Azərbaycan Ordusu sülhün və təhlükəsizliyin əsas təminatçısıdır
Rahilə Novruzlu
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 232 nömrəli tam orta ümümtəhsil məktəbinin müəllimi
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı: "1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə, yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq. Bizim ordumuzun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Biz bunu döyüş meydanında sübut edə bilmişik"
Prezident İlham Əliyevin bu sözləri sadəcə bir qiymətləndirmə deyil. Bu, bütöv bir əsrin qısa, lakin dolğun yekunudur. Bir tərəfdə 1918-ci ilin çətin günlərində, çatışmazlıq və qarışıqlıq içində ordu qurmağa cəhd edən gənc Cümhuriyyət, digər tərəfdə isə bu gün öz gücünü real döyüş şəraitində təsdiqləmiş müasir bir hərbi qüvvə.
Azərbaycan Milli Ordusunun əsası 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulmuşdur.Bu elə bir dövr idi ki, ölkə həm xarici təhdidlərlə, həm də daxili çətinliklərlə üz-üzə idi. Həmin dövrdə gənc dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri müstəqilliyini qoruyacaq, ölkənin ərazi bütövlüyünü təmin edəcək milli hərbi qüvvələrin yaradılması idi. O dövrün qurucuları üçün bu, sadəcə hərbi məsələ deyildi. Çünki müstəqil dövlətin mövcudluğu məhz bu qərardan asılı idi. Onlar bunu yaxşı anlayırdılar: öz ordusu olmayan dövlət tam müstəqil sayıla bilməz.
Cümhuriyyət cəmi 23 ay yaşadı, lakin qoyduğu təməl yaddaşlardan silinmədi. Müstəqilliyimiz 1991-ci ildə bərpa olunanda, ordu quruculuğu yenidən gündəmin ən yuxarı pilləsinə qalxdı. İlk illər asan olmadı.Çünki təcrübə az idi, vəsait məhdud idi, sistem hələ formalaşmamışdı. Vəziyyət yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra köklü şəkildə dəyişdi. Onun dövründə ordu pərakəndə hərbi hissələr toplusundan çıxıb vahid, idarə oluna bilən struktura çevrildi. Nizam-intizam bərpa edildi, peşəkar zabit korpusunun bünövrəsi qoyuldu, hərbçilərin sosial təminatı diqqət mərkəzinə alındı. Bu siyasət sonrakı illərdə Azərbaycan Ordusunun güclənməsi üçün möhkəm təməl yaratdı. Bu işlərin nəticəsini görmək üçün isə illər lazım idi.
Biz o nəticəni yüksək səviyyədə gördük. Azərbaycan ordusu son onilliklər ərzində tam yenilənib: yüksək dəqiqlikli raket sistemləri, müasir artilleriya, zirehli texnika, çoxşaxəli hava hücumundan müdafiə sistemləri və ən başlıcası — döyüş meydanında oyunun qaydalarını dəyişən pilotsuz uçuş aparatları. Ordumuz təkcə alınmış texnika ilə kifayətlənmir, yerli hərbi sənaye kompleksi sürətlə inkişaf edir, bir çox silah və sursatlar artıq ölkə daxilində istehsal olunur, bu da xarici asılılığı azaldır və müdafiə qabiliyyətini daha dayanıqlı edir.
Ordumuzun gücü yalnız texnikadan asılı deyil.Bütün bu imkanların arxasında dayanan çox böyük bir amil var. Bu heç şübhəsiz, döyüş ruhudur. Ən qabaqcıl texnika belə onu işlədən insanın iradəsi, hazırlığı və sədaqəti olmadan dəyər qazanmır. Azərbaycan əsgərinin torpağına bağlılığı, zabitinin peşəkarlığı və bütövlükdə xalqın öz ordusuna inamı ordumuzu belə yüksək səviyyəyə qaldırdı. Cənab Prezidentin "döyüş meydanında sübut edə bilmişik" sözləri konkret bir hadisəyə işarədir.