Azərbaycanın SPECA-da təmsil olunan ölkələr ilə əməkdaşlığa marağı böyükdür

Azərbaycanın SPECA-da təmsil olunan ölkələr ilə əməkdaşlığa marağı böyükdür
Yunis Əsgərli
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı RİHB-nın Əmircan QİƏD üzrə nümayəndəsinin müavini
Azərbaycan hər zaman müstəqil xarici siyasət kursuna sadiqlik göstərib. Bu strategiya beynəlxalq miqyasda ölkəmizə inam və etibar qazandırıb. Dövlətimiz istər ulu öndər Heydər Əliyevin, istərsə də Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi dövründə proqrammatik, uzaqgörən, ardıcıl və rasional siyasət kursu həyata keçirib. Ölkəmiz bu siyasət nəticəsində dünya birliyinin tamhüquqlu üzvü kimi özünü təsdiqləyib.
Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilib. Bu Sammitdə Proqramın üzvü olan ölkələrin prezidentləri və digər yüksək səviyyəli rəsmi nümayəndələr iştirak ediblər. Proqramın əhatə etdiyi ölkələrin siyahısına və coğrafi mövqeyinə nəzər salsaq görərik ki, Azərbaycan son illərdə proqramın əhatə etdiyi ölkələrlə əməkdaşlığa xüsusi əhəmiyyət verir. Azərbaycan və Mərkəzi Asiya ölkələrini xalqımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarasl əlaqələrin möhkəm bünövrəsini təşkil edir.
Bu gün Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir. Bu əməkdaşlıq xarici siyasətimizin başlıca prioritet istiqamətlərindəndir. SPECA-nın Bakıdakı Zirvə görüşü də bu istiqamətdə növbəti uğurlu addımdır. ​Prezidentimiz cənab İlham Əliyevin xüsusi təşəbbüsü və fəallığı ilə həyata keçirilən siyasət nəticəsində indi Azərbaycan və Mərkəzi Asiya dünya miqyasında vahid tarixi-mədəni, coğrafi region kimi çıxış edir. Həyata keçirilən ikitərəfli, həmçinin çoxtərəfli əməkdaşlıq formatlarında Azərbaycan və Mərkəzi Asiya ölkələri bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini həmişə dəstəkləyib. Ötən dövrə nəzər salsaq görərik ki, son iki ildə Prezidentimiz cənab İlham Əliyev Mərkəzi Asiya dövlətlərinə çoxlu səfərlər edib. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin bir neçə dəfə artdığının şahidi oluruq.
​Mərkəzi Asiya ölkələri və Azərbaycan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik vahid tarixi-mədəni və coğrafi regiondur. Son dövrlər dövlət başçılarının qarşılıqlı səfərləri ölkələr arasında iqtisadi əməkdaşlığın ikitərəfli formatda inkişafını təşkil edir. Eyni zamanda regionun beynəlxalq arenada artmaqda olan nüfuzu ölkəmizin sıx əməkdaşlığını şərtləndirir. Bu baxımdan SPECA çərçivəsində fəaliyyəti çoxtərəfli əməkdaşlığın inkişafı üçün münbit zəmin yaradır.