Azərbaycanın Qlobal Enerji Strategiyası: İqtisadi Dayanıqlılıq və Strateji Nailiyyətlər

Azərbaycanın Qlobal Enerji Strategiyası: İqtisadi Dayanıqlılıq və Strateji Nailiyyətlər

Elnarə Məmmədova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu, 97 nömrəli tam orta ümümtəhsil məktəbinin direktoru

Müasir Azərbaycanın enerji inkişafının bünövrəsi 1994-cü ildə qoyulmuşdur. Bu tarixi yolun əsas təməl daşlarından biri olan Xəzər Neft və Qaz Sərgisi ölkəmizin enerji potensialının dünyaya tanıdılmasında müstəsna rol oynamışdır. Həmin uğurlu strategiyanın davamı olaraq, bu gün “Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən birinə çevrilmişdir. Hazırda dünyada faydalı qazıntı olmadan yaşamağın qeyri-mümkün olduğu bir reallıqdır. Qlobal enerji səhnəsində baş verən müsbət meyillərin ölkəmiz və xalqımız tərəfindən hiss olunması Prezident cənab İlham Əliyevin müdrik və praqmatik siyasəti sayəsində mümkün olmuşdur.

Bu kontekstdə Azərbaycanın həyata keçirdiyi enerji təhlükəsizliyi siyasəti regional və qlobal miqyasda həlledici xarakter daşıyır. Artıq bir sıra irimiqyaslı layihələrimiz uğurla istismar mərhələsindədir. Cənub Qaz Dəhlizi və onun genişləndirilmiş marşrutları vasitəsilə Azərbaycan qazı hazırda 16 ölkəyə çatdırılır ki, bu dövlətlərdən 10-u Avropa İttifaqına üzv olan ölkələrdir.

Ən əsası odur ki, mövcud qaz ehtiyatlarımız olduqca zəngindir və bu resurslar ən azı növbəti yüz il ərzində həm ölkəmizin, həm də tərəfdaşlarımızın tələbatını tam ödəməyə kifayət edəcəkdir. Şaxələndirmə strategiyamız tək qaz ixracı ilə bitmir; bu gün biz tərəfdaşlarımızla gələcəyin enerjisini daşıyacaq enerji kabeli layihələri üzrə də sıx əməkdaşlıq edirik.

Enerji sektorundakı bu uğurlar Azərbaycanın ümumi iqtisadi mənzərəsinə birbaşa və çox müsbət təsir göstərir. Ölkəmiz xammal ixracatçısı olmaqla bərabər, daxili emal sənayesində də yüksək dərəcədə şaxələndirilmiş imkanlar yaratmışdır. Həyata keçirilən düzgün iqtisadi siyasət nəticəsində bu gün maliyyə müstəqilliyimiz tam təmin olunub – mövcud ehtiyatlarımız xarici borcumuzu 18 dəfədən çox üstələyir. Paralel olaraq, Şərq-Qərb dəhlizi uğurla fəaliyyət göstərir və biz bu infrastruktur vasitəsilə Xəzər dənizinin şərq sahillərində yerləşən dost və tərəfdaşlarımız üçün mühüm tranzit imkanları təqdim edirik.

Nəticə etibarilə, iqtisadi və enerji sahəsində qazanılan bu güclü müstəqillik Azərbaycanın suverenliyinin bərpasında mühüm rol oynamışdır. Məhz bu güclü iqtisadi zəmin sayəsində biz 30 il ərzində işğal altında qalmış torpaqlarımızı azad edən qüdrətli bir ordu qurduq. Bu gün Azərbaycan həm hərbi, həm iqtisadi, həm də qlobal enerji təhlükəsizliyi baxımından regionun ən sabit və dayanıqlı dövlətidir.