Bayraq, gerb və himn hər bir ölkənin rəsmi dövlət atributu sayılır

Bayraq, gerb və himn hər bir ölkənin rəsmi dövlət atributu sayılır

Qurbanəli İslamov

Suraxanı RİHB-nıın Hövsan QİƏD üzrə nümayəndəsi

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini

Tarixi şəxsiyyətlər xalqın taleyi üçün yaşayır. Belə tarixi şəxsiyyətlərin ömrü xalqının ömrünə düşən işığa dönür. Bu işıq əbədiyyət işığıdı. Xalqımız bu işıqda dövlət oldu, bu işıqda yaşatdı dövlətçiliyini. Əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlər də belə tarixi şəxsiyyətlərin əvəzsiz xidmətləri ilə yaşadılıb. Qürurla "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" deyən, bu amalıyla hamıya örnək olan, həyatının mənasını xalqa və dövlətə xidmətdə görən Ümummilli Lider Heydər Əliyev məhz belə dahilərdən olub.

Ulu öndər Heydər Əliyevin dövlətçilik yolu dünyaya bir günəş kimi doğan, günü-gündən inkişaf edən  müstəqil Azərbaycan Respublikasının idarəçilik yolu, siyasi kurs və dövlətçilik fəlsəfəsidir. Bu baxımdan, Ulu öndər Heydər Əliyevin Azərbaycanın Dövlət Bayrağı və digər dövlət rəmzlərinə olan qayğısı da həmişə ölkəmizdə ön planda tutulmuş, uğurla davam və inkişaf etdirilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin atributu olan üçrəngli, ay-ulduzlu bayrağın yenidən Azərbaycanın müstəqillik rəmzinə çevrilməsi Ulu öndər Heydər Əliyevin tarixi xidmətləri ilə bağlıdır. Dövlət rəmzləri hər millətin qürur mənbəyidir. Azərbaycan Respublikasının dövlət rəmzləri Dövlət bayrağı, Dövlət gerbi və Dövlət himnidir. Azərbaycan vətəndaşları Vətənini sevir, dövlət rəmzlərinə hörmətlə yanaşır. Gələcəyimiz olan, yeni formalaşan nəslə Dövlət bayrağına, Dövlət gerbinə və Dövlət himninə dərin ehtiram hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi üçün mühümdür.

Bayraq, gerb və himn hər bir ölkənin rəsmi dövlət atributu sayılır. Azərbaycanın üçrəngli Milli  Bayrağı həm də müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir. Hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Ümummilli liderin bizə ərməğan qoyduğu müasir müstəqil Azərbaycanda onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin milli ideallara bağlılığı həm də üçrəngli bayrağımıza münasibətdə açıq-aydın görünür.

"Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə"yə edilmiş əlavə və dəyişikliklərin təsdiqlənməsi, "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Qanunun imzalanması da bu yüksək ehtiramın ifadəsidir. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı digər bir Sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə rəsmi ucaldığı 9 noyabr (1918-ci il) tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edilmişdir. 2010-cu ildən etibarən noyabrın 9-u hər il respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur. 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılışı Prezident İlham Əliyevin bir daha dövlət rəmzlərimizə verdiyi dəyərin bariz nümunəsidir. Dünyanın ən uca bayrağı Bakıda Dövlət Bayrağı Meydanında dalğalanan Azərbaycan bayrağıdır.

Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng - islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

Bayraq bizim qürur mənbəyimizdir. Bu gün artıq qürur mənbəyimiz olan bayrağımız işğaldan azad edilmiş  Zəngilanda, Qubadlıda, Füzulidə, Cəbrayılda və bütün Qafqazın incisi, qədim mədəniyyət mərkəzi, Qarabağın mirvarisi olan Şuşa şəhərində  qürurla, vüqarla dalğalanır.