərazi bütövlüyünün tanınması prinsipləri çərçivəsində həll olunacağından başqa bir yolun olmadığını siyasi kürsülərdən öz çıxışlarında dəfələrlə səsləndirmişdir.
06 aprel 2022-ci il tarixdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Cənubi Qafqaz regionunda sülhün, sabitliyin təmin olunmasına dair müzakirələrin davam etdirilməsi və hər iki ölkə ilə münasibətlərinin inkişafı üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanı qəbul etmişdir. 4 saat yarımdan artıq davam edən konstruktiv keçən üçtərəfli görüş zamanı Azərbaycanın irəli sürdüyü, regionda sabitlik, təhlükəsizlik və inkişaf üçün vacib olan beş maddəlik təklifi Nikol Paşinyan tərəfindən qəbul edilib. Təqdim olunmuş beş maddəlik təklifin hər biri tamamilə beynəlxalq hüququn hamı tərəfindən qəbul olunmuş norma və prinsiplərinə əsaslanır. Bu baxımdan Brüssel görüşü zamanı Prezident cənab İlham Əliyevin əldə etdiyi siyasi qələbə onun apardığı uğurlu siyasətin nəticəsidir. Prezident İlham Əliyevin irəli sürdüyü sülh modeli təkcə Azərbaycan deyil, bütün region dövlətlərinin təhlükəsizliyi və inkişafı üçün açar rolunu oynayır. Bir daha sübut olundu ki, Azərbaycan həm müharibə, həm də siyasət meydanında güclü dövlətdir. Brüssel görüşü, Azərbaycanın mənafeyinə uyğun, regionun sülh və əminamanlıq içərisində inkişafı üçün atılan çox əhəmiyyətli bir addımdır.