BİZİM BAYRAĞIMIZ QÜRÜR MƏNBƏYİMİZDİR, BİZİM BAYRAĞIMIZ CANIMIZDIR,ÜRƏYİMİZDİR
Lalə Qafarova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
2 nömrəli Uşaq Reabilitasiya Mərkəzinin əməkdaşı
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixində imzaladığı sərəncamla hər il noyabrın 9-u ölkədə “Dövlət Bayrağı” günü kimi qeyd edilir. Dövlət rəmzləri və bayraqlar bizə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin tarixini öyrənməyə, araşdırmağa geniş imkanlar açır.
21 iyun 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bayrağının təsdiq edilməsi ilə tarixi yaddaşımıza daxil olmuşdur. Bayraq azərbaycançılıq və dövlətçiliyimizin ideoloji bazasını, xalqın varlığını təcəssüm etdirən baza olmaqla yanaşı, özündə həm də dövlətçiliyin əsas atributlarını da əks etdirir.
Hər bir ölkənin müstəqilliyinin əsas atributları sayılan dövlət rəmzləri xüsusi əhəmiyyət daşıyır. Müstəqil Azərbaycan Respublikası da dünya birliyinin tam hüquqlu üzvü kimi müvafiq dövlət rəmzlərinə malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 23-cü maddəsinin 1-ci bəndində deyilir: “Azərbaycan Respublikasının dövlət rəmzləri-Azərbaycan Respublikasınln Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir. Hər bir vətəndaş dövlət rəmzlərinin məna və mahiyyətini dərindən dərk etməklə milli mənəvi dəyərlərin qədrini daha yaxşı bilir.
Azərbaycan Respublikasının Dövlət bayrağının, Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və Azərbaycan Respublikasının Dövlət himninin musiqisi, mətni Konstitusiya qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət bayrağına hörmətlə yanaşmalıdırlar.
Ulu Öndər Heydər Əliyev deyirdi: “Azərbaycan Bayrağı sadəcə bayraq deyil, o bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Ona görə gərək hər bir Azərbaycan vətəndaşı xüsusən də gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.
Cənab Prezident İlham Əliyev hər zaman dövlət rəmzlərinə yüksək dəyər verir. Üçrəngli bayrağımızın Müstəqil Azərbaycan Respublikasının simvolu, xalqımızın qürür mənbəyi olduğunu vurğulayan dövlətimizin başçısı deyir: “BİZİM BAYRAĞIMIZ QÜRÜR MƏNBƏYİMİZDİR, BİZİM BAYRAĞIMIZ CANIMIZDIR,ÜRƏYİMİZDİR”