Şəms Həşimova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 208 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Macarıstana işgüzar səfəri çərçivəsində verdiyi bəyanatlar iki ölkə arasında strateji tərəfdaşlıq və dərin dostluq münasibətlərini bir daha nümayiş etdirdi. Bu səfər zamanı keçirilmiş görüşlərdə və mətbuata bəyanatda qeyd olundu ki, Azərbaycan və Macarıstan bir çox məsələlərdə ortaq mövqelərə malikdir, bu da ikitərəfli münasibətlərin davamlı inkişafı üçün möhkəm zəmin yaradır.
Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan və Macarıstanı birləşdirən mühüm oxşarlıqlar mövcuddur. Hər iki ölkənin əhalisinin və ərazisinin miqyası, dənizə birbaşa çıxışın olmaması və müharibə aparan ölkələrlə həmsərhəd olmaları bu ölkələr arasında təbii bir anlaşma yaradıb. Bu ortaq xüsusiyyətlər fonunda yaranan əməkdaşlıq, siyasi və iqtisadi sahələrdəki tərəfdaşlığın səmərəliliyini daha da artırır.
Bəyanatda həmçinin İkinci Qarabağ müharibəsinə toxunulub və vurğulanıb ki, bu müharibə Azərbaycan tərəfindən beynəlxalq hüquq çərçivəsində, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən aparılmış və nəticədə ölkənin ərazi bütövlüyü bərpa olunmuşdur. Azərbaycan təkcə hərbi yox, diplomatik müstəvidə də təşəbbüskar olaraq sülh müqaviləsinin əsas müəllifi olmuş və bu təkliflər bu gün Ermənistan tərəfindən qəbul edilmişdir. Lakin hələ də Ermənistan konstitusiyasındakı ərazi iddiaları və ATƏT-in Minsk qrupunun formal ləğvi məsələləri həll olunmamış qalır.
Energetika sahəsində əməkdaşlıq da diqqətəlayiqdir. Azərbaycan artıq Macarıstana təbii qaz ixrac edir və Macarıstan şirkətləri ölkəmizin iri enerji layihələrində - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”də pay sahibidirlər. Eyni zamanda, yaşıl enerji sahəsində əməkdaşlıq genişlənir və növbəti illərdə bu sahədə böyük həcmli layihələr həyata keçiriləcəkdir.
Prezident İlham Əliyev Macarıstanın müstəqil xarici siyasətini yüksək qiymətləndirərək, xüsusilə Avropa İttifaqı daxilində milli maraqları önə çəkmək bacarığını “qəhrəmanlıq və siyasi iradə” nümunəsi kimi dəyərləndirdi. Macarıstanın Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal iştirakı və Şuşadan sonra qeyri-rəsmi Zirvə görüşünün Budapeştdə keçirilməsi bu ölkənin türk dünyası ilə əlaqələrə verdiyi əhəmiyyəti göstərir.
Səfər bir daha sübut etdi ki, Azərbaycan və Macarıstan arasında münasibətlər yalnız keçmişə və oxşarlığa deyil, həm də gələcəyə yönəlmiş ortaq maraqlar və etimada əsaslanır.