“Böyük qayıdışın simvolu – Füzuli”

“Böyük qayıdışın simvolu – Füzuli”

Məlahət İsmayılova 

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

Azərbaycan Respublikasının qalib ordusu 44 günlük Vətən müharibəsində - 17 oktyabr 2020-ci ildə Füzuli şəhərini və rayonun bir çox kəndlərini işğaldan azad etməklə ölkəmizin tarixində yeni bir səhifə açdı.Düşmən tərəfindən dağılmış bu qədim torpaq qısa zamanda yeni həyat qazanmağa başladı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Füzuli şəhəri “Böyük Qayıdış” proqramı çərçivəsində sürətlə bərpa olunur.

Füzuli rayonu tarixi və dini abidələrlə, zəngin mədəni irsi ilə Azərbaycanın ən gözəl bölgələrindən biridir. İşğaldan azad olunduqdan sonra bu ərazilərin dirçəldilməsi məqsədilə dövlət səviyyəsində ardıcıl layihələr icra olunur. Prezident İlham Əliyevin tapşırığı ilə yeni kənd və qəsəbələrin təməli qoyulub, yollar, məktəblər, xəstəxanalar, su və enerji xətləri yenidən qurulub.

Füzuli şəhərinin ən böyük uğurlarından biri 2021-ci ildə inşa edilən Füzuli Beynəlxalq Hava Limanıdır. Bu hava limanı azad olunmuş ərazilərdə tikilən ilk beynəlxalq hava limanı kimi tarixə düşüb. Qısa müddətdə - cəmi səkkiz ay ərzində inşa edilən bu mühüm obyekt təkcə Füzuli rayonunun deyil, bütün Qarabağ bölgəsinin inkişafına təkan verib.

2023-cü ildən etibarən Prezident İlham Əliyev Füzuliyə bir neçə mühüm səfər edib. 5 may 2023-cü ildə Pirəhmədli və Dədəli kəndlərinin, həmçinin Füzuli-Hadrut avtomobil yolunun təməli qoyulub. Şəhərdə yeni yaşayış komplekslərinin, sosial obyektlərin və Rəqəmsal İdarəetmə Mərkəzinin inşası başlanılıb. Avqust ayında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Füzuli Beynəlxalq Hava Limanına səfər edib və bu səfər qardaş ölkələr arasında dostluq rəmzinə çevrilib.

Füzuli rayonu 2024-cü ildə bir sıra beynəlxalq görüşlərə ev sahibliyi edib. Qırğızıstan Prezidenti Sadır Japarov, Belarus Prezidenti Aleksandr Lukaşenko və digər dövlət başçıları Füzuliyə səfər edərək bərpa işləri ilə tanış olublar.

Füzuli şəhərində təhsil və mədəniyyət sahələrinə də xüsusi diqqət yetirilir. Mirzə Uluqbəy adına tam orta məktəb, uşaq bağçaları, idman və yaradıcılıq mərkəzləri inşa olunub. Bu obyektlər gələcəkdə Füzulinin yeni sakinlərinin rahat və firavan həyatını təmin edəcək.

2025-ci ildə Füzuli-Şuşa avtomobil yolunun açılışı və Qaraxanbəyli kəndinin təməlqoyma mərasimi bölgənin inkişafında növbəti mərhələni təşkil edib. Bütün bu işlər dövlətin işğaldan azad olunmuş ərazilərə qayğısının, xalqın doğma torpaqlara dönüşünün təntənəsidir.

Bu gün Füzuli şəhəri təkcə yenidən qurulan bir ərazi deyil, həm də Azərbaycan xalqının iradəsinin, vətən sevgisinin və birliyinin simvoludur. Füzuli şəhəri yaxın illərdə Cənubi Qafqazın ən müasir və abad şəhərlərindən birinə çevriləcək.