Cəmilə Ağayeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı Rayonu, Əmircan Bələdiyyəsinin sədri
Bəşəriyyət yaranandan ünsiyyətə ehtiyac duyulub. İnsan övladına Uca Tanrı tərəfindən bir çox nemətlər verilib, eləcə də özünü ifadə etmək mədəniyyəti... İnsanlar biri-biriləri ilə dialoq quraraq, müəyyən məsələləri həll edə bilirlər. Bu dialoqların dövlətlər arasında qurulması isə hər zaman cəmiyyətin, ümumilikdə dünyanın inkişafına müsbət təsir göstərir... Azərbaycan dövləti hər zaman öz milli-mənəvi dəyərləri ilə zəngin və eyni zamanda istiqanlı olmağı ilə başqa dövlətlərdən müsbət mənada fərqlənmişdir. Bəlkə də coğrafi cəhətdən Şərq və Qərb arasında yerləşməyimiz, bizlərə özəllik və gözəlliklər bəxş edib. Eyni zamanda dini inancımız olan İslam, bizlərin hər birinə sülhsevərliyi, dostluğu, mərhəməti aşılayıb.
Ölkəmizdə hər dövrdə müxtəlif xalqların nümayəndələri ilə birlikdə yaşamaq və dialoq qurmaq çətin olmayıb. Azərbaycan dövləti hər zaman multikultural dövlətdir. Sevindirici haldır ki, dövlətimizin günü–gündən inkluziv inkişafı, dünya dövlətlərinin marağına səbəb olur. Bütün bu irəliləyişə görə Prezidentimiz, Ali Baş Komandan, dövlətini, millətini hər zaman layiqli təmsil edən Yenilməz Sərkərdəmiz cənab İlham Əliyevə öz minnətdarlığımı bildirirəm.
Bu gün doğma Bakının küçələrində, simalarında böyük məmnunluq hissi olan xariciləri gördükcə, çox sevinir və fərəhlənirəm. Deməli Azərbaycanın inkişafına görə bu gün insanlar səyahət üçün bu dövləti seçirlər. Çünki dünyada baş verən qarışıq hadisələr, müharibələr göstərir ki, ən güvəncli ölkə elə bizik! 44 günlük müharibə də, bizim dostluğumuz kimi hətta döyüşdə də, mərdliyimizi göstərdi.
Bu gün Azərbaycan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etdikcə, özünü daha da yaxşı tərəfdən dünya ölkələrinə tanıdır və eyni zamanda bu tanıtımdan dövlətin iqtisadiyyatı güclənir.
Bu günlərdə yenə də dünyanın diqqəti Bakıdadır! 1may tarixində Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirildi. Bu forumda 110 ölkənin nümayəndəsi iştirak edirdi. Forumda çıxış edən Prezidentimiz İlham Əliyev cənablarına televiziya vasitəsi ilə qulaq asdıqca, hadisələr xronologiya ilə göz önünə gəlir... 2020-ci ildən bu yana, bəşəriyyətin bəlası olan pandemiya, onun bütün ölkələrə təsiri, belə çətin dövrdə bizim dövlətin güclü iradəsi, siyasəti, qabiliyyəti, milli ruhu və qalibiyyəti!
Bir sözlə sadaladıqca, düşünürəm ki, necə gözəl dövlətim, mərd xalqım, millətim var! Necə gözəl ləyaqətli, özünü istər oğul kimi, istər lider kimi, istərsə də dövlət başçısı kimi doğruldan Prezidentim var!
Düşünürəm ki, Azərbaycan əmin əllərdədir.