Arzu Hüseynova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 146 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2025-ci il mayın 7-də Vyetnam Sosialist Respublikası
Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi cənab To Lam ilə keçirilən rəsmi görüşdən sonra mətbuata verdiyi bəyanatda Azərbaycan–Vyetnam münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini və əməkdaşlığın strateji xarakter aldığını bəyan etmişdir.
Prezident İlham Əliyev görüş zamanı qeyd etmişdir ki, Azərbaycan ilə Vyetnam arasında münasibətlər qarşılıqlı hörmətə, dostluğa və etimada əsaslanır. Dövlət başçısı vurğulamışdır ki, Vyetnam Respublikasının Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə davamlı olaraq göstərdiyi prinsipial dəstək yüksək qiymətləndirilir və bu, ikitərəfli əlaqələrin möhkəm təməlini təşkil edir.
Görüş zamanı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılmış, əməkdaşlığın müxtəlif sahələr üzrə dərinləşdirilməsi istiqamətində konkret addımlar razılaşdırılmışdır. Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan və Vyetnam arasında siyasi dialoq yüksək səviyyədə inkişaf edir və bu, tərəflər arasında bütün sahələr üzrə qarşılıqlı anlaşma və etimadın formalaşmasına şərait yaradır.
Azərbaycan Prezidenti bəyan etmişdir ki, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi üçün geniş potensial mövcuddur. Xüsusilə enerji sektoru, nəqliyyat-logistika imkanları və kənd təsərrüfatı sahəsində birgə layihələrin həyata keçirilməsi diqqət mərkəzindədir. Azərbaycanın neft-qaz sahəsində zəngin təcrübəyə malik olduğunu bildirən cənab Prezident, bu sahədə əməkdaşlıq üçün Vyetnamla səmərəli tərəfdaşlıq platformasının mövcud olduğunu qeyd etmişdir.
Tərəflər arasında mədəniyyət, təhsil və elmi əlaqələrin inkişaf etdirilməsi də əsas müzakirə mövzularından biri olmuşdur. Prezident İlham Əliyev bu sahədə əməkdaşlığın genişləndirilməsinin xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmlənməsinə xidmət edəcəyini bəyan etmişdir. Tələbə mübadiləsi proqramlarının genişləndirilməsi, mədəniyyət günlərinin təşkili və elmi əməkdaşlığın gücləndirilməsi məqsədilə addımlar atılacağı bildirilmişdir. Azərbaycan Prezidenti vurğulamışdır ki, iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı davam etdirəcək və qarşılıqlı dəstək prinsiplərinə sadiq qalacaqdır. BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda nümayiş etdirilən həmrəylik iki ölkənin ortaq dəyərlərə və məqsədlərə sadiqliyini əks etdirir.
Prezident İlham Əliyev qeyd etmişdir ki, cənab To Lamın bu səfəri Azərbaycan–Vyetnam münasibətlərində yeni səhifə açır və gələcək əməkdaşlıq üçün möhkəm təməl yaradır. Hər iki tərəf əməkdaşlığın qarşılıqlı maraq əsasında genişləndirilməsinə və dərinləşdirilməsinə dair siyasi iradə nümayiş etdirmişdir. Cənab Prezidentin bəyanatı sübut edir ki, Azərbaycan və Vyetnam arasında əlaqələr təkcə bugünkü əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda gələcək üçün strateji tərəfdaşlıq istiqamətində inkişaf edir. Bu səfər, ölkələrimiz arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin daha da güclənməsinə əhəmiyyətli töhfə verəcəkdir.