Birgə əməkdaşlıq təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə öz töhfəsini verəcəkdir

Birgə əməkdaşlıq təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə öz töhfəsini verəcəkdir

Rafiq Ismayilov

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

"Dental Clinic" stomatoloji mərkəzinin direktoru

Oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi olub.Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildiirb: "Biz yaşıl gündəliyə doğru irəliləyirik. Bu, məqsədli seçimdir. Bugünkü layihə gələcəkdə həyata keçiriləcək çoxsaylı layihələrin birincisidir. Qeyd etdiyim kimi, bu gün üç investisiya sazişi imzalanacaq, lakin bizim planlarımız daha genişdir. Biz mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq."

Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayır. Ölkəmizin  enerji siyasəti, yeni dövrün tələbi olan alternativ enerjidən istifadə ilə bağlı gördüyü işlər, eləcə də hədəfləri dünyanın diqqətindədir. Azərbaycanın 1994-cü ildən bəri iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrlə regional inkişafa, dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri göz önündədir. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi ilə regional əməkdaşlığın əsası qoyuldu. İllər keçdikdən sonra əməkdaşlığın coğrafiyasının genişləndirilməsinə böyük zərurət duyuldu.

Azərbaycanın bərpa olunan enerji mənbələrini uzun illər bundan əvvəl inkişaf etdirmək qərarı təkcə enerji təhlükəsizliyi ilə bağlı deyildi. Bu, cəsarətli və düşünülmüş qərar kimi dəyərləndirildi. Bu qərar, eyni zamanda, yeni sənaye sahələrini inkişaf etdirmək, yeni iş yerləri yaratmaq, “yaşıl” iqtisadi artım üçün strateji addım kimi xarakterizə edildi.  Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir. Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri hökumətinə, Azərbaycan iqtisadiyyatının inkişafına verdiyi töhfəyə və yaşıl enerjiyə keçidlə bağlı ölkəmizə sadiqliyinə görə “Masdar” şirkətinə, onun rəhbərliyinə təşəkkür etməklə bunu tərəfdaşlığımızın və dostluğumuzun yaxşı nümunəsi hesab etdi.  Ölkə başçısı  bu hədəfi açıqladı ki, növbəti illərdə qısa müddət ərzində milli enerji şəbəkəmizin gücləndirilməsini təmin edəcək dövlət proqramını icra etməyi planlaşdırırıq.