Bolqarıstanla ölkələrimiz arasında səmərəli siyasi dialoq mühiti formalaşıb

Bolqarıstanla ölkələrimiz arasında səmərəli siyasi dialoq mühiti formalaşıb
Elburus Xəlilov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu,  Hövsan Bələdiyyəsinin sədri

Cari ilin 8 may tarixində Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin ölkəmizə çox zəngin proqramla rəsmi səfərdə olub. Səfər çərçivəsində ölkəmizin rəhbərinin keçirdiyi mühüm görüşlər və iştirak etdiyi tədbirlər Azərbaycan-Bolqarıstan əlaqələrinin, eləcə də ölkəmizin Avropa ölkələri ilə əməkdaşlığına çox mühüm töhfə vermiş oldu. Avropada Azərbaycan təbii qazından faydalanacaq ölkələrdən biri də Bolqarıstandır.

Azərbaycan təbii qazının Bolqarıstana çatdırılması ilə ölkələrimiz arasında münasibətlər yeni mərhələyə yüksələcək. Bir neçə ildir ki, Azərbaycan qazı Avropa bazarlarına çıxarılır və indi isə o, Bolqarıstana daxil olur. Möhtərəm Prezidentimiz çıxışı zamanı Azərbaycan Cənub Qaz Dəhlizini başlayan tərəf olmaqdan qürur hissi duyurduğunu, uzun illər Azərbaycanın beynəlxalq bazarda və ilk növbədə, Avropa bazarında etibarlı neft təchizatçısı olduğunu bildirmişdir.

Azərbaycan beynəlxalq aləmdə əməkdaşlığa açıq bir dövlətdir. Ölkəmiz bir çox dövlətlərlə o cümlədən, Bolqarıstanla yüksək səviyyədə əlaqələr qurmağa nail olmuşdur. İki ölkə arasında əlaqələrə nəzər salsaq dövlətlərarası əlaqələrimizin zəngin tarixi olduğunu və ölkələrimiz arasında  münasibətlərin yüksələn xətlə inkişaf etdiyini görərik.

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 32-ci ildönümünə təsadüf edib. Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulmuş və həyata keçirilən uğurlu siyasət nəticəsində bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlmişdir. 

Heç şübhəsiz, bundan sonra da Azərbaycan və Bolqarıstan arasında yeni əməkdaşlıq imkanları araşdırılacaq. İqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox böyük imkanlar mövcuddur. Bolqarıstan şirkətləri Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət olunacaqdır. Bütün bunlar göstərir ki, Bolqarıstanın timsalında Azərbaycanın Avropadakı dostlarının sayı artır.

Ümumilikdə Azərbaycan-Bolqarıstan münasibətlərində görürük ki, iki ölkə arasında 60-dan çox sənəd imzalanıb, Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir, iki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur və bu imkanlardan səmərəli istifadə edilməsi əsas məqsəddir.

Ölkəmizin xarici siyasətində bir daha şahid oluruq ki, Azərbaycan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bir çox dünya ölkələri ilə öz milli maraqları çərçivəsində qarşılıqlı əməkdaşlıq edir.