Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik

Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik

Şəms Həmişova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 208 nömrəli tam orta məktəbin müəllimi

Hər bir xalqın tarixi onun mübarizəsi, əzmi və dövlətçiliyi ilə ölçülür. Azərbaycan xalqı da öz şanlı keçmişi və bu günkü müstəqilliyi ilə sübut etmişdir ki, vətən uğrunda canından keçməyə hazır olan igid övladlara malikdir. Bu mənada 26 iyun tarixi – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü – təkcə rəsmi bayram yox, həm də müstəqilliyimizin, ərazi bütövlüyümüzün və milli qürurumuzun təntənəsidir.

Azərbaycan Ordusunun formalaşması XX əsrin əvvəllərinə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk nizami hərbi hissələrin yaradılmasına əsaslansa da, müasir və güclü Silahlı Qüvvələrimizin qurulması Ulu Öndər Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. 1969-cu ildən etibarən ordu quruculuğu məsələsinə sistemli şəkildə yanaşan Heydər Əliyev bu sahədə mühüm islahatların əsasını qoydu. Onun “Ordu xalqın bir hissəsidir” fikri, xalqla ordu arasında sağlam mənəvi birliyin möhkəmləndirilməsi ideyasının təməl daşı oldu.

Bu gün isə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu təkcə regionda deyil, dünya miqyasında güclü ordular sırasında yer almaqdadır. Dövlət başçısının rəhbərliyi altında aparılan hərbi islahatlar, hərbi sənaye kompleksinin qurulması, texnoloji modernləşmə, komando qüvvələrinin yaradılması və gənclərin hərbi təhsilə cəlbi istiqamətində mühüm addımlar atılmışdır.

Azərbaycan Ordusunun gücü 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci il Günnüt əməliyyatında və xüsusilə 2020-ci il 44 günlük Vətən müharibəsində öz parlaq təzahürünü tapdı. Prezident İlham Əliyevin dediyi kimi: “Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik.”

Bu Zəfər təkcə hərbi qələbə deyildi, bu, həm də Azərbaycan xalqının ləyaqətinin, dözümünün və milli ruhunun zəfəri idi. Bu Qələbə ilə Azərbaycan yalnız ərazi bütövlüyünü bərpa etmədi, həm də beynəlxalq hüququ və tarixi ədaləti öz gücü ilə təmin etdi.

Dövlət tərəfindən Silahlı Qüvvələrə göstərilən diqqət bu gün də davam etdirilir. Hərbi qulluqçular üçün sosial təminatlar artırılır, hərbi təhsil sistemi genişləndirilir, kursant və hərbi lisey şagirdləri üçün maddi stimullar tətbiq olunur. 2024–2025-ci tədris ilindən etibarən hərbi təhsil alan kursantlara birdəfəlik və aylıq təqaüdlərin verilməsi, zabitlərə ipoteka güzəştlərinin tətbiqi bu siyasətin bariz nümunələrindəndir.

26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü təkcə bir bayram deyil, bu, xalqımızın əzmini, gücünü və azadlıq əqidəsini simvolizə edən müqəddəs tarixdir. Bu gün Azərbaycan əsgəri dünyanın hər yerində iftixarla “Müzəffər Ordu”nun bir üzvü olduğunu sübut edir. Ordu quruculuğunda Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm təməllər, Prezident İlham Əliyevin qətiyyətli siyasəti ilə əzəmətli bir nəticəyə – tarixi Zəfərə çevrilmişdir.