Bərpaolunan enerji ilə bağlı şirkətlər Azərbaycana böyük maraq göstərirlər

Bərpaolunan enerji ilə bağlı şirkətlər Azərbaycana böyük maraq göstərirlər

Məcid Rəsulov

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu, 140 saylı tam orta məktəbin direktoru

Azərbaycan ötən illər ərzində apardığı uğurlu siyasət nəticəsində ölkədaxili enerji təhlükəsizliyini yüksək səviyyədə təmin edib. Eləcə də, hazırda ölkəmiz xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini xarici ölkələrə ixrac edir. 1994-cü ildə Bakıda “Azəri”, “Çıraq”, “Günəşli”, yataqlarının işlənməsinə dair transmilli şirkətlərin iştirakı ilə bağlanmış “Əsrin müqaviləsi” ilə Ulu Öndər Heydər Əliyevin böyük səyləri nəticəsində uğurlu təməli qoyulan yeni neft strategiyası ilə ölkəmiz enerji sahəsində dinamik inkişaf etməyə başlayıb.

Azərbaycanın zəngin qaz ehtiyatlarına malik olması baxımından “Əsrin müqaviləsi”nin davamı olaraq 1996-cı ildə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağı üzrə imzalanan kontrakt böyük dəyərə malikdir. 2018-ci ildə Azərbaycanda “Cənub qaz dəhlizi”nin açılışı olub və “Şahdəniz” yatağının zəngin ehtiyatlarının Avropaya çatdırılması üçün böyük həcmli yeni dəhliz yaradılıb. Hazırda dünyanın enerji təhlükəsizliyində qaz amilinin nə qədər ciddi rol oynadığını nəzərə alsaq, “Cənub qaz dəhlizi”nin ölkəmiz üçün nə dərəcədə böyük əhəmiyyət daşıdığı daha aydın görünər. Artıq ölkəmiz “Cənub qaz dəhlizi” meqa enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən uzunluğu 3500 km olan boru kəmərləri sistemini qurub.  Dünyanın enerji təhlükəsizliyində qaz amilinin nə qədər ciddi rol oynadığını nəzərə alsaq, “Cənub qaz dəhlizi”nin ölkəmiz üçün nə dərəcədə böyük əhəmiyyət daşıdığı daha aydın görünər.

Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı var. Onun artıq ilkin hesablaması aparılıb, 157 qiqavat həcm yalnız Xəzər dənizindədir. Quruda isə bizim potensialımız çox böyükdür. Beynəlxalq investorlarla imzalanmış iki müqavilə növbəti bir il, ya da il yarım ərzində 500 meqavata yaxın “yaşıl enerji” əldə etməyə imkan verəcək. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında bildirib.

Dövlətimizin başçısı deyib: “Ümumilikdə saziş və memorandumları nəzərə alsaq, biz artıq 25 qiqavatlıq sazişlər imzalamışıq. Əlbəttə, anlaşma memorandumu imzalamaq o demək deyil ki, o, dərhal reallaşacaq və müqavilə olacaq. Ancaq biz elə şirkətlərlə anlaşma memorandumları imzalamışıq ki, onlar bərpaolunan enerji sahəsində qlobal liderlərdir. Ona görə də bunların real müqaviləyə çevrilməsi ehtimalı olduqca yüksəkdir”.

Bərpaolunan enerji ilə bağlı şirkətlər Azərbaycana böyük maraq göstərirlər. İllər keçdikcə bu şirkətlərin sayı artacaq. Ötən ilin dekabr ayında Buxarest şəhərində yaşıl enerjiyə dair mühüm tədbir keçirildi. Azərbaycan, Gürcüstan Macarıstan, Rumıniya bir araya gəldi və Avropa Komissiyasının Prezidenti də həmin tədbirdə iştirak etdi. Orada yaşıl enerjiyə və transmissiyaya dair müvafiq sənəd imzalandı. Bu layihə daha çox ölkələr və şirkətlər cəlb edəcəkdir. Bu layihə çərçivəsində ən azı 4 qiqavat “yaşıl enerji”ni Avropaya nəql edə biləcəyik. Bu xəttin gücü 4 qiqavatdır. Hazırda texniki-iqtisadi əsaslandırma işləri aparılır. “Masdar”la imzalanmış razılaşma külək və günəş enerjisi hasilatını 2027-ci ilədək 4 qiqavat və 2037-ci ilədək 6 qiqavat artıracaq. “FortescueFutureIndustries”lə imzalanmış Anlaşma Memorandumuna əsasən 12 qiqavatadək hasilat üçün Azərbaycana investisiya yatırılacaq.

Azərbaycan bir çoxlarının iddia etdiyi kimi, yalnız neftdən asılı olan iqtisadiyyat yaratmayıb. İllərlə reallaşdırılan proqramlar imkan verir ki, neftin ucuzlaşması mərhələsində belə ölkədə gəlir gətirən özəl sektor fəaliyyət göstərsin. Bunun sayəsində Azərbaycan bu dəfə də çox az itki ilə yeni inkişaf səviyyəsinə yüksələ biləcək. Bizcə, Sərgilərin iştirakçıları üçün ən maraqlı olan məhz bu məqam olub. Prezident İlham Əliyevin nitqi ilə bağlı öz fikirlərini ifadə edənlərin söylədikləri belə bir nəticə çıxarmağa əsas verir.