Bakı şəhəri və Abşeron yarımadasında mövcud olan bəzi problemlərin həlli yalnız lokal tədbirlərlə mümkün deyil

Bakı şəhəri və Abşeron yarımadasında mövcud olan bəzi problemlərin həlli  yalnız lokal tədbirlərlə mümkün deyil

Ənvər Haqverdiyev 

YAP Suraxanı rayon təşkilatının məsləhətçisi

Su həyatdır. Bu gün dünyada ən böyük qlobal problem müharibə, aclıq, səfalət deyil. Düşünürəm ki, ən böyük problem su çatışmazlığıdır. Dünya əhalisinin sayı artır, təbii qaynaqlar azalır. Müasir dünyada, xüsusi ilə quraq ərazilərdə şirin su ehtiyatlarının çatışmazlığı, azlığı ciddi milli və dünyəvi problemə çevirilib. Milli ona görə ki, hər bir xalq, dövlət ilk növbədə susuzluqla mübarizəni özü aparmalıdır. Öz təbii ehtiyatlarını düzgün qiymətləndirməli və təlabatına uyğun istifadəni təşkil etməlidir. Qlobal məsələdir, ona görə ki, axı dünyada su ehtiyatları, qaynaqlar birdir. Vahid evimiz olan dünyanın bir nöqtəsində yaranmış ekoloji problem, ehtiyatların çatışmazlığı digər hissələrə də təsirsiz ötüşmür.

Bu gün Azərbaycanın bütün sahələrdə inkişaf modeli beynəlxalq səviyyədə nümunə göstərilir. İqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması fonunda Azərbaycanın hərtərəfli inkişafına yönələn kompleks tədbirlər həyata keçirilir. Hər bir sahə strateji hədəf kimi qarşıya qoyulur  və ona uyğun dövlət proqramları tədbiq olunur. Azərbaycanın yüksək rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi tanınması da özündə mühüm çağırışları ehtiva edir. Bu amil dövlətimizə sosialyönümlü layihələrin icrası sferasında geniş hərəkət imkanları yaradır.

Hər zaman düşünmüşəm ki, cənab Prezident ölkənin strateji gündəmini, qalıqlaşmış problemlərin dilə gətirilməsini və lazımi işlərin görülməsi ilə bağlı yol xəritəsini məhz özü müəyyən edir. Bu da problemlərin tez və operativ həllinə xidmət edir. 2026–2035-ci illər üçün Dövlət Proqramının təqdimatı zamanı da biz eyni xətti görə bilirik. Bəzən yerli idarəetmə orqanlarının qarşısında hansısa bir məsələni qaldırarkən alınan cavab ondan ibarət olur ki, “bu məsələ ilə bağlı dövlət proqramı qəbul olunmalıdır”. Məhz bu kimi sosial-iqtisadi məsələlərin həlli üçün ali səviyyədə dövlət proqramları qəbul olunur.

Yanvarın 12-də keçirilən müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasını əhatə edən 2026–2035-ci illər üçün Dövlət Proqramının əsas istiqamətləri və icra mexanizmləri ilə bağlı konseptual mövqeyini açıqlamışdır. Dövlət başçısının çıxışı paytaxt və ətraf ərazilərdə uzun illər ərzində yığılıb qalmış su təchizatı, kanalizasiya və yağış sularının idarə olunması problemlərinin kompleks və sistemli şəkildə həllinə yönəlmiş strateji yanaşmanı ortaya qoyur.

Müşavirə zamanı Prezident cənab  İlham Əliyev çıxışında xüsusi olaraq vurğulamışdır ki, Bakı şəhəri və Abşeron yarımadasında mövcud olan problemlərin həlli yalnız lokal tədbirlərlə mümkün deyil və bu səbəbdən genişmiqyaslı, mərhələli və uzunmüddətli Dövlət Proqramının qəbulu zəruri idi. Bu yanaşma dövlətin infrastruktur siyasətində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Proqramın 10 illik dövrü əhatə etməsi onun miqyasını, texniki mürəkkəbliyini və strateji əhəmiyyətini aydın şəkildə nümayiş etdirir. Prezident İlham Əliyev qeyd etmişdir ki, işlərin keyfiyyətlə icrası üçün kifayət qədər vaxt ayrılıb, lakin eyni zamanda hər hansı ləngiməyə yol verilməməli, proseslər ciddi nəzarət altında həyata keçirilməlidir.

