Biz öz Zəfər missiyamızı məhz Füzuli rayonundan başlamışıq

Biz öz Zəfər missiyamızı məhz Füzuli rayonundan başlamışıq
Leyli Rüstəmova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 315 nömrəli tam orta məktəbin direktor vəzifəsini icra edən
1993-cü il avqustun 23-dən Ermənistanın işğalı altında qalan Füzulinin 2020-ci il oktyabrın 17-də qəhrəman Azərbaycan Ordusu tərəfindən azad edilməsi həm hərbi, həm də tarixi baxımdan böyük əhəmiyyət kəsb edir. Əvvəlcə rayonun tarixinə qısa bir nəzər salaq. Rayonun ilk adı Qarabulaq olub, 1930-cu ildə isə Qaryagin adlandırılıb. 1959-cu ilin aprel ayında dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə rayona Füzuli adı verilib.
Əlverişli strateji coğrafi mövqedə yerləşən Füzuli rayonu zəngin mədəniyyətə sahib olmuşdur. Burada zəngin tarixi mədəniyyət və memarlıq abidələri - mağara və kurqanlar, çoxlu sayda türbə, qəbirüstü abidələr, at, qoç fiqurları, körpülər mövcuddur. Təəssüf ki, bu nadir abidələrin bir çoxu, eləcə də Azıx mağarası erməni vandalizminin qurbanına çevrilib. Füzuli torpağı həm də görkəmli şəxsiyyətlər yetişdirib, yazıçıları, muğam ustaları ilə tanınıb.
Füzuliyə uğurlu yolun başlanğıcı hələ 1994-cü il 5 yanvarda başlamışdır. Ulu öndərin gərgin əməyi və uzaqgörən siyasəti nəticəsində Füzuli rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50%-ə qədəri yaşayırdı.
2020-ci ildə, 44 günlük müharibə zamanı silahlı qüvvələrimizin ilk uğurlu hərbi əməliyyatları məhz Füzuli rayonundan başlayıb. Müharibənin ilk günündə - sentyabrın 27-də Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri və Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib. İşğalçı Ermənistan ərazinin necə böyük əhəmiyyət daşıdığını dərk edərək burada çox güclü istehkamlar qurmuş, mərhələli müdafiə xətti yaratmışdı. Buna baxmayaraq, bu istehkamları, yarıb keçmək ordumuzun qəhrəmanlığı və fədakarlığı sayəsində mümkün oldu. Bu istehkamları canı-qanı bahasına dağıdaraq irəliləyən qəhrəman əsgər-zabitlərimiz düşmənə Azərbaycan xalqının böyüklüyünü bir daha göstərdi.
Təbii ki, döyüşçülərimizin fədakarlığını görən düşmənin gözü qorxdu və onlar vahiməyə düşdülər. Gördülər ki, bizim əsgər-zabitlərimiz doğma torpaqları azad etmək üçün ölümə belə hazırdırlar. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib.
2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları bu medalla təltif olunmuşdur.
“Qarabağ Azərbaycandır və nida” sözlərini deyən Prezident İlham Əliyev Füzuli rayonuna səfəri ilə həmin nidanı qoymuş oldu. Siyasətdə və cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident İlham Əliyev bu zəfərin müəllifidir. Prezidentin 16 noyabr səfəri qalib xalqın qəhrəman Ali Baş Komandanının səfəridir. Bu, tarixi bir səfərdir. Qazilər ilə görüşdə “Mən hər zaman Sizin yanınızda olacağam”, xalqa müraciətində “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” deyən Prezident İlham Əliyev, Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə, eyni zamanda, “Hər bir hərbçinin Ali Baş Komandanı” olduğunu aşkar şəkildə nümayiş etdirmiş oldu.
Biz öz Zəfər missiyamızı məhz Füzuli rayonundan başlamışıq - deyə vurğulayan cənab Prezident bildirib ki, bu gün Füzulidə olarkən hər kəs erməni vəhşiliyinin təzahürlərini görür. Çünki Füzuli ən çox dağıntılara məruz qalmış rayondur. Bir dənə salamat kənd yoxdur, bir dənə salamat bina yoxdur."
“Biz Füzuli şəhərini və Füzuli rayonunun kəndlərini bərpa edəcəyik. Azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, vətəndaşlar öz doğma ocaqlarına qayıdacaqlar.” deyə bəyan edən cənab Prezidentin gərgin əməyi, uzaqgörən siyasəti, uğurlu diplomatiyası sayəndə Azərbaycan dünyada öz qabaqcıl yerini uzun müddət qoruyub saxlayacaq.