Prezident İlham Əliyev müsahibəsində bildirib ki. “30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Biz çox möhkəm siyasi platforma qurmuşuq. İndi isə biz bunun üzərində iqtisadi əməkdaşlığımızı qururuq. Bugünkü vəziyyətdə bu çox mühümdür, çünki yeni çağırışlar, yeni problemlər və yeni imkanlar var. Biz daha çox Çin şirkətini Azərbaycanda görməyə ümid edirik. Onlardan bəziləri müxtəlif sahələrdə artıq kifayət qədər fəaldır. Biz Orta Dəhlizlə bağlı Sədr Si Cinpinin təşəbbüslərini tam dəstəkləyirik. Azərbaycanda biz artıq öz ev tapşırığımızı yerinə yetirmişik. Biz nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini qurmuşuq. Həmçinin biz enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edirik. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir. Beləliklə bizim həqiqətən də çoxşaxəli münasibətlərimiz var”.
Cənab Prezident İlham Əliyev çıxışında Azərbaycanda investisiya mühitinin çox müsbət olduğunu, ölkəmizə qoyulan sərmayələrin əksəriyyətinin neft və qaz sektoruna yönəldiyini bildirərək, demişdir ki, “Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsindəyik. Ümid edirik ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcək. Əlbəttə ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır. Biz, sadəcə, müvafiq şəkildə siyasətimizi planlaşdıraraq strukturlaşdırmalıyıq və xarici investorlar üçün hətta bundan da yaxşı şərait yaratmalıyıq.”
Ölkə baçısı cənab İlham Əliyev “Bir kəmər, bir yol” təşəbbüsünün vaxtında irəli sürülmüş müdrik bir təşəbbüs olduğunu, son 10 il ərzində Xəzər dənizində ən böyük ticarət limanlarından birinin, bəlkə də ən böyüyünün inşa edildiyini, yükaşırma qabiliyyətinin 15 milyon ton olduğunu və 25 milyon tona qədər artıracağını, Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunun inşa edildiyini də söyləmişdir. İlham Əliyev bildirmişdir ki, indi isə biz Şimal-Qərb marşrutu haqqında da danışırıq. Bu, uğurla inkişaf edən qlobal layihədir. Marşrut üzərində yerləşən bütün ölkələr artıq bunun faydasını görürlər. Əlbəttə ki, nəqliyyat layihələrinə necə münasibət göstərməsi ölkələrin strategiyasından asılıdır. Bizim üçün bu, iqtisadiyyatımızı şaxələndirmək və neft-qaz gəlirlərindən asılılığımızı azaltmaq üçün əsas amillərdən biri idi. Deyə bilərəm ki, ötən il Azərbaycan ərazisindən tranzit daşımalar 75 faiz artıb. Bu, təkcə infrastruktura görə yox, lazımi idarəetməyə görə artmışdır.
Görülmüş tədbirlər bizə yükdaşımanı sürətləndirməyə, bürokratik əngəlləri aradan qaldırmağa və bunu fiziki olaraq cəlbedici etməyə imkan verir. Həmçinin tarif siyasəti də mühüm məsələdir. Çünki burada bir çox ölkələrin səylərinin birləşdirilməsi lazımdır ki, bizim razılaşdırılmış tarif siyasətimiz mövcud olsun və heç bir ölkə süni şəkildə öz mənfəətini artırmağa çalışmasın. Biz müştərək faydanı görməyi öyrənməliyik. Ərazimizdən nə qədər çox yük keçərsə, bizim bundan bir o qədər çox faydamız olar, bir o qədər də çox iş yerlərimiz olar. Çinin artıq yeni bir dəmir yolu layihəsinin təşəbbüsü ilə çıxış etdiyini və onu artıq başladığını bilirəm - Çin-Qırğızıstan-Özbəkistan. Bu layihə də bizə, Xəzər dənizinə istiqamətlənib. Bu, çox vacib əlavə təchizat marşrutudur. Orta Dəhlizin parlaq gələcəyi var”.
Prezident cənab İlham Əliyev 44 günlük Vətən müharibəsindəki Qələbəmizdən söhbət açarkən, işğal altındakı ərazilərin 2 il əvvəl azad edilməsini, bunun ən mühüm tarixi nailiyyət olduğunu da diqqətə çatdırmışdı. Prezident cənab İlham Əliyev Qoşulmama Hərəkatı haqqında da danışarkən, demişdir ki, “Azərbaycan artıq dördüncü ildir ki, Qoşulmama Hərəkatına sədrlik edir. Biz yekdilliklə seçilmişik və bizim sədrliyimiz yekdilliklə daha bir il müddətinə, bu ilin sonuna kimi uzadılıb. Bu müddət ərzində biz həqiqətən də nümayiş etdirdik ki, bu hərəkatın səsinin eşidilməyini istəyirik, biz bu hərəkatın dünya arenasında öz yerini tutmağını istəyirik. Çünki böyük güclər arasında qütbləşmə açıq-aşkardır. Böyük güclərin maraqları arasındakı uçurum ola bilsin ki, kiçilməyəcək. Ona görə də faktiki olaraq alternativ kimi yaradılmış, lakin sonradan müəyyən mənada potensialını itirmiş Qoşulmama Hərəkatının böyük potensialı var, çünki ölkələrin bu və ya digər dərəcədə eyni keçmişləri var, eyni problemləri var. Onların əksəriyyəti müstəmləkə olub və onlar başqalarının əsarəti altında yaşamağın nə demək olduğunu bilirlər. Biz pandemiya dövründə 80-dən artıq ölkəyə tibbi, humanitar və maliyyə dəstəyi göstərmişik. Biz bunu könüllü olaraq, hər hansı təmənna güdmədən etdik. Biz, sadəcə, hesab etdik ki, bizim belə imkanımız varsa, bunu etməliyik. 1990-cı illərin əvvəllərində elə dönəm var idi ki, ölkəmizin köməyə ehtiyacı olub. O zaman ölkəmiz yoxsul idi və bir çox sosial problemlərlə üzləşmişdi. Yəni, biz kasıblığın nə olduğunu yaxşı bildiyimiz üçün kömək əlimizi uzatdıq. Bu ideologiya üstünlük təşkil etsə, dünya daha təhlükəsiz olar”.
Daha sonra Cənab İlham Əliyev müsahibəsində “Çin dünyada ən çox uğur qazanmış ölkələrdəndir və dünyanın aparıcı iqtisadiyyatlarındandır. Siz buna öz əməyiniz, xalqınızın və ölkə rəhbərliyinin müdrikliyi və nəticəyönümlü səyləriniz sayəsində nail olmusunuz” demişdir.