Düşünürəm ki, bu dövlət proqramının ən diqqət çəkən  məqamlarından biri 30-a yaxın yeni su anbarının tikintisinin nəzərdə tutulması su ehtiyatlarının yığılması, idarə olunması və mövsümi balanslaşdırılmasıdır.

Hər kəsə bəllidir ki, göstərilən xidmətinin dəyərinin ödənilməsi, xidmət səviyyəsinin yüksəlməsinə dəlalət edir. Lakin bu, elə bir amildir ki, meyyarlar ədalətli müəyyə olunmalıdır. Yəni, hesablayıcı maşınlarla, sayğaclarla əhali tam təmin olunmalıdır. Su təsərrüfatında səmərəliliyin artırılması məqsədilə sayğaclaşdırmanın 100 faizə çatdırılması və mövcud su itkilərinin 40–45 faiz səviyyəsindən kəskin şəkildə azaldılması proqramın əsas texniki hədəfləri sırasında yer alır. Bu tədbirlər mövcud su ehtiyatlarından daha rasional və qənaətli istifadəni təmin edəcək.

Digər bir əhəmiyyətli məqam isə Bakının 30 küçəsində yeni kollektor şəbəkəsinin qurulmasının nəzərdə tutulmasıdır.  Bu da öz növbəsində şəhər infrastrukturunun iqlim dəyişikliklərinə davamlılığını artıracaq və urbanistik riskləri əhəmiyyətli dərəcədə azaldacaq.

Qaynaqların zəif, hətta yox səviyyəsində olduğu bir dünyada yaşayırıq. Xüsusi ilə su qaynaqlarının meydana çıxarılması böyük əhəmiyyətə malikdir. Belə bir anda duzlu dəniz suyunun arındırılması çox əhəmiyyətli bir qaynaq hesab oluna bilər. Bu mərama xidmət etmək üçün ölkədə ilk dəfə olaraq duzsuzlaşdırma zavodunun inşası su təminatında keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Altıncı su mənbəyi kimi bu layihə Bakının və Abşeron yarımadasının su təhlükəsizliyini uzunmüddətli perspektivdə möhkəmləndirəcək.

Su təminatı ilə yanaşı bu dövlət proqramı kanalizasiya xidmətlərini və axıdılan tullantı sularını da əhatə edəcəkdir. Belə ki, kanalizasiya xidmətlərinin əhatə dairəsinin 50 faizdən 95 faizə yüksəldilməsi şəhər mühitinin sağlamlaşdırılması və əhalinin həyat keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə leysan yağışları zamanı paytaxtda yaranan problemlərin aradan qaldırılması üçün yağış sularının idarə olunması prioritet istiqamət kimi müəyyən edilmişdir.

Ümumillikdə görüləcək bu meqa layihələrə dövlət büdcəsi ilə yanaşı, xarici investorlar, xarici kreditlər də cəlb olunacaq. Bu dövlətin maliyyə yükünün azalmasına xidmət edəcək. Qurulacaq yeni sistemin müasir texnologiyalara əsaslanan dövlət idarəçiliyi idarə olunması başqa bir əhəmiyyətli məsələdir.

 Prezident cənab İlham Əliyevin yanvarın 12-dəki çıxışına və görüləcək işlərin miqyasına nəzər yetirərkən görürük ki, ölkə başçısı hər bir Azərbaycanlını narahat edən istənilən məsələ ilə şəxsən və birbaşa özü maraqlanır. Bu da xalq – iqtidar, iqtidar – xalq arasında olan möhkəm körpülərin olduğunu nümayiş etdirir.