AZƏRBAYCAN–KAMBOCA MÜNASİBƏTLƏRİ: ƏMƏKDAŞLIĞIN YENİ PERSPEKTİVLƏRİ
Gülşən Yusubova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 30 saylı ambulatoriyanın baş həkimi
Bu gün Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında münasibətlərin inkişafından, ölkələrimizi birləşdirən qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərindən danışmaq istərdim. Kambocanın Baş naziri Hun Manetin Azərbaycana səfəri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mətbuata bəyanatı ikitərəfli əlaqələrin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır.
Müasir Azərbaycanın xarici siyasətinin təməlində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi müstəqillik, dövlətçilik və milli maraqlara söykənən strateji xətt dayanır. Bu siyasi irs Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə davam etdirilir. Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsi də bu davamlı siyasətin nəticəsidir.
Prezident cənab İlham Əliyevin bəyanatında vurğulandığı kimi, Azərbaycan və Kamboca beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir, parlamentlərarası əlaqələrdə həmrəylik nümayiş etdirirlər. Ticarət və sərmayə qoyuluşu sahələrində yeni imkanların araşdırılması isə münasibətlərin praktik nəticələrlə zənginləşməsi üçün mühüm istiqamətdir.
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın “ASAN xidmət” modeli Kambocada da maraq doğurur. Bu, ölkəmizin dövlət xidmətləri sahəsində qazandığı təcrübənin beynəlxalq əhəmiyyətini göstərir. Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəni irsin qorunması, humanitar dəyərlərin təşviqi və xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində fəaliyyəti Azərbaycanın dünyaya açıq, dialoqa önəm verən simasının formalaşmasına mühüm töhfə verir.
İki ölkəni yaxınlaşdıran məsələlərdən biri də mina problemidir. Bu sahədə təcrübə mübadiləsi insan təhlükəsizliyi və dayanıqlı inkişaf baxımından xüsusi əhəmiyyət kəsb edir. Ölkələrimiz arasında humanitar əlaqələrin tarixi də var: hələ sovet dövründə yüzlərlə kambocalı tələbə Azərbaycanda təhsil almışdır.
Əminik ki, Azərbaycan–Kamboca əməkdaşlığının inkişafı qarşılıqlı etimada, suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq hüququn prinsiplərinə hörmət əsasında davam edəcək, xalqlarımız üçün yeni imkanlar yaradacaqdır.