Biznes mühitinin təkmilləşdirilməsi uğurun əsas amillərindən biridir

Biznes mühitinin təkmilləşdirilməsi uğurun əsas amillərindən biridir

Qurbanəli İslamov

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı RİHB-nın Hövsan Qəsəbə İnzibati Ərazi Dairə üzrə Nümayəndəsi

Ölkəmizdə bərpaolunan enerji potensialının olduqca yüksək olması Azərbaycanın tezliklə "yaşıl enerji" ixracatçısına çevrilməyi deməkdir. Ölkəmiz zəngin neft və təbii qaz ehtiyatlarına malik dövlətlərdən olsa da, yeni çağırışlara uyğun olaraq hazırda dövlətimizin qarşısında duran prioritet istiqamətlərdən biri də bərpaolunan enerjiyə sürətli keçiddir. Azərbaycan ötən illər ərzində bu sahədə apardığı uğurlu siyasət sayəsində ölkədaxili enerji təhlükəsizliyini yüksək səviyyədə təmin edib. Respublikamızın enerji sektoru üzrə qarşıdakı hədəfi bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsidir.

Cənab Prezident İlham Əliyev işğaldan azad edilmiş əraziləri - 10 min kvadratkilometr ərazini “yaşıl enerji” zonası elan edib. Burada artıq bir neçə su-elektrik stansiyası inşa edilib və fəaliyyətə başlayıb. Günəş və külək-elektrik stansiyalarının yaradılması ilə bağlı isə konkret planlar var. Bir sözlə, həmin bölgələrin potensial imkanı böyükdür. Artıq dəqiq hesablamalar aparılıb və günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. İlkin addımlar da atılır.

2023-cü il 19 yanvar tarixində Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev çıxışında söyləmişdir: Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. İstənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirakı, Forum çərçivəsində keçirdiyi görüşlər kifayət qədər uğurludur. Davos Forumu Azərbaycanın inkişafını, imkanlarını dünyaya təqdim etmək baxımından mühüm platformadır. Forumun proqramı dünyanın ən aktual problemlərinin həlli üçün dövlət və özəl sektoru tərəfdaşlığa, dünya liderlərini enerji, iqlim və ticarət sahələrində birgə işləməyə çağırır. Budəfəki forumda müdafiə tədbirlərini proaktiv, uzaqgörən siyasətlərə və biznes strategiyalarına çevirmək yollarının tapılması diqqət mərkəzindədir. Qlobal problemlərin müzakirə olunduğu və dünyanın iqtisadi həyatında önəmli qərarların verildiyi Dünya İqtisadi Forumuna cənab Prezident İlham Əliyevin növbəti dəfə dəvət olunması dövlətimizin başçısının beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisidir.

Xalqın inamını, gücünü səfərbər edərək zəfərdən-zəfərə apara bilən, Ulu Öndər Heydər Əliyev yolunun layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmiz günü-gündən inkişaf edir. Qarabağ Qələbəsi ilə cənab Prezident İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı. Xalqının Zəfər salnaməsini yaradanlardan oldu. Yoxsulluq içində çabalayan bir dövləti iqtisadi-siyasi-hərbi cəhətdən qüdrətləndirib dünyada tanıtdı. Zəfər müharibəsində qurduğu ordu ilə düşmən üzərində qələbə çalaraq yalnız 30 il işğal altında olan torpaqları yox, xalqın ruhunu, qəhrəmanlıq hissini, qurub-yaratmaq əzmini, eyni zamnda qürurunu geri qaytardı. Qəhrəman xalqın qəhrəman liderinə çevrildi. Hər nəfəsimizdə qazandığımız uğurlara görə Zəfərimizin müəllifi cənab İlham Əliyevə minnətdarlıq hissi ilə yaşa Prezidentimiz, yaşa deyirik!