“Bəlkə eşidən olar...” Xocalı soyqırımı
Kəmalə Məmmədova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 270 nömrəli tam orta məktəbin direktor vəzifəsini əvəz edən
Düzünü deyim ki, bu Xocalı haqqında ilk yazım deyil. Məlum qətliam baş verəndən sonra bir neçə yazı yazmışam. Həmin yazılarda, "bəlkə eşidən olar" - deyə səsimi ucaltmağa çalışmışam. Eyni zamanda çalışmışam ki, faciəni bilavasitə yaşayan insanların dərdinə şərik olam. Amma bir neçə yazıdan sonra anladım ki, artıq insanlar təskinlik eşitməkdən yorulublar. Onlara yalnız qələbə və intiqam lazımdır. Hətta iş o yerə çatmışdı ki, ümidləri getdikcə azalan adamlar bu kimi sözlərə qulaq asmaq belə istəmirlər.
Şükürlər olsun ki, onların və hamımızın gözlədiyi gün gəldi! Bu böyük qələbə günü idi. Bu, həmin böyük qələbədən sonra qələmə aldığım ilk yazıdır və yaza - yaza düşünürəm ki, qələbə əhval – ruhiyyəli yazılar yazmaq necə də xoşdur! Amma qələbə qazanılıbsa o demək deyil ki, hər şey bitdi. Yox! Biz Xocalı faciəsinin günahsız qurbanlarını və o qətliamı törədən düşmənin vəhşiliyinin heç bir vaxt unutmayacağıq. Düşmənin qansızlığını misallarla göstərək. Hətta vəhşiliyi ilə ad çıxarmış faşist Almaniyası tutduğu ərazilərdə bütöv kəndlər öz dinc sakinləri ilə qalıbdır.
Doğrudur, tutulan ərazilərdəki insanların əməyi istismar olunurdu. Lap elə bu günümüzdəki müharibəni götürək: Rusiya tutduğu Ukrayna ərazisində insanlar yaşamaqda, işləməkdədirlər. Amma ermənilər tutduqları ərazilərdəki bütün insanları ya qətlə yetirdilər, ya da günahsız insanlar zor-güc canlarını götürüb qaçdılar. Qansız düşmən o yerlərin əzəli sakinlərinin nə vaxtsa oraya qayıtmalarını mümkünsüz edib, daşı daş üstündə qoymadı.
İrəlidə biz faşist Almaniyanın adını çəkdik. Almaniyanın törətdiyi ən müdhiş faciələrdən biri Xatın faciəsidir. Məlum olduğu kimi, həmin kənd yandırılmış, bütün əhalisi qətlə yetirilmişdi. Erməni qatilləri isə Azərbaycanda neçə-neçə kəndi, yaşayış məskənini bu hala saldılar ki, onlardan da biri Xocalıdır. Amma Xatın faciəsi az qala dünya dövlətlərinin bütün tarix dərsliklərinə salındığı halda, Xocalı faciəsinin adı gələndə həmin dünyanın qulaqları kar olurdu. Şükürlər olsun ki, biz öz haqqımızı öz süngümüzlə aldıq – Azərbaycan ordusu öz Ali Baş Komandanının rəhbərliyi ilə düşmənin belini qırdı.
İndi bizim qarşıda duran vəzifəmiz Xocalı faciəsinin bir daha təkrarlanmaması üçün çalışmaqdır. Yəni, biz həmin faciəyə aparan yolları araşdırmalı və birdəfəlik bağlamalıyıq. Möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü və uğurla həyata keçirdiyi siyasətin də məğzini bu təşkil edir.