Kifayət Məmmədova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 87 nömrəli tam orta məktəbin müəllimi
Yeddi rayonu və Qarabağın bir hissəsini Azərbaycan 2020-ci il müharibəsindən sonra geri qaytarıb. Və 2023-cü ilin sentyabr ayının sonunda faktiki olaraq mübahisəli bölgənin bütün ərazisini nəzarətə götürüb. Azərbaycan 30 ilə yaxın gözlədiyi qələbəni qeyd edir. Torpaqlarımızın 30 il işğal altında qalması ən çox qaçqın və məcburi köçkünlərimizin həyatına təsir etdi. Lakin Azərbaycan dövləti tərəfindən hər zaman məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu istiqamətdə verdiyi tapşırıqların icrasına birbaşa özü nəzarət edib. Bəli, bu gün isə qalib Azərbaycan dövləti öz torpaqlarını erməni işğalından azad edib və artıq keçmiş məcburi köçkün vətəndaşlarımızın öz yurd-yuvalarına qayıtması üçün Qarabağda sürətli abadlıq-quruculuq işləri həyata keçirilir.
“Böyük Qayıdış” proqramının tam icra edilməsi dövlət siyasətinin əsas prioritet istiqamətidir. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və əksər səfərlərdə onu müşayət edən Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad olunmuş bölgələrimizə etdikləri hər bir səfər həmin ərazilərin əsl sahiblərinin, keçmiş məcburi köçkünlərin ora qayıdışını bir addım daha sürətləndirir. Baş tutan hər səfər yeni infrastruktur layihələrinin icrasına başlanması, təməlqoyma mərasimlərinin keçirilməsi, ayrı-ayrı şəhərlərin baş planlarının təsdiq olunması, yeni innovativ layihələrin icra olunması və daha əvvəlki səfərdə nəzərdə tutulmuş təmir bərpa işlərinin yekunlaşması ilə müşahidə olunur. Bunların hər biri onu göstərir ki, Azərbaycan dövləti, Ali Baş Komandan Prezident İlham Əliyev Vətən müharibəsi dövründə göstərdiyi qətiyyəti, bərpa-quruculuq işlərində də göstərir. Üç il ərzində Azərbaycan öz qələbəsinin nümayişi üçün gözəl bir vitrin yaradıb.
Qarabağ nəhəng tikinti meydanına çevrilib. Yollara yeni asfalt döşənir, məscidlərə yeni üzlüklər çəkilir, körpülər salınır, hava limanları tikilir. Burada hərbçilərdən, minaaxtaranlardan və hətta mülki vətəndaşlardan da çox işçi var. Qarabağın su resursları, münbit torpaq şəraiti, iqlimi imkan verir ki, Azərbaycanın gələcəkdə də ərzaq təhlükəsizliyi problemini həll etsin. Qısa zamanda Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevriləcək. Bu məsələ dövlətin strateji hədəfinə çevrilib və “Böyük Qayıdış” planına uyğun olaraq, məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması üçün dövlət bütün imkanlarını səfərbər edib. Hazırda həmin ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun bərpası, yolların çəkilişi, məktəb, xəstəxana tikintisi sürətlə davam edir.